Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Döyüşən əsgərin balası: “Heç nə istəmirəm, bircə atam sağ gəlsin” - Fotolar
Döyüşən əsgərin balası: “Heç nə istəmirəm, bircə atam sağ gəlsin” - Fotolar

“Əsgər anaları ilə görüş” silsilə yazımın qəhrəmanları əri, oğlu Qarabağda döyüşlərdə olan qadınlardır. Ön söz yazmaq istəmirəm. Ruhlarını danışıqlarından özünüz anlayın istəyirəm.

İlk qəhrəmanım Alyona Əliyevadır. Milliyətcə rusdur, həyat yoldaşı azərbaycanlı olub.Çoxdan rəhmətə gedib. Oğlu Zaur Alyona xanımın tək dayağıdır.Döyüşə könüllü qatılanlardandır. Hazırda cəbhənin ən qaynar nöqtəsindədir. Füzulinin işğaldan azad olunması əməliyyatında iştirak edib.

Alyona Əliyeva Alyona Əliyeva

Döyüşlərə qatılmazdan öncə Zaur dolanışığını maşın yumaqla çıxarıb, “moyka”da işləyib. Anası da evdə maraqlı əl şləyir hazırlayıb satır, armudu stəkanlara, şüşə qablara Azərbaycanın milli ormanentləri ilə naxış düzür, əl işləri də Alyona xanım qədər gözəldir, həlimdir. Bizi görüncə göz yaşlarını saxlaya bilmir.

Alyona Əliyevanın əl işləri Alyona Əliyevanın əl işləri

“Tək istəyim Zaur salamat gəlsin. Burda dostları o gedəndən əl tuturlar, tək qoymurlar məni. Döyüşlərin qaynar yerindədir. Hərdən zəng edir, bir kəlmə sağ salamatam, qorxma deyir. Elə bilirəm dünyanı mənə verirlər.

Zaur elə yaxşı oğuldur, elə gözəl insandır, mən belə oğlum olduğu üçün fəxr edirəm. Biz milliyətcə rusuq, amma vətənimiz , torpağımız buradır, azərbaycanlı olmaqdan qürur duyuruq. Tez bitsin müharibə, hamının oğlu, əri geri qayıtsın, sevinək. Tək istəyim budur. Bütün gün ancaq bunu dua edirəm”.

Nazilə Muradova oğlu Murad Murardovun yolunu gözləyir.

Nazilə Muradova Nazilə Muradova

Oğlu Murad həqiqi hərbi xidmətdədir. 20 yaşı var. Deyir il yarımdır üzünü görmürəm. Nazilə Muradova xəstəxanada xadimə işləyir. Əri yataq xəstəsidir. Murad evin həm oğlu, həm dayağı olub. Anası həsrətlə yolunu gözləyir. Bu dünyada tək istəyi balasını bağrına basıb, saçlarının qoxusunu hiss etməkdir.

Abdullayeva Törə. Kasıb bir ailənin övladıdır igid oğlu İskəndər. Dolanmaq üçün qoğal bişirib satır Törə ana. Belə böyüdüb yalqız ana balasını. Yeganə övladını, ümidini, dayağını vətəni qorumaq üçün göndərib. Heç nə deyə bilmir, əlləri ilə üzünü örtür ki, kimsə göz yaşlarını görməsin: “ Balam gəlsin. Hamının balası gəlsin. Dünyanı versələr ,bir balamın yerini verməz. Heç nədə gözüm yoxdur. Oğlum salamat gəlsin yetər.”

Abdullayeva Törə Abdullayeva Törə

23 yaşı var oğlumun. Çağırdılar getdi, 3 gün idi sürücü işləməyə başlamışdı.Allahın nəzəri üstündə olsun”.

Törə xanımdan ayrılanda qürub çağıydı. Batan günəşin şüaları yanağındakı bir damla yaşda əks olunub, göz yaşı ulduz kimi parlayır. Heç nə deyə bilmirəm. Ürəyim sızıldayır. Tək diləyim, balası gəlsin, üzü sevinclə parlasın, dünyaya onu bağlayan tək varlığını qucaqlaya bilsin, bu məhzun ana.

Daha bir ana, Mətanət Mahmudlu da yeganə oğlu barədə qrurula sevgiylə danışır.”Mən onu tək böyütmüşəm. Ağlı kəsəndən özünü məni qorumağa həsr etdi. İşlədi. Evə baxdı.İki dəfə əsgərə çağırdılar, getmədi, qaçdı. Üçüncü dəfə əsgər aparanda demişdi ki, mən anamın tək dayağıyam, evin işləyəni mənəm. Mən getsəm o nə olacaq? Bu sözündən sonra sağ olsunlar, hərbi hissədə işə götürdülər məni, oğlum da əsgər getdi. Komandiri dedi ki, anasını sevməyən, qorumayan oğul vətəni də sevməz. Düz edib. Bir ildir gedib. Döyüşlərə girib. Bircə bunu bilirəm. Sağ salamat gəlsin, bütün analar sevinsin, mən də sevinim”.

Balaca, demək olar ki, boş deyiləcək qədər kasıb evində balaca oğlu ilə əsgər balası Balababanın yolunu gözləyən daha bir ana Əliyeva Gülzadədir.

Əliyev Ramazan, Əliyeva Gülzadə Əliyev Ramazan, Əliyeva Gülzadə

Tərtər rayonundandır. Fatmayi kəndinə ərə gəlib. Əri rəhmətə gedəndən sonra iki balası onun ümidinə qalıb. Deyir uşaqlarımı mərasim evlərində qab yuya-yuya böyütmüşəm. Ömrünün ağrısı, açısı gənc yaşında ağappaq olmuş saçlarına, cadar- cadar olmuş əllərinə hopub. Kövrəlib, heç nə danışa bilmir. Onun yerinə kiçik oğlu, şirin qaraca balası Ramazan danışır: “Qardaşıma da , bütün əsgərlərə də salam olsun. Qarabağ bizimdir!”.

Əliyev Ramazan Əliyev Ramazan

Daha bir ailə. Maxe Həşimov Əlinin ailəsidir. Əlinin 3 azyaşlı balası var. Bir oğlu, iki qızı. Əli 2 ay öncəyə qədər fəhlə işləyib, sonra hərbi hissədə xidmətə başlayıb. Ailəsi kirayədə çox imkansız vəziyyətdə yaşayır. Xanımı Elnurə deyir, tək dərdim o gəlsin çıxsın, balalarını başına toplasın, başqa istəyim yoxdur.Nə dövlətdən bir istəyini dilə gətirdi, nə də kimdənsə yardım istədiyini.

Maxe Həşimov Əlinin ailəsi Maxe Həşimov Əlinin ailəsi

Oğlu o qədər aydın zəkalı uşaqdır, təsəvvür edilməz dərəcədə. Sanki bu balaca 6 yaşlı uşağın içində müdrik bir kişi oturub.

“Atamın döyüşdə olmasından qürur duyuram. Böyük olsam, mən də gedərdim. Bizim əsgərlərimiz qoçaqdılar, bilirəm ki, udacaqlar. Bütün əsgərlərə salam deyirəm. Atama da deyirəm ki, anama da bacılarıma da yaxşı baxacam. Rahat olsun”.

Bayaqdan bizə matdım- matdım baxan balaca bacısı yaxınlaşır, asta səslə soruşur

- Sizi atam göndərib?

-Hə. Bu hədiyyələri də sənə atan göndərib. De görüm başqa nə istəyirsən? Gələndə gətirim sənə.

- Heç nə. Atama deyin özü gəlsin, başqa heç nə istəmirəm.

Bu vətəndə daha heç bir ana oğul, heç bir övlad ata həsrəti çəkməsin deyə, bu məkrli, alçaq niyyətli düşmənə zəfər çalmaqdan başqa yolumuz yoxdur. Ürəyimizdəki qubar yerimizə, Qarabağ yaramıza məlhəm oldu Azərbaycan əsgəri. Gəlişləri ilə, geri dönüşləri ilə də ailələrinə məlhəm olacaqlar. Hər dəqiqəni, hər saniyəni saya-saya əsgər yolu gözləyən anamız Azərbaycana.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »