Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Divardan asılan kağız parçası"... Azərbaycanda böyük şirkətlər yerli universitet məzunlarını işə az götürür
"Divardan asılan kağız parçası"... Azərbaycanda böyük şirkətlər yerli universitet məzunlarını işə az götürür

Ölkədə universitet diplomu əksər hallarda uğurlu karyeraya zəmanət vermir. Çünki böyük işsizlik var. Bəzən ali təhsil ocaqlarının məzunları belə statusu olmayanlarla müqayisədə daha çətin şərtlərlə yaşamalı olur. Yəni bu ölkədə ali təhsilli olmaq çox şey ifadə etmir. İşsizlik dalğası universitet bitirənlərin həyatını da darmadağın etməyi bacarır.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda böyük şirkətlər yerli universitet məzunlarını işə az götürür. Dövlət Məşğulluq İdarəsinin hazırladığı “Məzunların Məşğulluq Reytinqi” belə nəticəyə gəlməyə kömək olur. Burada məzunların işə qəbulu ilə bağlı ümumi mənzərə aydın görünür. Azərbaycandakı böyük şirkətlər yerli kadrlara isti yanaşmır.

“Agora” Analitik Kollektiv 2018-2021-ci illərdə məzun olan şəxslərin ən çox işə qəbul olunduğu şirkətlərin, qurumların statistikasını hazırlayıb. Məlum olub ki, “Kapital Bank” 478 məzunla hamını geridə qoyub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi 414, “Araz Supermarket” 407, Dost İş Mərkəzi 311, “Unibank” 250, “Kontakt Home” 223, “Rahat Market” 199, “OBA Market” 195, Azərbaycan Beynəlxalq Bankı 182, “Al Market” isə 162 ali təhsilliyə qapı açıb.

Göründüyü kimi, ilk 10-luqda böyük şirkətlər gözə dəymir. Supermarketlərdə iş nə dərəcədə perspektivli sayıla bilər, çox mübahisəlidir. Qida sektorunda kassada əyləşən ali təhsilli kadrları az görməmişik. İqtisadçı Fərid Mehrəlizadənin fikrincə, Dost İş Mərkəzindəki vakansiyaları da çox böyütməyə dəyməz. Çünki ora müraciətlər, adətən, ictimai işlərə yönəldilməsi ilə nəticələnir: “Bu rəqəmlərdən ölkə iqtisadiyyatının və əmək bazarının vəziyyətini aydın görmək olur. Ölkədə bir neçə sahədən kənar sahələrdə böyük şirkətlər formalaşa bilmir. Bu da iş imkanlarını məhdudlaşdırır”.

“Agora” Analitik Kollektiv Azərbaycan İqtisad Universitetinin məzunları ilə bağlı ayrıca statistika hazırlayıb. Bu təhsil ocağının daha çox təmsilçisi işlə təmin olunub. 2018-2021-ci illərdə Azərbaycan İqtisad Universitetindən məzun olanların 61,5 faizi iş tapa bilib. Onların 87 faizi özəl, 13 faizi dövlət sektorunda fəaliyyət göstərir.

Ölkədə işlə bağlı vəziyyət çox acınacaqlıdır. Universitet məzunları üçün gələcək heç də həmişə gözlənildiyi kimi gəlmir. Böyük şirkətlər, dövlət qurumları qapıları açmayanda ali təhsil alanların həyatına işıq düşmür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »