Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyədən Rusiyaya ağır zərbə - Dəyənəyin bir başı da Azərbaycana dəydi

Bizimyol.info xəbər verir ki, Səudiyyə Ərəbistanının təklifini rədd etmək Rusiyaya baha başa gəlib.

Ərəb ölkəsi Rusiyaya təklif edib ki, hasilatı azaltmaqla qiyməti artırmaq tədbirlərinə qoşulsun. OPEK (neft ixrac edən ölkələrin təşkilatı) üzvləri hasilatı azaltmaq barədə razılığa gəlsələr də, Rusiyanın bu plana arxa çevirməsi ərəb krallığını acıqlandırıb. Kreml hasilatı azaltmaq barədə təklifi rədd edəndən sonra Səudiyyənin verdiyi açıqlama neft bazarını alt-üst edib.

Ərəb ölkəsi Rusiyanın cığallığına cavab olaraq bəyan edib ki, hasilatı nə qədər lazımdırsa, artıracaq və neft bazarını xammalla dolduracaq. Açıqlamanın ardından bir gündə neftin bir barrelinin qiyməti 30 faizdən də çox düşərək təxminən 33 dollar səviyyəsinə enib. Bir gün ərzində bu miqyasda qiymət enişi daha əvvəl yalnız 1991-ci ildə körfəz müharibəsi ərəfəsində baş vermişdi.

Rusiya iqtisadçılarının açıqlamalarına görə, bu vəziyyət davam edərsə, Rusiya ağır zərbə alacaq. Səudiyyənin açıqlamasından keçən bir gün ərzində Rusiya təxminən 150 milyon dollar itirib. Əgər Kreml OPEK-lə razılığa gələ bilməsə, itkilər milyardlarla dollara çatacaq və rublun devalvasiyası qaçılmaz olacaq. Proqnoza görə, təcili razılaşma olmasa, Rusiyada dollar 90-100 rubla qədər bahalaşa bilər.

Təəssüf ki, neft münaqişəsinin uzanması Azərbaycana da təsirsiz ötüşməyəcək. Ölkənin dollar gəlirlərinin neftdən asılı olması ölkədə dollar kütləsinin kəskin azalmasına səbəb olacaq. Belə olan halda manatın devalvasiyası qaçılmaz olacaq. Xatırladaq ki, 2014-cü ildə ilk devalvasiya da məhz neftin ucuzlaşması üzündən baş vermişdi. O vaxtdan bu yana hələ də Azərbaycanda ölkəyə dollar gətirə biləcək alternativ ixrac sahələri inkişaf etdirilməyib.

Son xəbərlər
Bütün xəbərlər »