Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Piter Mixalko: "Avropa İttifaqı sülhün və rifahın olduğu Cənubi Qafqaz görmək istəyir" - Video
Piter Mixalko: "Avropa İttifaqı sülhün və rifahın olduğu Cənubi Qafqaz görmək istəyir" - Video

"Avropa İttifaqı Azərbaycana minaların təmizlənməsi məsələsində üç istiqamətdə dəstək verir. Bu istiqamətlər minaların təmizlənməsi, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışını nəzərə alaraq, maarifləndirmə kampaniyaları və minalardan zərər görən qurbanlara dəstəkdən ibarətdir".

Bizimyol.info xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Piter Mixalko mayın 2-də jurnalistlərlə görüşündə bunu deyib.

Görüş 3 may – Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə təşkil olunsa da, səfir media azadlığıyla yanaşı, Azərbaycanla Ermənistan arasında münasibətlər, sərhədlərin delimitasiyası, minaların təmizlənməsi və s. mövzular barədə də danışıb.

Piter Mixalko müstəqil media və azad jurnalistlərin istənilən cəmiyyət üçün vacib olduğunu bildirib. Avropa İttifaqının Azərbaycan üçün etibarlı tərəfdaş olduğunu deyən diplomat son aylarda ölkədə bir sıra jurnalistlərin həbsindən narahatlığını da ifadə edib.

Səfirin sözlərinə görə, jurnalistika bütün dünyada getdikcə daha çox təhlükəli peşəyə çevrilməkdədir. Hazırda dünyada 300-dən çox jurnalist həbsdədir, ötən il 100-dən çox jurnalist öldürülüb: “Müstəqil media orqanları getdikcə daha çox risklərə və basqılara məruz qalırlar. Bura həm siyasi, həm sosial, həm texnoloji risklər aiddir”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Piter Mixalko əlavə edib ki, Azərbaycanda hökumət təmsilçiləri ilə görüşlərində, dialoqlarında da media ilə bağlı məsələ müzakirə olunur.

Azərbaycanın noyabrda keçiriləcək “COP 29”a ev sahibliyini dəstəklədiklərini bildirən Piter Mixalko deyir ki, bu forumla əlaqədar bütün dünyanın diqqəti Azərbaycanda cərəyan edən hadisələrdə, gedən diskussiyalarda olacaq.

“Biz Azərbaycanın güclü tərfdaşıyıq. Hələ müstəqilliyin ilk illərindən Avropa İttifaqı müxtəlif sahələrdə Azərbaycana kömək edib. Əhali üçün vacib olan sahələrdə - ərzaq təhlükəsizliyi, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, iqtisadi sahədə əməkdaşlığımız uzun illərdir davam edir. Eyni zamanda, minaların təmizlənməsi sahəsində də Avropa İttifaqı Azərbaycanın əsas tərəfdaşı, dəstəkçisidir. Avropa İttifaqına üzv olan 27 dövlət bu məsələdə dəstək verir. Dəstəyimiz 3 istiqamətdədir: minaların təmizlənməsi, əhalinin qayıdışını nəzərə alaraq, maarifləndirmə işləri və qurbanlara dəstək”, - səfir Mixalko bildirib.

Azərbaycan və Ermənistan arasındakı münasibətlər barədə sualı cavablandıran diplomat deyib ki, delimitasiya ilə bağlı son addımı və razılaşmanı Avropa ittifaqı alqışlayır. Onun sözlərinə görə, Avropa İttifaqı müəyyən zaman kəsiyində danışıqlar prosesinə qoşulmuşdu: “Ehtiyac olduğu təqdirdə, Avropa ittifaqı prosesə dəstək verməyə hazırdır”.

Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardım ayrılması, digər üzv dövlətlər razılaşsa da, Macarıstanın Azərbaycana görə bloklaması haqda suala cavabında isə Piter Mixalko bildirib ki, Avropa İttifaqı Cənubi Qafqaz ölkələri ilə münasibətləri müxtəlif sahələr üzrə fəal şəkildə inkişaf etdirir. O xatırladıb ki, Avropa Komissiyası Cənubi Qafqaz regionundakı tərəfdaşlara maliyyə yardımı ayırıb: “Region ölkələri üçün Biznes və İnvestisiya Planı təqdim olunub. “Yaşıl enerji”yə keçid, əlaqələnmə, sahibkarlara dəstəklə bağlı əməkdaşlıq prioritetlərimiz var. Azərbaycanla əməkdaşlıq etdiyimiz kimi, digər ölkələrlə də əməkdaşlıq edirik”.

Diplomat əlavə edib ki, Avropa İttifaqı sülhün, rifahın olduğu Cənubi Qafqaz görmək istəyir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »