Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Macarıstan prezidenti istefa verdiyini açıqlayıb
Macarıstan prezidenti istefa verdiyini açıqlayıb

Macarıstan prezidenti Katalin Novak pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqala görə istefa verdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Novak bu barədə milli televiziya ilə çıxışında bildirib.

"Mən səhv etdim. Mən sizə dövlət başçısı kimi sonuncu dəfə müraciət edirəm. Mən respublikanın prezidenti vəzifəsindən istefa verirəm", - deyə o qeyd edib.

“Bir çox insanı çaşdıran və narahat edən hümanist bir qərar verdim. Aydındır ki, izahat istəyirlər. Əfv gücü bəlkə də hamısından incə qərardır, çünki insanın taleyi əfv ərizəsi və mövcud məlumatlar əsasında həll edilməlidir”, - deyə Novak qeyd edib.

“Keçən ilin aprelində məhkumun ona əmanət olunan uşaqların zəifliyindən sui-istifadə etmədiyinə inanaraq əfv haqqında qərar verdim. Səhv etdim, çünki əfv qərarı və bəraət hökmünün olmaması pedofiliyaya sıfır dözümlülüklə bağlı şübhələr yarada bilər. Burada heç bir şübhə yoxdur və şübhə də ola bilməz. Məncə, uşaqlara fiziki və ya mənəvi təcavüz edən birinə heç vaxt mərhəmət etməzdim. O vaxt da belə idi, bu gün də belədir”, - deyə prezident bildirib.

O, qərarından incimiş və ruhdan saldığı bütün insanlardan üzr istəyib. Novak qeyd edib ki, “siyasət sərt, bəzən qəddar dünyadır”, lakin o, prezident kimi ölkəsinə və xalqına xidmət etməkdən məmnun olub.

Novak ətrafında yaranmış vəziyyət Macarıstan hökumətində ciddi narahatlıq yaradıb. Mənbələrin bildirdiyinə görə, baş nazir Viktor Orban prezidentin və onun əməkdaşlarının hərəkətlərindən son dərəcə narazı olub. Baş verən qalmaqalı birtəhər söndürmək üçün o, fevralın 8-də parlamentə ölkə konstitusiyasına pedofiliyaya görə məhkum olunmuş cinayətkarların əfv edilməsini qadağan edən düzəliş təqdim etməyi təklif edib.

Macarıstanın bütün müxalifət partiyaları Novakın istefasını tələb ediblər.

Qeyd edək ki, 2022-ci il martın 10-da Macarıstan Dövlət Assambleyasının (Parlament) deputatları hakim sağçı "FİDES - Macarıstan Vətəndaş Birliyi" (FİDES-HUC) partiyasının nümayəndəsi Katalin Novakı ölkənin yeni prezidenti seçiblər. Parlament üzvlərinin üçdə ikisi (səsvermədə iştirak edən 193 deputatdan 137-si) onun lehinə səs verib. Novak Macarıstanın prezidenti vəzifəsini icra edən ilk qadın olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »