Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricə vətəndaş "ixrac" edilir... Hər gün orta hesabla 6 azərbaycanlı Almaniyadan sığınacaq istəyir
Xaricə vətəndaş "ixrac" edilir... Hər gün orta hesabla 6 azərbaycanlı Almaniyadan sığınacaq istəyir

Ölkədən getmək istəyən çoxdur. Sosial şərtlərin uyğun olmaması, gənclərin özünü vətəndə ifadə edə bilməməsi, gələcəyini xaricdə görməsi, fundamental məsələlərdə bitib-tükənməyən haqsızlıq ölkədən xaricə üz tutmaqla bağlı qərarda vacib rol oynayır. Müəyyən vəsaiti toplaya bilənlər xaricə yollar axtarır. Vətəndaşlar əsasən, Avropa haqqında düşünürlər. Polşa və Litva istiqamətləri çox populyarlaşıb. Çünki bu ölkələrə viza almaq köhnə qitənin digər dövlətləri ilə müqayisədə daha asandır.

Bizimyol.info xəbər verir ki, Azərbaycan vətəndaşları daha çox Almaniyaya can atır. Hər şeydən əvvəl müşahidələr bunu göstərir. Sosial platformalardakı viza qruplarında Almaniyada gələcək ehtimalı xüsusi müzakirə olunur. Qeyri-Avropa dövlətlərindən Kanada bu mənada məşhurdur. Amma insanlar okeanın o tayına gedib çıxmağı bir o qədər real saymırlar. Almaniyaya isə yetişmək olar.

Müşahidələrdən başqa, statistika da köməyə çatır. Hər gün orta hesabla 6 azərbaycanlı Almaniyadan sığınacaq istəyir. Əvvəlki illərin rəqəmləri də fərqli şey demirdi. 2024-cü ilin ilk üç ayının statistikası bizi konkret bu reallıqla üz-üzə qoyur. İlin ilk rübündə Azərbaycanın 528 vətəndaşı Almaniyaya gedərək uyğun qurumlara sığınacaq üçün müraciət edib. Onların 395-nin müraciətinə baxılıb. Həmin şəxslərin cəmi 15-nin istəyinə müsbət cavab verilib. Yəni o azərbaycanlılar qaçqın kimi tanınıb, yaşayış hüququ əldə ediblər. Qalanlarının məsələsi sual altındadır.

Əslində, Almaniya sığınacaq istəyən azərbaycanlıların müraciətlərinə bir o qədər isti yanaşmır. Ən çox bu Avropa dövləti deportasiya qərarı verib. İnsanlar hər şeyini sataraq Almaniyaya üz tutur, bəzən illərlə qaçqın düşərgəsində vaxt itirir. Sonra isə imtina cavabı alırlar. Azərbaycana qayıdandan sonra toparlanmaq mümkünsüzə çevrilir. Çünki burada sosial proqramlar zəifdir.

Azərbaycanlılar Almaniyaya təkcə siyasi motivlərlə üz tutmur. Orada qalıb işləmək istəyənlər də çoxdur. Azərbaycan Tibb Universitetinin tələbələrinin Almaniya arzusu lətifəyə çevrilib. Bakıdakı alman dili kurslarının xidmətindən istifadə edənlərin əksəri gələcək həkimlərdir. Bu meylin nəticəsidir ki, Almaniyada işləyən azərbaycanlı həkimlərin sayı 2 min nəfərə çatır.

İstənilən halda kədərli mənzərədir. Hər gün aramızda neçə-neçə insan vətəni birdəfəlik tərk etmək barədə düşünür. Ölkə üçün nə qədər faydalı adamı itiririk. Hökümətin açıqlamalarında həmişə maddi kapitalın insan kapitalına çevrilməsindən danışılır. Halbuki indiyə qədər ortaya qoyulan iş həmin insanları itirməyə hesablanıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »