Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhdudlaşdırılan parkinqlərdə "uçan" qiymətlər... "Tarif müəyyənləşdirilərkən vətəndaş nəzərə alınmalıdır"
Məhdudlaşdırılan parkinqlərdə "uçan" qiymətlər... "Tarif müəyyənləşdirilərkən vətəndaş nəzərə alınmalıdır"

Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq üçün parkinq tarifləri müəyyənləşib.

Qiymətlər parkinq müddəti ilə tənzimlənir.

  • İlk 15 dəqiqə sürücülər üçün pulsuzdur.
  • 15-30 dəqiqə - bir manat,
  • 30-60 dəqiqə - iki manat,
  • 1-2 saat - dörd manat,
  • 2-3 saat - altı manat,
  • 3-5 saat – 10 manat,
  • 5-7 saat - 14 manat,
  • 7-10 saat - 18 manat,
  • 10-15 saat – 22 manat,
  • 15-20 saat – 26 manat,
  • 20-24 saat – 30 manat.

Hər növbəti sutka üçün 30 manat nəzərdə tutulur. Qeyd olunan tariflər bu gündən tətbiq ediləcək.

Parkinq qiymətlərinin belə "yüksək" olması əhali tərəfindən birmənalı qarşılanmır. Sosila şəbəkələrdə bu məsələ müzakirə edilir və qiymətlərin baha olması vurğulanır.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ən inkişaf etmiş ölkələrdə fərqli, inkişaf etmiş ölkələrdə fərqli və inkişafda olan ölkələrdə parklama tarifləri fərqli olur. İnkişaf etməyən ölkələrdə tariflər daha ucuz nəzərə alınır.

Eldəniz Cəfər Eldəniz Cəfər

“Bilirsiniz ki, ötən ilin ərzində Nazirlər Kabineti parklanma ilə bağlı tarifləri müəyyən edib. Tariflər olduqca ədalətli, sosial yönümlü tariflərdir, hər kəsin cibinə uyğundur. Hətta şəhər ətrafına keçdikcə, orada parklanma ümumiyyətlə pulsuzdur. Bazar günləri pulsuzdur. Bu çox gözəl addımdır, qiymətlər də ucuzdur”-deyən ekspert bildirib ki, Azərbaycan Respublikası ərazisində parklanma tarifləri, qiymətləri Nazirlər Kabinetinin qərarına və reqlamentinə uyğun tənzimlənməlidir.

Eldəniz Cəfər bildirib ki, parklanma yeri ilə avtodayanacaqların fərqi var, bunu biz hamımız çox gözəl bilirik. Avtodayanacaqlar uzun müddətli nəzərdə tutulur. Onların aylıq tarifləri olur. Parklanma yerlərində həm güzəştlər tətbiq olunur, həm də onun ilkin 15 dəqiqəsi Nazirlər Kabinetinin qərarına əsasən pulsuzdur və belə olmalıdır.

“Dəmiryolu vağzalı ətrafında olan parklanma məsələsinə gəldikdə, dövlətə məxsus yerdə parklanma qiymətləri Nazirlər Kabinetinin qərarı ilə tənzimlənməlidir. Parklanma tarifləri dövlətin mövcud sosial yönümlü siyasətinə zidd olmamalıdır. Bu, əsas məsələdir. Əlilliyi olan insanların imtiyazları nəzərə alınmalı və sahibkarlığa ziyan vurulmamalıdır”-deyən Eldəniz Cəfər vurğulayıb ki, sosial şəbəkələrdə ictimaiyyət öz narazılığını bildirir.

Ekspert hesab edir ki, ictimaiyyətin fikri yəqin ki, nəzərə alınacaq.

“Cəmiyyətdə nəyə görə parklanma ilə bağlı belə ajiotaj yaranıb? Əslində söhbət yalnız qiymət məsələsi deyil. Dərindən təhlil etdikdə belə nəticəyə gəlirəm ki, insanları narahatlığı həm də parklanma yerinin məhdudlaşdırılmasıdır. Əvvəllər dəmiryolu vağzalının qarşı tərəfində “28 may” metrosu ərazisində dəmiryolunun geniş parklanma ərazisi var idi. Ora ləğv edildi, bağlandı və avtomobillərin girişi də məhdudlaşdırıldı. Hazırda belə bir ajiotaj yaranıb. Çünki mövcud yaradılan yeni parklanma yeri kifayət qədər deyil. Orada avtomobillərin saxlanması üçün kifayət qədər yer yoxdur. Və bu da bir ajiotaj yaradır və əraziyə tələb artır”-deyən Eldəniz Cəfər hesab edir ki, “28 may” metrostansiyasının ərazisində və Dəmiryolu Vağzalının aşağı hissəsində olan parklanma yerləri yenidən fəaliyyət göstərməlidir ki, insanlar rahatlıqla gedib-gələ bilsinlər. Məhdud parklanma yeri mövcud tələbi ödəmir və ödəməyəcək”-deyə ekspert bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »