Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məni girov götürüb, pulu tələb edirdi”
Rüşvət və dələduzluqda təqsirləndirilən bağça müdiri və digərlərinin məhkəməsində zərərçəkənlər ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaq və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizimyol.info xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən zərərçəkmiş qismində Samirə Məmmədova ifadə verib.

O bildirib ki, təqsirləndirilən T.Bağırova ilə A.Əliyevaya işə düzəlmək üçün əvvəlcə 700 manat, T.Bağırovanın özünə isə ayrılıqda 1000 manat pul verib: "Yoldaşım Qarabağ əlilidir, onun pensiya kartı ilə pul götürüb, onlara vermişəm. Altı ay çalışdım, amma əməkhaqqımı vermədilər. Yalnız 300 manat pul ala bildim. Sonra digər maaşımı da istədim, lakin Aləmzər xanım üstümə qışqırdı".

T.Bağırova zərərçəkmişin ifadəsini təsdiqləyib. Daha sonra şahid Müşviq Cavadov dindirilib. O, həyat yoldaşını işə düzəltmək üçün T.Bağırova ilə A.Əliyevaya 2 min manat pul verdiyini söyləyib.

T.Bağırova isə qeyd edib ki, şahid M.Cavadov A.Əliyevanın tanışı olub, pulu da ona verib: "Kimdən pul almışam, boynuma da alıram".

Şahid qismində ifadə verən Reyhan Rəhmanova bildirib ki, A.Əliyevanı nəvəsini bağçaya qoyan zaman tanıyıb: "Orada onunla tanış oldum. Qızım ingilis dili müəlliməsi idi, həmin vaxt dekretə çıxmışdı. Onu bağçaya işə düzəltmək istədim, sonra Aləmzər xanımla danışdı və razılaşdıq. Əvvəl o və Tərlana 1000 manat pul verdim. Sonra kürəkənimi də bağçada sürücü və mühafizəçi kimi işə düzəltmək üçün 1000 manat pul verdim. Nəvəmin ikinci ayı üçün bağçaya 200 manat da pul istədilər və mən də verdim. Lakin sonradan bağçada aləm qarışdı. Aləmzəri tapa bilmədim, pulumu Tərlandan istədim. Tərlan mənə yalnız 1000 manatı qaytardı. Nəvəm üçün verdiyim 200 manat da daxil olmaqla 1200 manat pulumu ala bilmədim".

T.Bağırova şahidin dediklərini təsdiqləyib və bildirib ki, R.Rəhmanova bir neçə şəxslə birgə onu girov götürüb, pulunu tələb edib.

R.Rəhmanova isə "tutulmaqdan ki, yaxşı idi, tutulmadın və mən də pulumu tələb edirdim" söyləyib. O, qızının sənədlərinin yoxa çıxdığını vurğulayıb.

Təqsirləndirilən A.Əliyeva şahid R.Rəhmanovaya 1000 manat pul qaytardığını, onun qızının sənədlərini isə istintaq dövründə müstəntiqə verdiyini qeyd edib.

Hakim deyib ki, R.Rəhmanova təqsirləndirilən şəxsi girov götürməklə qanunsuz hərəkət edib.

Məhkəmənin növbəti iclası dekabrın 3-nə təyin edilib.

İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »