Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM: İxtisas seçiminin sonuna 1 gün qalıb

Həftənin əvvəlində, sentyabrın 14-də aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsinə qeydiyyat elan edilib. DİM tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.

Bizimyol.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanlarda iştirak etmək istəyən namizədlərin qeydiyyatı sentyabrın 27-dək aparılacaq. İmtahanda iştirak etmək üçün hələlik 2 namizəd qeydiyyatdan keçib.

Sentyabrın 14-də ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi də başa çatıb.

İxtisas seçimində 10958 (Azərbaycan bölməsi -10745, rus bölməsi -213) abituriyent iştirak edib.

Müsabiqənin nəticələri növbəti gün elan olunub və DİM-in saytında yerləşdirilib.

Xatırladaq ki, bu il qəbul planı 9885 yer olub. Müsabiqənin nəticələrinə əsasən 9310 abituriyent (qəbulolma faizi 94.16-dır) kollecə qəbul olub.

Bunlardan 7771 nəfər xüsusi qabiliyyət tələb etməyən ixtisaslar, 1539 nəfər isə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul olunub.

Qəbul olunanların siyahısı sentyabrın 16-da “Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub. Jurnalda abituriyentlərin siyahısı ilə yanaşı, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Nəzərinizə çatdırırıq ki, qəbul olunanlar sentyabrın 25-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 19 sentyabr saat 10-a olan məlumata əsasən qəbul olunanların 20%-i qeydiyyatdan keçib.

Sentyabrın 15-də “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün sentyabrın 11-də keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb.

İmtahanda iştirak etmək hüququ qazanmış 962 abituriyentdən 239 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 648 nəfər “məqbul” qiymət alıb.

Sentyabrın 16-da isə 11-ci sinif şagirdləri üçün 10 sentyabr 2020-ci il tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələri də elan olunub.

Jurnalistika və buraxılış imtahanlarının nəticələri ilə əlaqədar apelyasiya komissiyasına müraciət etmək üçün onlayn yazılış aparılsa da, heç bir müraciət qeydə alınmayıb.

Bu həftə ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-lərinə qəbul üçün keçirilən qabiliyyət imtahanları yekunlaşıb.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-lərinə qəbul üçün 26 avqust tarixindən başlamış imtahanlarda 900-dən çox abituriyent iştirak edib. Onlardan 269 nəfər məqbul qiymət alıb və ərizələrində xüsusi qabiliyyət tələb edən ixtisasları göstərmək hüququ qazanıb.

I, III və V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq xüsusi qabiliyyət tələb edən ixtisasların qabiliyyət imtahanlarında iştirak etmək üçün 5327 abituriyent qeydiyyatdan keçib. Onlardan 1875 nəfər müvəffəqiyyət əldə edib və ixtisas seçiminə buraxılıb.

DİM sentyabrın 18-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. Nəticələr həmin gün elan olunub.

İmtahanda iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib.

Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 21-dən 25-dək aparılacaq.

Həftəsonu ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi da başa çatacaq. 19 sentyabr saat 10:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 16569, II ixtisas qrupu üzrə 11072, III ixtisas qrupu üzrə 16179, IV ixtisas qrupları üzrə isə 4077 elektron ərizə təsdiq olunub. V ixtisas qrupu üzrə isə 17914 ərizə təsdiq olunub.

2467 ərizə isə yadda saxlanılsa, da hələlik təsdiq edilməyib.

İxtisas seçiminin sonuna 1 gün vaxt qalıb və 20 sentyabr saat 23:59-dək davam edəcək.

Abituriyentlərin (subbakalavrların) nəzərinə bir daha çatdırırıq ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.

Bu həftə magistratura səviyyəsinə qəbul olunan bakalavrların da əmrləri də müvafiq ali təhsil müəssisələrinə göndərilib. Boş qalan yerlərə qəbul və qeydiyyat prosesi bitdikdən sonra ayrılmış 9753 plan yerindən 8301 (o

cümlədən 3078 DS əsasında) yer tutulub. Plan yerləri 85.11% dolub.

Son xəbərlər
Bütün xəbərlər »