Bu gün maşın bazarında avtomobillər üçün müxtəlif "plyonka"lar təklif edilir. Bəzi sürücülər də qanunun tələblərini bilmədən avtomobillərinə bu plyonkalardan vurdururlar. Avtomobillər üçün plyonka və pərdələrlə zaman-zaman mətbuatda müxtəlif məlumatlar səsləndirildiyi üçün sürücülər də, sözün əsl mənasında “nə olar, nə olmaz” bilmirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, avtomobilin ön şüşəsinə onun yuxarı hissəsində eni 15 santimetrdən çox olmayan plyonka çəkilə bilər. Eyni zamanda arxa tərəfə və arxa şüşəyə (gövdə şüşəsi) tətbiq oluna bilər. Minik avtomobillərinə plyonka və ya quraşdırılmış jalüzlər çəkilə bilər. Yük avtomobilləri, avtobuslar, mikroavtobuslar, trolleybuslar və tramvaylar üçün - plyonka, jalüz və ya pərdələrin çəkilməsinə icazə var. Amma ön şüşəyə və ön tərəfdən yan şüşələrə plyonka çəkmək qadağandır.
Qeyd edək ki, arxa yan şüşələrin işıq keçiriciliyi 70 faizdən aşağı olmamalıdır. Eyni zamanda Azərbaycanın iqlim şəraiti nəzərə alınaraq, hər il mayın 1-dən noyabrın 15-dək belə şüşələrdə sənaye üsulu ilə istehsal olunan jalüzlərdən istifadəyə icazə verilir.
Eldəniz Cəfər bildirib ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa görə, plyonka yalnız sürücünün arxasında yerləşən avtomobil şüşələrinə tətbiq oluna bilər. Ekspertin sözlərinə görə, avtomobil şüşələrinin şəffaf plyonka ilə örtülməsi də qanun pozuntusudur. Plyonka ancaq sürücünün arxasında yerləşən şüşələrə vururla bilər. Əks halda, sürücülər 150 manat cərimə edilə bilər.
İradə Cəlil, Bizimyol.info