Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çağdaş quldarın könüllü qulları...
Çağdaş quldarın könüllü qulları...

Azərbaycan prezidenti 44 günlük Vətən müharibəsindən sonra: "Minsk qrupu buraxılsın" demişdi. Bu qurum faktik buraxıldı. Artıq tarixin arxivindədir. Növbədənkənar prezident seçkisindən sonra inaqurasiya nitqində: "Ermənistan-Azərbaycan sülhü beynəlxalq gündəmdən çıxsın, bu iki ölkənin öz arasında birbaşa danışıqlarla həll oluna bilər" dedi. Bu da tamamilə doğru yanaşmadır. Belə bir mövqenin qarşısında hər hansı əks-arqument tapmaq asan deyil axı.

Azərbaycan dövlətinin bu yanaşmasını əsaslandıran ən tutarlı dəlil elə keçmiş Minsk Qrupundakı dövlətlərin özlərinin mövqeləri olmuşdu. Azərbaycan öz torpaqlarını azad edənə qədər - hərbi status-kvo Ermənistanın xeyrinə olduğu zaman istər Şimaldan, istər Qərbdən yalnız bir "arqument" eşidilirdi: "Tərəflər öz arasında razılığa gəlsin, biz qəbul edərik". İndi isə hərbi reallıqları Azərbaycan öz lehinə dəyişdirdikdən sonra keçmiş vasitəçilər keçmiş bəyanatlarını "unudublar" və Azərbaycan-Ermənistan sülh, sərhəd, dəhliz danışıqlarının birbaşa tərəflərin öz arasında getməsini üzdə "alqışlasalar" da, pərdə arxasında hər qlobal mərkəz özü prosesi inhisara almağa çalışır. Ümumilikdə, Qərbin aparıcı gücləri istər Azərbaycanla Ermənistan arasındakı danışıqlardan, istərsə də, Ermənistandan, sonrakı perspektiv üçün bütövlükdə Cənubi Qafqazdan Rusiyanı çıxarmaq strategiyası qurublar və bunu həyata keçirməyə çalışırlar. Buna görə də ABŞ və Avropa Birliyi arasında bir yandan, Fransa ilə Almaniya arasında başqa bir yandan rəqabət gedirdi. Aprelin 5-də ABŞ dövlət katibinin, Avropa Birliyi Komissiyasının sədrinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçiriləcək görüş də latent rəqabəti saxlamaqla Ermənistan üzrə Vaşinqtonla Brüssel arasında konsensusa doğru bir addımdır. Avropa Birliyi ABŞ-ın maliyyəsi ilə Ermənistanda hərbi və siyasi infrastrukturu gücləndirməyə, Ermənistanı Rusiyadan qoparmağa çalışır. Burada ayrılıqda Fransa və Almaniya avtonom oyunçular olaraq sanki neytrallaşdırılır. Məqsəd Avropa Birliyinin çətiri altında faktik NATO strukturlaşmasını Ermənistana gətirməkdir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir tərəfdən: "Biz Rusiya ilə eyni dildə danışmırıq" deyir, o biri yandan bildirir ki, Ermənistan NATO-ya qoşulmaq istəmir. Ancaq reallıqda isə bir yandan, Rusiya mərkəzli Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını faktik dayandırır, o biri yandan isə, Avropa Birliyi müşahidə missiyası adı altında Şimali Atlantika Alyansının Ermənistan ərazisində hərbi-texniki varlığını möhkəmləndirir. Bu mənada 5 aprel görüşü Ermənistanın nəinki "Qafqaz evi" ideyasını bloklaması, hətta bütövlükdə Qafqaz coğrafiyasına, Qafqaza xəyanətidir. Çünki Rusiya-Ukrayna müharibəsinin daha kiçik miqyasda olsa da, daha qanlı versiyasını nə Gürcüstan bölgəyə gətirdi, nə Azərbaycan. Bunu edən Ermənistandır. Rəsmi İrəvanda yaxşı bilirlər ki, əgər iki slavyan qardaş xalq arasında müharibənin Cənubi Qafqaz filialı yaransa, bu, Rusiyanı Cənubi Qafqazdan çıxarmaqla yekunlaşmalı olacaq. Burda Ermənistan üçün əsas risk bu dövlətin ərazisinin antiRusiya hərbi poliqonuna çevrilməsidir. Rusiya Ermənistandan çəkilsə, öz ərazisində ən yaxın hara çəkiləcək?! Əlbəttə, Şimali Qafqaza. Ermənistanda Amerika mərkəzli yeni güc hegemon olduğu halda, Azərbaycan sonrakı mərhələlərdə Gürcüstan vasitəsilə Şimali Qafqaza, Azərbaycan üzərindən isə Mərkəzi Asiyaya nüfuz etmək, Rusiya ilə Çinin arasında mövqe tutub hər iki böyük dövlətə təsir etmək imkanı qazanmaq istəyəcək. Təsəvvür etmək çətin deyil ki, Qərb güclərinin bu strategiyası alınsa, Qazaxıstan üzərindən Urala doğru, ordan da Sibirə təsirlərini yaymaq imkanı əldə edəcəklər. Mərkəzi Asiyada güclənmək isə İŞİD və başqa proksiləri Rusiyanın içərilərinə, Çinin qərbinə və sonrakı mərhələdə Şimali Çinə yönəltmək imkanı deməkdir. Bu da o deməkdir ki, Ermənistan öz boyunu dəfələrlə aşacaq oyunun içindədir və 5 aprel görüşü bu oyunun növbəti ciddi partiyasıdır. Azərbaycan isə bölgə və bütpvlükdə Avrasiya coörafiyası üçün çox təhlükəli ola biləcək bu oyunu çözmüş və bütün imkanları ilə pozmağa və ilk növbədə özünün, eyni zamanda yerləşdiyi regionun təhlükəsizlik tarazlıqlarını qorumağa çalışır. Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Çinə səfəri də bu məqsədə yönəlmişdi. Bu proseslərdə Çinin öz ağırlığını qoya bilməsi çox önəm daşıyır. Çünki əslində bütün baş verənlər həm də və bəlkə daha çox Çin faktorunu neytrallaşdırmağa yönəlib. Rəsmi Bakı Pekinin siyasi, diplomatik, media dairələrini, media vasitəsilə elitasını və bütövlükdə cəmiyyətini məlumatlandırdı ki, Cənubi Qafqazda otuz illik işğala son qoyub, regionda əməkdaşlığa və rifaha yeni imkanlar açan Azərbaycan və öz əsassız iddialı, revanşist xəttini yürüdərək bölgəyə ayırıcı xətlər, qarşıdurma havası gətirən, o cümlədən, Çinin Qərbə qısa ticarət yolunu bağlamağa cəhd edən Ermənistan var. Azərbaycan tək özünün deyil, həm də yaxın qonşularının və nisbətən uzaq tərəfdaşlarının da maraqlarını təhlükəsizləşdirməklə uzlaşdırmağa çalışır. Doğrudur, ABŞ dövlət katibi Antoni Blinken prezident İlham Əliyevə zəng edərək, 5 aprel görüşünün Azərbaycanın təhlükəsizlik maraqlarına zidd olmadığına inandırmağa çalışıb. Ancaq Azərbaycan prezidenti Ermənistanın oynadığı və Ermənistan üzərindən oynanılan oyunların bütün məğzini açıb ortaya qoyub. Rəsmi Vaşinqtona belə bir gerçəyi bir daha xatırladıb ki, əgər bölgədə, deyildiyi kimi, iqtisadi əməkdaşlıq maraqları və xalqların rifahı düşünülürsə, bu zaman əsas tərəfdaş Azərbaycan ola bilər. Çünki Cənubi Qafqazın iki dövlətinin birlikdə demoqrafik, iqtisadi, coğrafi və sair potensialı, geosiyasi əhəmiyyəti tək Azərbaycanınkı qədər deyil. Bütün bu cür aydın və tutarlı əsaslara baxmayaraq, 5 aprel görüşü ləğv edilməyib, ertələnməyib. Burdan da görünür ki, Qərbin məlum dairələri qlobal qarşıdurmanın episentrini həm də bizim bölgəmizə transfer etmək fikrinə düşüb. Ermənistan da bu qəflətə qapılıb; bir zamanlar oxşar, əslində eyni vədləri Ukraynaya da vermişdilər. Cəmi 10 il sonra Ukrayna deyə bir dövlət, demək olar, qalmamış!

Biz demirik ki, ABŞ-la Çin arasında, yaxud Avropa Birliyi ilə Rusiya Federasiyası arasında seçim etmək gərəkdir (hərçənd buna məcbur qalma ehtimalı da bütün zamanlarda hər kəs üçün həmişə var). Sadəcə, bu da reallıqdır ki, Çinin güclənərək Sovet İttifaqının yerini tutması - iki superdövlətdən biri statusuna iddiası çox məsələlərə fərqli baxış bucağı yaradıb. Çin özünün təkpartiyalı sistemini alternativ model olaraq "servis edib" bəşəriyyətin menyüsünə.

Dünya hələ ki Çinin təkpartiyalı (vertikal) demokratiyasını həzm etmək istəməzkən, Avropanın mərkəzində çoxpartiyalı diktaturaların doğuluşunu izləyirik. Öz vətəndaşına necə düşünməyi belə diqtə edən Makron zehniyyətinə yenilmiş çoxəsrlik Fransa siyasi mədəniyyəti kimi...

İnsanlıq quldarlıqdan utanmalıdır, amma öz kölə statusu ilə öyünənlərin hələ ki "Planet parlamentində" səs çoxluğu var. Hələ öz qullarının statusu ilə öyünən indiki qlamur quldarlara baxın!

Təkcə Hindistan boyunca yayılmış, Hind coğrafiyasının boyunu aşmış intim köləliyi deyil. Avropa demokratiyasıın sərhədləri içində qitənin şərqlilərini qula çeviriblər. Eləcə də, dünyanın dörd bir yanından gələnləri.

Misal istərsəniz, Qərbdə özləri etiraf etmişlər: müxtəlif illərdə fransız keşişlərinin intim ehtiyacını ödəmək üçün Polineziyadan Fransaya 5 min uşaq gətirilib. Yaxud Niderlandın yarımgizli mənzillərindəki bordellərdə, İspaniyanım sitrus bağlarında, ya da alman fermalarının illeqqal künc-bucağında... nə qədər desən, çağdaş Avropalı - Şərqi Avropalı qul görə bilərsən. Şərqi Avropa - nə qədər Avropa olursa-olsun, öz Qərbinin gözündə həmişə Şərq olaraq qalır. Sözün bütün mənalarında. Fransa Polşaya heç də İsveçrəyə baxdığı kimi baxmır, Almaniya Avstriyaya bəslədiyi duyğularla Macarıstana yanaşmır...

Şərqi Avropadan da olsa, hər halda çağdaş olan Avropalının özünü belə kölə kimi görə bilən zehniyyətin qlobal mütləqiyyəti altında yaşayır Dünya. Dünyanın o tərəfinə hələ də çəhrayı eynəkdən baxan Şərqli qardaş, Qərbdə heç də sənə öz doğmaları kimi baxmırlar. Sənin Əndəlusdakı qətliamına xaçlılar "gülüş günü" adı qoyublar, əsrlərdir əylənirlər. Həm də elə sənin öz aldadılmış vicdanını da etiketləyərək...

Bu yaxınlarda islamofobiya əleyhinə BMT-dən bir qətnamə çıxdı. Avropa Birliyinin üzvü olan heç bir dövlət bu qətnaməyə səs vermədi. Bu Avropanın islamofobiya kimi bir utancın lehinə olduğunun təsdiqi idi. Həmin gün Avropa Birliyi özünü- Avropada İslamofobiya Birliyi elan etdi. Demokratiyanı demonkratiya halına gətirmişlər, xəbərin olsun.

...Bu gün Azərbaycan üçün tarixin qırılma anlarından biridir. ABŞ və Avropa Birliyi Brüsseldə Azərbaycana düşməncəsinə duyğular bəsləyən, bu instiktiv duyğulardan bəslənən Ermənistana qucaq açır. Daha doğrusu, geopolitik bir tələ qurur. Ermənistana və erməni qövmünə isə bu tələdə pendir olmaq nəsib imiş. Erməni siyasətçilər Qərbdən gələcək milyardlara "sulanırkən", qarşılığında bütün ölkəni itirəcəklərinin fərqində deyillər. Üstəlik bölgənin də yaşanmaz hala gələcəyini ünəmədən (ya da bilə-bilə!) öz fəlakətlərinə doğru qanadlanıb uçdular. Bütün bölgəni bu fəlakətə sürükləmək eşqiylə.

Bir ağadan qaçarkən azad olmaq deyil, başqa ("daha yaxşı") bir ağaya qul olmaq həvəsidir bu. Xeyirli-uğurlu olmayacağı bəlli...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »