Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyanın Qərb "eşq"i və Rusiyadan qopmaq arzusu Ermənistanın "dağılması" ilə nəticələnə bilər"
"Paşinyanın Qərb "eşq"i və Rusiyadan qopmaq arzusu Ermənistanın "dağılması" ilə nəticələnə bilər"

"Nikol Paşinyan 2022-ci ilin dekabrında İrəvanda keçirilən KTMT-nin tədbirində yekun sənədi imzalamaqdan imtina etdi. 2023-cü ilin yanvarından nəzərdə tutulan KTMT-nin Ermənistandakı hərbi təlimlərinə icazə vermədi. Və o zamandan da KTMT-nin tədbirlərinin heç birində iştirak etmədilər. Paşinyanın dediyi kimi Ermənistan KTMT ilə münasibətləri dondurub. Ermənilər bunu Rusiyanın onlara dəstək vermədiyi, Rusiyanın onların yerinə gəlib Azərbaycanla döyüşmək istəmədiyi ilə əsaslandırdılar. Bu səbəbdən də, onlar özlərinə isti bucaq axtarırlar. Bu isti bucağı da Fransada Makronun çətiri altına keçməkdə görürlər".

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Elşad Həsənov bildirib ki, Ermənistanın Qərbə doğru "addım"ları son zamanlar özünü daha qabarıq göstərir. Belə ki, Paşinyan və onun xarici işlər naziri, müdafiə naziri Fransaya tez-tez səfər edir.

Politoloq Elşad Həsənov Elşad Həsənov

“Bu günlərdə Fransanın müdafiə naziri Sebastyan Lekarnu İrəvana gəldi və oraya özü ilə hərbi yardımlar gətirdi. Eyni zamanda Ermənistanla müqavilə bağladılar. Ermənistana müdafiə və hücum silahları, raketlərin də verilməsi haqqında artıq razılığa gəliblər.

Biz son 2 ildə görürük ki, Ermənistan yüksək miqdarda silahlanır. Hindistandan, Amerikadan və bəzi Avropa ölkələrindən silah alır və "hansısa" müharibəyə hazırlaşır. Artıq Ermənistan mətbuatında Azərbaycanın yay aylarında Zəngəzura hücum edəcəyini və oranı işğal edəcəyi haqqında mətbuatda məlumatlar yayırlar. Və bunu da belə əsaslandırırlar ki, həmin dövrdə Qərb ölkələrinin liderləri məzuniyyətdə olurlar və bundan istifadə edərək, hücum edəcəklər. Yəni bunlar öz xəstə təxəyyülü ilə vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Azərbaycan dəfələrlə bildirdi ki, bizim heç kimin torpağında gözümüz yoxdur və biz sülh müqaviləsini imzalamağa hazırıq. Ancaq Paşinyan Qərbin, xüsusilə Makronun tələbi ilə oturub durur. Və Rusiyadan da qopmağa çalışır.

KTMT-dən çıxmaqla yanaşı, eyni zamanda Ermənistan mətbuatında Rusiyanın 102-ci hərbi bazasının da çıxarılması haqqında məlumatlar yayılır. Bunun üçün referendum keçirib, Ermənistanı tərəfsiz ölkə kimi yəni başqa heç bir ölkə ilə də hərbi ittifaq bağlamaması haqqında öhdəlik götürəcəyi haqqında məlumatlar yayılır. Bu məlumatlardan istifadə edərək, Rusiyanın hərbi bazasını oradan çıxarmağa çalışırlar”-deyə Elşad Həsənov bildirib.

Politoloq hesab edir ki, bu da alınan məsələ deyil. Çünki Rusiya bu mövzuda qətidir və onlar bildirirlər ki, hələlik bizim hərbi bazamızın orda yerləşməsi üçün 2046-ci ilə qədər müqavilə var və bizi də heç kim oradan çıxara bilməz. Politoloqun sözlərinə görə, Paşinyanın bu davranışlarına Rusiya siyasətçiləri tərəfindən ciddi reaksiyalar verilir və “əgər Ermənistan bu cür siyasət yürüdərsə, gələcəkdə Ermənistan adlı dövlətin olması sual altında olacaq” deyə bildirirlər.

Ermənistanın KTMT-də fəaliyyətini dondurması məsələsinə Belarus prezidenti fikrini bildirərkən qeyd edib ki, “əgər Ermənistan KTMT-dən çıxsa da təşkilat dağılan deyil, ancaq bu qərardan sonra Ermənistanın özü dağıla bilər”.

Politoloq hesab edir ki, Ermənistanın KTMT-dən və Rusiyanın caynağından qurtarması asan olmayacaq. Qərb onu dəstəkləsə də, bu Ermənistan üçün çox ağır nəticələrə gətirib çıxaracaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »