Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran prezidenti Ankarada Ərdoğanla görüşəcək - Azərbaycanla bağlı məsələlər də müzakirə edilə bilər
İran prezidenti Ankarada Ərdoğanla görüşəcək - Azərbaycanla bağlı məsələlər də müzakirə edilə bilər

İran prezidenti İbrahim Rəisi daha əvvəl iki dəfə təxirə salınan Türkiyə səfərini bu gün gerçəkləşdirəcək.

Bizimyol.info xəbər verir ki, Qəzzada davam edən dağıdıcı müharibə və regionda baş verən son hadisələrdən sonra bütün dünyanın nəzərləri Ankarada keçiriləcək kritik zirvəyə çevrildi.

Rəisinin noyabrda keçirilməsi planlaşdırılan Ankara səfəri Qəzzada baş verən hadisələrin diplomatik əks-sədası səbəbindən, yanvarın əvvəlində keçirilməsi planlaşdırılan səfər isə İranda 100-ə yaxın insanın ölümü ilə nəticələnən terror aktı səbəbindən təxirə salınıb.

Bu gün Ankarada keçiriləcək 8-ci Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (YDİK) toplantısına qatılacaq Rəisinin prezident Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü gözlənilir.

Son həftələrdə baş verən hadisələr İranın münaqişələrə daha çox qarışmasına və müharibənin yayılması ilə bağlı narahatlıqların artmasına səbəb olsa da, Rəisinin Türkiyəyə səfəri regionun ən mühüm gündəm mövzularından birinə çevrilib. Yaxın Şərqdə gərginlik addım-addım artdıqca, iki lider Qəzzada qarşıdurmaların necə nəzarət altına alınacağı və müharibənin genişlənməsinin qarşısının alınması yollarını müzakirə edəcəklər.

ABŞ mərkəzli "Al Monitor" xəbər saytı Rəisinin Türkiyəyə ilk səfəri olduğuna diqqət çəkərək, iki dəfə təxirə salınan səfərdə həm iqtisadi razılaşmaların imzalanmasının, həm də İsrail-Həmas müharibəsi ilə bağlı mühüm qiymətləndirmələrin gözlənildiyini yazıb.

İranın rəsmi xəbər agentliyi "İRNA" Rəisinin Türkiyəyə ilk rəsmi səfəri zamanı “yüksək səviyyəli siyasi və iqtisadi nümayəndə heyətinə” rəhbərlik edəcəyini yazsa da, "Tehran Times" qəzeti İran və Türkiyənin İsrailin Fələstin xalqına qarşı davam edən qırğınını şiddətlə tənqid etdiyini bildirib.

Beynəlxalq xəbər agentliyi AFP analitiklərin görüşlə bağlı qiymətləndirmələrini öz təhlilinə daxil edərək, İran və Türkiyənin 535 kilometrlik sərhədi paylaşdığını və sıx iqtisadi əlaqələrin olduğunu vurğuladı.

Clemson Universitetinin professoru Araş Əzizi agentliyə: “Rəisi ilə Ərdoğanın Fələstinlə bağlı simvolik bir açıqlama verməsi mümkündür. Ancaq düşünürəm ki, onların diqqəti daha çox münaqişəyə necə nəzarət etmək üzərində olacaq. Bu, həm Ankaranın, həm də Tehranın istədiyi şeydir”, - deyib.

Ankaradakı təmaslar zamanı prezident Ərdoğanın dövlət başçısına regional sabitliyi vurğulayacağı və bölgə ölkələrinin gərginliyi yaymaqdansa, sülhü təmin etmək üçün tez bir zamanda ortaq siyasət təyin etmələri mesajını verəcəyi gözlənilir. Danışıqlarda PKK ilə mübarizə də gündəmin əsas mövzusu olacaq. Ankara Bağdad administrasiyası və KYB-ni İran-İraq sərhəd-keçid məntəqəsində PKK-ya qarşı tədbir görmələri ilə bağlı xəbərdarlıq etməyə davam edir.

Rəislə görüşlərdə bu məsələnin, eləcə də Suriya, eləcə də, Qafqazdakı hadisələr, xüsusilə Azərbaycanla Ermənistan arasındakı məsələlərin də müzakirə olunacağı gözlənilir.

İki ölkə arasında təmaslardan sonra mədəniyyət, elm, media, daxili işlər, nəqliyyat, ticarət və iqtisadiyyat kimi sahələrdə təxminən on sazişin imzalanacağı gözlənilir. Bildirilir ki, Ərdoğan və Rəisinin ikitərəfli gündəmdə üzərində dayanacaqları ən mühüm məsələ iki ölkə arasındakı ticarətin həcmidir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »