Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Region məktəblərindən şagirdlər yüksəl bal toplaya bilir, universitetlərə qəbul haqqı qazanır"
"Region məktəblərindən şagirdlər yüksəl bal toplaya bilir, universitetlərə qəbul haqqı qazanır"

"Təhsilin idarə edilməsi asanlaşdırılmalıdır. Regional təhsil idarələrinin yaranması təhsili daha çox diqqətdə saxlaya bilir".

Bu barədə Bizimyol.info xəbər portalına təhsil məsələləri üzrə ekspert İlqar Orucov danışıb. Ekspert “regionlarda, bölgələrdə və ucqarlarda təhsilin səviyyəsi aşağıdır” ittihamı ilə razı deyil. Ekspertin fikrincə, region məktəblərindən xeyli sayda uşaq yüksəl bal toplaya bilir, yaxşı nəticələr əldə edir.

İlqar Orucov İlqar Orucov

“Burada faktorlar fərqlidir. Ailə faktoru, mühit faktoru çox vacibdir. Bir məktəbdə 10 şagird oxuyursa, bir şagirdə müəllimin dərs zamanı ayıracağı diqqət kifayət qədər böyükdür. Şəhərdə bir sinifdə 35 uşaq oxuyursa, bir müəllim bir şagirdə ayıracağı diqqət təxminən bir dəqiqədən biraz artıq ola bilər. Əksinə bölgələrdə, regionlarda təhsilin səviyyəsində artıq yaxşı imkanlarımız var. Bölgələrdə çalışan yaxşı müəllimlərimiz var. Düşünürəm ki, region təhsilinin artırılması, gücləndirilməsi üçün işlər görülür və bu işlər davam etdirilməlidir”-deyə ekspert vurğulayıb.

Bölgələrdən olan uşaqlar ali təhsil ala bilirlərmi?

Ekspert hesab edir ki, bölgələrimizdə olan uşaqlar da ali təhsil ala bilirlər.

“Bir vaxtlar ucqar kəndlər var idi ki, orada il ərzində bir şagird ali təhsil müəssisəsinə daxil olurdu. İndi baxırsan ki, bir məktəbdən 3-5 və daha çox şagird ali təhsil müəssisəsinə daxil olur. Regionlarda olan az təminatlı ailələr var ki, onların övladlarının oxuması üçün çətinlik var. Çünki tələbə Bakıda yataqxana ilə təmin oluna bilmir. Bu da əlavə bir problemdir. Amma mən çox sevinirəm ki, bu istiqamətdə yaxşı addımlardan biri “Tələbə Təhsili Kredit Fondu”nun yaradılmasıdır. Bu fondda kifayət qədər şəffaflıq var. Fondda regionlardan gələn tələbələrin yaşayış xərclərinin qarşılanması istiqamətində işlər görülür. Onların təhsil haqqının qarşılanması və güzəştli şərtlərlə və qanunvericilik imkanları çərçivəsində az təminatlı olan övladlarımızın təhsil alması ilə bağlı yaxşı nümunələr ortaya qoyub.

Bölgələrdən olan uşaqların ali təhsil alma imkanları əslində genişlənib və bunun üçün imkanlar var. Hətta regionlarda ali təhsil müəssisələrinin mövcudluğu da bunun üçün əlavə bir imkan və stimul yaradır. Məsələn, Qərb bölgəsində Pedoqoji Universitetinin Quba filialı var. Şimal bölgəsində və Qərb bölgəsində bir neçə universitetimiz var. Bütövlükdə universitet filialları mövcuddur. Cənub bölgəsində Lənkəran Dövlət Universiteti var, orada müxtəlif ixtisaslar üzrə təhsil verirlər. Bu da göstərir ki, bizim regionlarda yaşayan və oxumaq istəyən uşaqlarımız yaxınlıqdaki ali təhsil müəssisələrində təhsil alma imkanı əldə edirlər”-deyə ekspert vurğulayıb.

İlqar Orucov əlavə edib ki, bu imkanları genişləndirməyin üzərində düşünmək lazımdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »