Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
80 manatlıq cərimə ilə gələn "qapanma"... "Ərazidə sahibkarlara və taksilərə parkinq şəraiti yaradılmalıdır"
80 manatlıq cərimə ilə gələn "qapanma"... "Ərazidə sahibkarlara və taksilərə parkinq şəraiti yaradılmalıdır"

"Martın 11-i Nəqliyyat Əlaqələndirmə Şurası qərar verdi ki, martın 12-dən metronun "28 May" stansiyasının ətrafındakı ərazi şəxsi avtomobillərin girişi üçün bağlanacaq". Bu barədə Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsində keçirilən ictimai dinləmədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov danışıb. Nazir müavini deyib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək. Nazir müavini deyib ki, “Bu, sabah ictimaiyyətə açıqlanacaq". Amma deməyib ki, məsələdən xəbərdar olmayan və əraziyə daxil olan sürücülər cərimələnməlidir. Bəlkə də deyib, amma öz aralarında, mətbuata açıqlanmayıb bu məsələ. Dünən məsələdən xəbəri olmayan çox sayda sürücü nə az, nə çox 80 manat cərimə edilib…

Etiraf edim ki, 42 illik həyatımda və 22 illik jurnalist fəaliyyətimdə ilk dəfə idi ki, bir gün içində qərarın verilməsi və onun icrası ilə qarşılaşırdım… Bizə bir məsələ maraqlıdır: bəs həminərazidə işləyənlər, mağazası olanlar, taksi fəaliyyəti ilə məşğul olanlar?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu qərar belə qəflətən gündəmə gəldi və dərhal icra olundu.

Elməddin Muradlı Elməddin Muradlı

“Birinci gün açıqlama verildi, ikinci gün artıq “28 may”metrosunun ətrafı bağlandı. Nəticədə çox sayda məlumatsız sürücü cərimələndi. İnsanlar buna etiraz edəndən sonra, artıq müəyyən qədər yumşalma olub. Belə ki, artıq ərazidə həm də maarifləndirmə xarakterli tədbirlər də görülür. Yəni ucdantutma cərimə yazılmır. Amma dünən bir çoxlarına cərimələr yazıldı. Hər halda sürücülərimiz diqqətli olsalar, yola baxsalar və hərəkət etdikləri istiqamət üzrə nişanlara diqqət yetirsələr belə hallar baş verməzdi. Ancaq baş veribsə də bunu faciə kimi də qəbul etmirəm. Çünki aidiyyəti qurum açıqlama verir ki, əraziyə nişanlar quraşdırılıb. Bu barədə əvvəldən elan da verilib. Düzdür, elan müddəti qısa oldu. Düşünürəm ki, geniş təbliğata üstünlük verilsə, yaxşı olardı. Yəni cərimə marağı yox, insanların məlumatlandırılması daha üstün tutulmalıdır”-deyə ekspert bildirib.

Ərazidə işləyənlərə gəldikdə, Elməddin Muradlı bildirib ki, mağazalara məhsulların gətirilməsi və boşaldılması üçün şərait yaradılmalıdır. Ərazidə müəyyən vaxtlarda yük gətirənlərin, yük aparanların giriş və çıxışı üçün müəyyən qaydalar əsasında proqram qurulmalıdır.

Elməddin Muradlı hesab edir ki, ərazidə xüsusi taksi dayanacağı olmalıdır.

“Taksi parkının olması bizim üçün çox önəmlidir. Orada taksilər mütləq dayanmalıdır. Avtobuslar, metrolar,dəmiryol xətti var, taksi yoxdur. Bu, düzgün deyil. Taksi də ictimai nəqliyyatın bir növüdür və onun üçün də orada şərait yaradılmalıdır”-deyən ekspert əlavə edib ki, hazırda piyada yönümlü ərazi yaradırlar, nəticəsini isə zamanla görəcəyik. Necə effekt verdiyinə yaxın zamanlarda şahid olacağıq.

“Hər bir halda mən yaxşı tərəflərini görməyə çalışıram. Hesab edirəm ki, ərazidə qərar icra olunmazdan əvvəl mütləq təhlil aparmaq lazım idi. Yoxlamaq lazım idi ki, ora gün ərzində nə qədər maşın gəlir. O əraziyə Cəfər Cabbarlı heykəlinin yanından daxil olub, Səməd Vurğun bağına tərəf hərəkət edən nə qədər avtomobil var idi. Onları harasa yönləndirmək olardı. Bu nüans araşdırılmalı idi”-deyə ekspert əlavə edib.

P.S. Gördüyünüz kimi, bu qərarı Azərbaycanda bu gün qəbul edilib, sabah icra edilən ilk ildırım sürətli qərar adlandırmaq olar. Araşdırılmadan, yoxlanılmadan, minlərlə Azərbaycan vətəndaşının hüququnu pozan qərar…

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »