Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şərtlər, keyfiyyətsiz ərzaq tibbi xərclər... Azərbaycan uzunömürlülüyə görə dünyada geridə qalır
Sosial şərtlər, keyfiyyətsiz ərzaq tibbi xərclər... Azərbaycan uzunömürlülüyə görə dünyada geridə qalır

Azərbaycanda 100 yaşa çatanların sayı 280 nəfərdir. Bunlardan 244-ü qadındır. Cəmi 36 kişi üçrəqəmli yaşı qeyd edə bilib. Siyahıda kişilərin sayının az olması heç təəccüblü deyil. Azərbaycanda bu cinsin nümayəndələrinin 48 faizə qədəri pensiya almadan həyatdan köçür. Statistika acınacaqlı vəziyyətdən xəbər verir. Hətta bu rəqəmlərin fonunda 36 kişinin 100 yaşa çatmasına heyrətlənmək olar.

Bizimyol.info xəbər verir ki, ümumilikdə Azərbaycanda yaşı 100 və ya artıq olanların sayı çox azdır. Əhalinin hər 100 min nəfərinə heç 3 nəfər düşmür. Belə aşağı göstərici dünyanın çox az ölkəsində qeydə alınır. Daha çox Afrika dövlətlərində uzunömürlülük nadir hadisələrdən hesab olunur.

Ümumi siyahıya nəzər salanda 2,1 nəfər göstərici ilə Hindistanın bizdən geri qaldığını görmək mümkündür. Əvəzində bizi xeyli təəccübləndirə biləcək ölkələrin adını görürük. Məsələn, Barbadosda əhalinin hər 100 min nəfərinə 39,9 uzunömürlü düşür. Rumıniyada 52, Tailandda 39,5, Cənubi Afrikada 30,1, Kambocada 20,2, Uruqvayda 15,8, Argentinada 15,5, Meksikada 14,5, Andorrada 10,2 göstəricisi diqqət çəkir. Heç də həsəd aparacağımız ölkələr deyil. Amma rəqəmlər bizdə vəziyyətin acınacaqlı olmasını bütün çılpaqlığı ilə ortaya qoyur.

Eyni zamanda, Azərbaycanda yaşı 100-ə çatanların sayında kəskin azalma var. Hələ 2010-cu illərin ortalarında bundan üç dəfə böyük göstərici müşahidə edilirdi.

Azərbaycanda insanlar çox yaşaya bilmir. Çünki sosial şərtlər ağırdır. Pensiya məbləği yaşlı adamların ərzaq xərclərini çətinliklə ödəyir. Özü də söhbət keyfiyyətsiz ərzaqdan gedərsə. Yaşlı insanlar istirahət imkanlarından məhrumdur. Tibb xərclərini daha çox övladlar üzərinə götürür. Bir sözlə, sosial dövlət anlayışı olmadığından, insanlar əziyyət çəkir.

Əhali arasında uzunömürlü adamların sayı o halda arta bilər ki, müxtəlif sosial proqramlar olsun, gerçəkdən işləsin. Yəni hökumətin real qayğısı hiss olunsun.

İstənilən zibilliyin qarşısında bir neçə saat gözləsəniz, xeyli yaşlı adamın yemək tapmaq üçün məişət tullantılarını axtardığını müşahidə edə bilərsiniz. Çox acınacaqlı mənzərədir. Azərbaycanda insanlar özünü güvənli hiss etmir. Gələcəkləri ilə bağlı narahatdırlar. “Acından ölmək” qorxusu həmişə var. Bu vəziyyətdə kimsə 65-70 yaşa çatırsa, böyük uğur hesab olunur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »