Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniya məhkəməsi "Telegram" proqramından istifadəni dayandırıb
İspaniya məhkəməsi "Telegram" proqramından istifadəni dayandırıb

İspaniya Milli Məhkəməsi müəllif hüquqları ilə qorunan vizual və audio məzmundan icazəsiz istifadə edildiyi iddiası ilə sosial mediada ani mesajlaşma tətbiqi olan "Telegram"dan istifadənin dayandırılmasına qərar verib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Milli Məhkəmənin hakimi Santiaqo Pedraz "Mediaset", "Atresmedia" və "Movistar Plus" televiziya şirkətlərinin ittihamını dəyərləndirib.

Müəllif hüquqları ilə bağlı çatışmazlıqları qəbul edən hakim Pedraz İspaniyada fəaliyyət göstərən "Vodafone", "Orange", "Digi", "Movistar", "MasMovil" və digər telefon operatorlarına "Telegram" proqramlarının istifadəsini ən qısa zamanda dayandırmağı əmr edib.

İttihamlarla bağlı istintaq davam etsə də, hakim Pedraz "əməkdaşlıq etməməkdə və müəyyən texniki məlumatların bildirilməsinə icazə verməməkdə" günahlandırdığı "Telegram"ın istifadəsini dayandırmağa qərar verib, bunu "zəruri, uyğun və mütənasib" kimi qiymətləndirib.

"Telegram" tətbiqi xəbərin yazıldığı andan etibarən İspaniyada istifadə olunmağa davam etsə də, qısa müddət ərzində bağlanacağı gözlənilir. Digər tərəfdən, Milli Məhkəmənin hakimi Pedrazın verdiyi qərar bəzi dairələr tərəfindən tənqid edilib. İstehlakçılar Dərnəyi Facua, "qeyri-mütənasib" hesab etdiyi qərarın milyonlarla istifadəçiyə məzmun yayan şirkətlərə, təşkilatlara, dövlət və özəl qurumlara böyük zərər verəcəyini qeyd edib.

İspaniyada müxalifətdə olan solçu Podemos Partiyasının lideri İone Belarra sosial media hesabında: “Bu, azadlıqları təhdid edən ədalətsiz, senzuralı və tamamilə qeyri-mütənasib tədbirdir”, - deyə paylaşım edib.

Təsisçiləri rusiyalı iş adamları Nikolay və Pavel Durov qardaşları olan "Telegram" "WhatsApp"a alternativ olaraq təqdim edilib və 2013-cü ildən fəaliyyət göstərir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »