Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nəzarətsiz qalan "psixi xəstələr" cəmiyyət arasında varsa, ciddi həyati təhlükənin olduğunu qəbul etməliyik"
"Nəzarətsiz qalan "psixi xəstələr" cəmiyyət arasında varsa, ciddi həyati təhlükənin olduğunu qəbul etməliyik"

Ötən gün 25 yaşlı Əhməd Əhmədovun ailəsini qətlə yetirmək xəbəri ilə demək olar ki, bütün cəmiyyət sarsıldı. Əliqanlı qatil ata-anasını, bacısını, qardaşını və bacısının azyaşlı övladını qətlə yetirdi. Dedilər psixi xəstə imiş,dərmanlarını içmirmiş…

Psixi xəstənin cəmiyyət arasında nə işi var? Niyə xəstəxanada deyil?

O qədər cavabsız suallar var ki… Yəqin sıralarımızda da o qədər də planlı, “ağıllı” özünü cəmiyyətə “psixi xəstə” adı altında sırıyaraq, istənilən cinayətin cəzasız qalacağını düşünən məmur balası var…

Kliniki psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, belə xəstələr bizim cəmiyyətdə var və onların dərman qəbulundan asılı olaraq, durumu dəyişə bilər. Onlar nəzarətsiz qalırsa, yəni kimsə onların müalicəsinin gedişatına, dərmanın qəbuluna və vaxtaşırı xəstəxanada yatmasına nəzarət etmirsə, onlardan biz bu kimi hərəkətləri görə bilərik.

Ramin Hacıyev Ramin Hacıyev

Psixoloqun fikrincə, biz onlardan adekvat reaksiya gözləməməliyik. Çünki onlar ruhi xəstədirlər və ruhi xəstələr vəziyyətindən asılı olaraq, mütəmadi ya stasionar ya ambulator müalicə almalıdır.

“Bu kimi xəstələr nəzarətsiz qalanda belə ağır nəticəli hallar ola bilər və olur. Burada yaxın qohumlarının da məsuliyyəti çox böyükdür. Çünki ən azından onlar görür ki, yaxınları dərman qəbul etməyəndə qeyri adekvat hərəkətlər edir. Belə olan halda, onlar xəstəni həkimə yönləndirməli və yaxud ruhi xəstəxanalarda təcili yardım briqadalarına müraciət edilməlidir. Bu təcili yardım briqadaları xəstələri xəstəxanaya yerləşdirmək və yaxud başqa tədbirlər görmək üçün yardım etmiş olurlar”-deyə psixoloq bildirib.

Ramin Hacıyevin fikrincə, bu xəstələrin qəyyumları daim xəstəxana və ya xəstənin müalicə aldığı müəssisə ilə daim əlaqədə olmalıdır. Xəstə daimi olaraq, müalicəyə riayət etdiyi halda və hər şey stabil getdiyi halda belə, vaxtaşırı xəstəxanaya aparılıb müəyyən yoxlamalardan keçirilməli və ciddi nəzarətdə saxlanılmalıdır.

“Müəyyən qurumlar işə götürdüyü zaman və yaxud sürücülük vəsiqəsi verilən zaman psixi sağlamlıq haqqında arayış tələb edilir. Deməli, daha ciddi bir nəzarət olmalıdır. Bu kimi xəstələrin daha ciddi izlənməsi proqramı təşkil olunmalıdır ki, onlar daim daha ciddi nəzarətdə olmalı və daha hansısa dərin formada yoxlamalardan keçməlidirlər ki, belə xoşa gəlməz hallardan cəmiyyətimizi sığortalanmış olaq”-deyə psixoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »