Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəzən göydən yağış yox, zəhər yağır... Səmaya göndərdiklərimiz turşu yağışları halında geri qayıdır    
İki gün öncə Aran rayonlarından birində yağışa düşdük. Maraqlıdır, ağ rəngli avtomobilin üzərinə düşən yağış damlaları narıncı–qəhvəyi rəngə çalırdı. 15 dəqiqə davam edən yağışdan sonra pəncərələrdən bayırı görmək mümkün deyildi, yağış yumaq, təmizləmək əvəzinə çirkləndirmişdi. Elə bu ətraf mühitə, atmosferə insanın texnoloji fəaliyyəti nəticəsində vurulan  zərbənin bariz  nümunəsi idi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorogiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan  aldığım məlumata görə, nazirlik Milli Peyk vasitəsilə ölkəmizdə baş verən hava proseslərini izləyir. Atmosferin yer səthinə yaxın olan qatlar üzrə hava cərəyanlarının cənub-qərb axını ilə toz hissələrinin Azərbaycana yönəldilməsi müşahidə olunub. Bunun nəticəsində çirkli yağışın yağması müşahidə olunub. Nazirliyin mütəxəssislərinin apardığı monitorinq nəticəsində müəyyən olunub ki, çirkli yağışlar qeydə alınan günlərdə  atmosferdə tozlanma normadan 1,5-2,5 dəfə çox olur.

Bu gün dünyada ən aktual məsələlərdən biri bəşər sivilizasiyasının və onu əhatə edən ətraf mühitin sabitliyinin təhlükə qarşısında qalması, iqtisadiyyatın sürətli inkişafı ilə ətraf mühitin mühafizəsinin uzlaşdırılmaması, mövcud ekosistemlərin dağılması təhlükəsinin artmasıdır. Atmosferin ozon qatının dağılması, qlobal istiləşmə, səhralaşma prosesinin getdikcə daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirklənməsi ilə əlaqədar müxtəlif xəstəliklərin geniş yayılması dünyanı narahat edən ciddi problemlərdir. Ətraf mühitin mühafizəsi Azərbaycanın da  daim diqqət mərkəzindədir və bu sahədə ciddi islahatlar həyata keçirilir. Bu gün Azərbaycan ətraf mühitin yaxşılaşdırılmasına dair bütün vacib beynəlxalq konvensiylara qoşulub, müntəzəm tədbirlər həyata keçirilir.Bununla belə atmosfer çirklənmələri, turşu yağışları, beynəlxalq sularımızın ekoloji çirklənməsi və.s kimi hadisələrdən sığortalanmamışıq.

Ekoloq Nailə Cəfərovanın bildirdiyinə görə, turşu yağışı- havanın çirklənməsindən əmələ gələn ən ciddi problemlərdən biridir: “Turşu yağışının mənbəyi turşu maddələridir. Bu maddələr elektrostansiyalarda, zavodlarda, metaləritmə peçlərində və nəqliyyaqtlarda yandırılan yanacaqlardan havaya qalxan tüstülərdir. Bu maddələr insan fəaliyyətinin nəticəsidir. Təbiətdə də turşu maddələrinin mənbəyi var. Bu maddələr təbiətdə ildırım çaxanda, vulkan püskürməsi və bakteriyaların həyat fəaliyyəti nəticəsində əmələ gəlir. Təbii mənbələrdən yaranmış turşuların ətraf mühitə təsiri azdır. İnsan fəaliyyətindən yaranmış turşu maddələrin təsiri təbiətə həddindən artıq ziyan vurur. Turşu maddələr necə zərər verir? Siz zavodların borularından havaya qalxan tüstüləri görmüsünüzmü? Onlar havaya toz, kül, karbon qazı, kükürd və kükürd qazı, azot oksidi kimi zəhərli maddələr yayır. Bu maddələr su ilə birləşdikdə xoşagəlməz və təhlükəli maye əmələ gəlir. Bu cür turşu tərkibli mayeni parça üzərinə damızdırsaq parçanı deşər. Ələ düşsə yandırar. Atmosferə qalxan karbon qazı, kükürd və azot oksidi havada buludlarla qarşılaşır. Buludun tərkibi su olduğundan onların birləşməsindən böyük bir turşu tərkibli bulud əmələ gəlir. Küləyin təsirindən zavoddan uzaqlaşan buludlar haradasa yağmağa başlayacaq. Insanlar bu yağışlardan gizlənə bilər. Bəs bitkilər və heyvanlar necə? Belə yağışların təsirindən meşə və meşə sakinləri məhv olur. Yağış suları çaylara, çaylar da göllərə, dənizlərə axır. Bunu nəticəsində suda yaşayan canlılar da məhv olur”,- deyə o bildirib.

Atmosferin nəmliyi onun tərkibindəki su buxarının miqdarı ilə müəyyən edilir. Yer atmosferində 12000...13000 km3 su buxarı vardır ki,bunun da təxminən 50%-i onun aşağı qatlarında (1,5...2,0km yüksəklikdə) cəmlənmişdir. Su buxarı atmoserə Yer səthindən buxarlanma və bitkilərin transpirasiyası nəticəsində daxil olur. Buxarlanma prosesi su molekullarının ilişmə qüvvəsinin dəf edərək su səthindən ayrılması və atmosferə keçməsi ilə bağlıdır. Buxarlanma səthinin temperaturu artdıqca buxarlanmanın intensivliyi də artır.

Ekoloq,  Bakı Dövlət Universitetinin müəllimi Azər Cəfərov isə qeyd edir ki, yağıntılar Yerdə su dövranının bir həlqəsi olmaqla, ayrı-ayrı ərazilərdə qeyri-bərabər paylanmışdır. Maksimal yağıntılar tropik meşə zonalarında (2000mm/il) düşür.Tropik səhralarda isə bu göstərici 0,18mm/il təşkil edir. Yağıntıların miqdarı 250mm/il-dən az olan ərazilər quraqlıq hesab olunur.

“Hər-hansı müəyyən temperaturda havanın su buxarı ilə doyma həddi var ki,buna da maksimal nəmlik deyilir.Mütləq nəmliyin maksimal nəmliyə olan nisbətinə nisbi nəmlik deyilir. Adətən havada maksimal nəmilk olmur.Maksimal nəmliklə mütləq nəmlik arasındakı fərq nəmlik qıtlığı adlandırılır.Nəmlik qıtlığı vacib ekoloji parametr olmaqla iki kəmiyyəti-temperatur və nəmliyi-eyni zamanda səciyyələndirir.Nəmlik qıtlığı yüksəldikcə quraqlıq da artır və əksinə. Kondensasiya su buxarının su damcısına çevrilməsi prosesidir. Bu proses atmosferdə 100%-ə yaxın nisbi nəmlik olduqda temperaturun aşağı düşməsi zamanı baş verir»,- deyə o qeyd edib.

Azərbaycanda 8 hava kütləsi daxil olur. Bunlardan Kontinental Arktik, dəniz Arktik, mülayim dəniz və tropik hava kütlələri Azərbaycanda iqlimin formalaşmasına təsir edən əsas hava kütlələridir.

1. Kontinental Arktik

2. Dəniz Arktik

3. Mülayim dəniz. Nəticədə temperatur aşağı düşür, güclü külək əsir, yağıntı düşür.

4. Mülayim kontinental

5. Cənub siklonları

6. Tropik hava kütlələri cənubdan Azərbaycana daxil olaraq qışda havanın quru və mülayim, yayda isə isti və quru keçməsinə səbəb olur.

7. Orta Asiya hava kütlələri. Xəzərdən keçib qışda havanı soyudur, yayda isə isidir. Yağıntı ancaq qışda düşür.

8. Yerli hava kütlələri əsasən Xəzər ilə Azərbaycanın sahil əraziləri arasındakı təzyiq fərqi nəticəsində yaranır.

Azərbaycanda yayda tropik, qışda isə mülayim (qismən isə Arktik) hava kütlələri hakim olduğundan Azərbaycanda il ərzində hava şəraiti əhəmiyyətli dərəcədə dəyişir. Azərbaycanın iqliminin formalaşmasında Atlantik və Şimal Buzlu okeanlarının təsiri çoxdur, Sakit və Hind okeanlarının rolu isə azdır.

Qışda mülayim hava kütlələri Azərbaycanda hakim olduğundan yağıntılar əsasən ilin soyuq dövründə düşür. Azərbaycana ən çox yağıntı dəniz arktik və mülayim dəniz hava kütlələri gətirir. Azərbaycanda orta illik yağıntının miqdarı 700 mm-dir. Ən az yağıntı Abşeron yarımadasının cənubuna (200 mm-dən az), ən çox isə Talış dağlarının ətəklərinə (1600-1700 mm) düşür. Azərbaycanda maksimum yağıntı 1959-cu ildə Astaranın Gəgiran qəsəbəsinə (2767 mm) qeydə alınıb.

Talış dağları, Lənkəran ovalığı, B.Qafqazın cənubu, Qanıx-Əyriçay Azərbaycanın ən rütubətli; Abşeron-Qobustan, Kür-Araz, Naxçıvanın Arazboyu düzənlikləri ən quraq sahələrdir.

Azərbaycan Respublikasında atmosfer yağıntıları əsasən hava kütlələrinin əraziyə müdaxiləsi ilə əlaqədardır. Yağıntıların miqdarını, mövsümü və illik paylanmasını hava kütlələrinin ərazinin relyef və Xəzər dənizi ilə qarşılıqlı əlaqəsi müəyyən edir.

Havanın mütləq rütubətinin orta illik kəmiyyətləri Kür-Araz ovalığında 11-12, Xəzər sahili zonada 14-15 mb təşkil edir. Dağlarda yüksəklik artdıqca onun kəmiyyətləri bir qayda olaraq azalır və 1000 m yüksəklikdə orta illik kəmiyyət təqribən 9 mb, 2000 m-də 6-7 mb təşkil edir.

Hər zaman xatırlayıram, hər il yaz gələndə  elimizin ağsaqqalları, ağbirçəkləri  deyərdilər ki, aprel ayında yağış sularından yığıb istifadə edin. Aprel yağışının suyunu can dərmanı adlandırardı müdriklərimiz. Deyərdilər ki, yağış suyu mədə bağırsağa dərmandı, saçları gurlaşdırır, dərini cavanlaşdırır, insanın üzərindən ağır enerini çəkib aparır, rahatladır. İndiki dövrdə isə həyətdə ip üstündə yuyulan paltara yağış  suyu dəyirsə onları yenidən yumaq lazım gəlir. Çirklilik gözlə görünəcək səviyyədə olur. Havamız, atmosferimiz o dərəcədə çirklənib ki, indi həmin müdriklər göydən bərkət yağmur demirlər, göydən zəhər yağır deyirlər.

Çirkli hava dünyada hər il 3.3 milyon insanı öldürür. Bu ölümlərin 75 faizi infarkt və insult nəticəsində olur. Çirkli havada insan sağlamlığına zərərli olan əsas maddələr karbonmonoksid, karbondioksid, azot dioksid, kükürd dioksid, metan, amonyak və sairə kimi qazlar, arsen, kadmiyum, civə, qurğuşun kimi elementlər və havada asılı vəziyyətdə qalan və gözlə görünməyən müxtəlif kimyəvi tərkibli kiçik hissəciklərdirÇirkli havanın ürək-damar sisteminə çox pis təsir etməsi aparılan bir çox araşdırmada sübuta yetirilib.Əgər ən qısa zamanda ciddi tədbirlər görülməzsə, 2050-ci illərə doğru getdikcə hava çirkliliyindən ölənlərin sayının ildə 6.6 milyona qədər artacağı gözlənilir.

2014-cü ildə Amerikanın “Ekoloji Blacksmith Institute” Fond dünyanın ən çirkli şəhərləri siyahısına Azərbaycanın da adını daxil edib. Jurnal bildirib ki, bu gün Sumqayıtda ağır metallara, neft tullantılarına və digər kimyəvi maddələrə görə müxtəlif xəstəliklərə yoluxan  minlərlə insan yaşayır. Bu şəhərdə uşaqlar əqli gerilik və sümük xəstəlikləri ilə dünyaya gəlir.

Sağlam ətraf mühit sağlam insan, sağlam gələcək deməkdir. Bu gün Sumqayıt Sövet dönəmlərində olduğu qədər dəhşətli ekoloji çirkliliyə malik deyil, müasir avadanlıqlarla təchiz olunmuş müasir sənaye şəhəridir. Lakin yarım əsr öncə  törədilmiş ekoloji xətaların izləri bu gün də qalmaqda, boy göstərməkdədir. İnsan səhvinin  qurbanı yenə də insandır. Gələcəyimiz qorumaq bu günümüzün əlindədir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »