Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Korrupsiyanın çirkli "əllər"i ilə boğulan ölkədə neft-qaz sektoru "qaranlıq" dövr üçün gün sayır...
Korrupsiyanın çirkli "əllər"i ilə boğulan ölkədə neft-qaz sektoru "qaranlıq" dövr üçün gün sayır...

Ölkədə xeyli problemlər var. Amma iqtisadiyyatın gələcəyi ilə bağlı xüsusi narahat olmalıyıq. Bilirik ki, bu istiqamət daha çox neft-qaz gəlirlərindən asılıdır. Bu illər ərzində qeyri-neft sektorunu inkişaf etdirə bilməmişik. Pafoslu çıxışlar qənaətbəxş nəticə yaratmayıb. Çünki ortaya konkret konsepsiya qoyulmayıb.

Bizimyol.info xəbər verir ki, ölkənin neft-qaz gəlirləri sürətlə azalır. Azalma hətta hökumət səviyyəsində etiraf olunur. Yəni iqtisadiyyatın daha çox yoxuş aşağı getməsi ölkədə heç kimə sirr deyil. Statistika da bu haqda ucadan danışır. Hasilat hər il azalır. Elə 2000-ci illərin əvvəllərində indikindən 1,6-1,7 dəfə çox neft hasil etdiyimiz dövr olub. İndi isə neft-qaz sektorunun böhran mərhələsinə qədəm qoyduğunu əminliklə deyə bilərik.

Maliyyə Nazirliyi açıqlayıb ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda neft-qaz sektoru üzrə vergi daxilolmaları 1 milyard 367,3 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,1 faiz azdır. Yanvar-mart aylarında neft-qaz sektoru üzrə vergi daxilolmalarının 48,8 faizi və ya 667,9 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi olub. Bu, bir il əvvələ nisbətən 2,3 dəfə azdır. Qalan vergi daxilolmalarının isə 34 faizi və ya 464,8 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilərin, 17,2 faizi (234,6 milyon manat) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ödədiyi mənfəət vergisinin payına düşüb.

İndi neft qiymətləri heç də aşağı deyil. Azərbaycan uzun müddətdir “Azerilight” markalı məhsulunun barelini 90 dollardan baha satır. Amma arxayınlığa heç əsas yoxdur. Əksinə, neft erasının yavaş-yavaş sona çatdığını etiraf etməliyik. Yəqin ki, bu il neft hasilatı 30 milyon tondan az olacaq. Ən yaxşı halda bu həddin bir neçə yüz min ton keçilməsi mümkündür.

Azərbaycan iqtisadiyyatının gələcəyi qaranlıq görünür. Görünən odur ki, yaxın illərdə əhalinin sosial vəziyyəti lap ağırlaşacaq. Bu il məvaciblərin artırılmaması da təsadüfi deyil. Ölkənin iqtisadi gücü tükənir. Çünki söykənəcəyi sərvət qalmayıb. Bunu yazmaqdan yorulmuşuq: indiyə qədər dayanıqlı iqtisadiyyat yaradılmalıydı. Ölkəyə yüz milyard dollarla neft pulları gəldi. Hara xərcləndi? Qeyri-istehsal sahələrinə. İndi faydasını da görmürük. Xeyli yol qovşaqları çəkildi. Amma bu infrastruktur hələ də bərbad gündədir. Ona görə ki, korrupsiya əllərini ölkənin boğazına atıb. Təəssüf, nikbin şeylər yazmaq olmur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »