ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton hesab edir ki, Donald Tramp yenidən seçiləcəyi təqdirdə ABŞ-ı NATO-dan çıxarmaq niyyətindədir.
Bizimyol.info xəbər verir ki, o, bu fikri Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində bildirib.
“Düşünürəm ki, Tramp ABŞ-ın alyansdan çıxması ilə bağlı zarafat etmir. Keçmiş prezident hakimiyyətə gəlsə, “ABŞ-ı bir çox mühüm razılaşmalardan geri çəkəcək”, - deyə Bolton qeyd edib. Eyni zamanda, o, NATO-nun zəifləməsi ehtimalının “Trampı narahat etmədiyini” söyləyib. “O, alyansın nə olduğunu başa düşmür. Onun anlayışına görə, ABŞ Avropa ölkələrinə və Kanadaya müdafiə təklif edir, lakin bunun müqabilində heç nə almır”, - deyə Bolton bildirib.
ABŞ prezidentinin keçmiş köməkçisi onu da bildirib ki, Tramp prezident olarkən Pentaqona Amerika qüvvələrinin Almaniyadan çıxarılması planlarını işləyib hazırlamaq tapşırıb. Bolton: "Bu, məcburi bir əmr idi və yerinə yetirildi", - deyib.
Keçmiş müşavirin fikrincə, hazırda ABŞ üçün böyük problem Rusiya-Çin oxunun güclənməsidir: “Bu, köhnə Soyuq Müharibə ittifaqını xatırladır, lakin bu dəfə Çin hakim tərəfdir”, - deyə Bolton bildirib. “Avropa və Çinin böyük hissəsinin iqtisadi əlaqələri və qarşılıqlı asılılığı fonunda hesab edirəm ki, Avropa və müəyyən dərəcədə ABŞ bundan qorxur”, - deyə o qeyd edib ki, bu səbəbdən Amerika şirkətləri Çin iqtisadiyyatına yeni investisiyalar qoymaqdan qorxurlar. “Avropa, xüsusən də Almaniya bunu etmir. Çin və Rusiya arasında əməkdaşlığın artması, eləcə də ABŞ-ın NATO-dan çıxması fonunda Avropa böyük təhlükə altında olacaq”, - deyə Bolton qeyd edib.
Bundan əvvəl Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürmək istəyən Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxış edərkən Amerika prezidenti olarkən NATO-ya üzv ölkələrin liderləri ilə keçirdiyi görüşlərdən birindən danışıb. Onun sözlərinə görə, daha sonra xarici həmkarlarından biri ondan müttəfiqlərdən biri NATO-ya kollektiv müdafiə üçün vəsait ödəmədiyi halda, Rusiyadan ehtimal edilən təhlükə zamanı ABŞ-ın alyansı müdafiə etməyə hazır olub-olmadığını soruşub. Tramp belə bir ölkəni müdafiə etməyəcəyini və əksinə, Rusiyanı “istədiyini etməyə” təşviq edəcəyini bildirib. Eks-prezident bu söhbətin nə vaxt və harada baş verdiyini, həmsöhbətinin kim olduğunu açıqlamasa da, bu misal sisasi rezonansa səbəb olub.
Qadir, Bizimyol.info