Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ya tribunada, ya dar ağacında...
Ya tribunada, ya dar ağacında...

Sevdiyimiz insanları xatırlamağa heç vaxt ehtiyac olmur. Çünki sevilməyə layiq olanlar heç vaxt unudulmur.

O da ola Aydın kimi aydın...

...“Xalq istəyir ki, sevdiyi adamlar həmişə gözünün qabağında olsun. Tribunada və ya dar ağacında - fərqi yoxdur. Bu da istəyəndə tribuna, istəyəndə dar ağacı düzəltməyi bacaran adamların işini asanlaşdırır”.

Bu dahiyanə frazanın müəllifi Aydın Məmmədov sağ olsaydı, indi ya tribunada olardı, ya da dar ağacında. Hərçənd sağlığında elə tribunanın... dar ağacındaydı; “aşağıların” gözündə “yuxarı”nın adamıydı, “yuxarının” gözündə aşağıların. Aşağılardakı qaragüruhun görə bilmədiyi qədər Aydın, "yuxarılar"dakı qaragüruhun görmək istəmədiyi qədər Aydın.

Başdan-ayağacan – dırnağından telinədək Aydın.

Ancaq bunca Aydınlığı görə bilməyən kor ürəklər də var idi. Həm də az deyildilər. "Yuxarı"da da vardı, "aşağı"da da.

Bəlkə elə buna görə Aydın “orta xətt” üzərində gedirdi; Ramiz Rövşən demişkən, özü öz yolu idi Aydın. Və müstəqil olmaq üçün çarpışan-çabalayan məmləkətin “yuxarı”sı ilə “aşağı”sını ümumi nöqtələrə gətirib barışdırmağa çalışırdı.

Bu, onun həm ən böyük xidməti, həm də, yəqin ki, ən böyük "səhv"i idi. Bu "faydalı yanlış"ı məntiqi sonluğa çatdırmağa gücü çatmadı. Daha doğrusu, ömrü yetmədi; əlli yaşına üç il qala çıxıb getdi...

Karl Qustav Yunq deyirdi: “Həyat tam anlamıyla 40 yaşdan sonra başlayır. O vaxta qədərki ömür, sadəcə, araşdırmalara həsr olunur".

O hesabla götürsək, Aydın vur-tut yeddicə il yaşayıb. Ona qədər isə yalnız və yalnız araşdırmalara həsr olunmuş bir ömür sürüb. Sonucda böyük alim olub, böyük mütəfəkkir olub, türkoloq olub, filoloq olub, filosof olub, publisist olub... Olub da olub. Həm də hansı işdən yapışıbsa, hansı sferada kim olubsa, özü kimi olub. Yaxşısından.

Amma sağdan da “vurdular” onu, soldan da. “Aşağılar”dan da zərbə aldı, “yuxarılar”dan da.

Dediyim kimi, sağlığında kimsə “hökumətin adamı”, kimsə “müxalifətin adamı” kimi tanıtmaq istəsə də, Aydın dövlətin və millətin adamı idi. Bu insan dövlət xadimi idi, amma heç vaxt hökumət məmuru olmadı. İctimai xadim idi, heç vaxt müxalifət funksioneri olmadı. Hərçənd olmaq istəsə, ya orda, ya burda mütləq liderlik məqamında olacaqdı.

...Əli Kərimi bilirsiniz. İncə təbli, nakam şairimiz. Cəmi 38 il yaşayıb; Yunqun hesablamasına görə, tam anlamıyla həyata başlamadan bu dünyadan gedib.

Kimdir Əli Kərim?! Bir cümlə ilə ifadə etsəm: Əli Kərim öz əcəli ilə vəfat etmiş Mikayıl Müşfiqdir. Mikayıl Müşfiq isə güllələnmiş Əli Kərimdir.  Bax, həmin o “öz əcəli ilə vəfat etmiş Mikayıl Müşfiq” deyirdi ki, zülməti kor da görür. Bu sözdən anladığım: başlıcası işığı görə bilməkdir. Həm də zülmətin içində. Aydın olmaq budur. Öz işığı olanlar qaranlığı da aydınladır. İşığı olmayanlar isə aydınlığa da kor baxır. Aydınlığa kor baxan, təbii ki, Aydını xor görəcəkdi.

Amerikalı yazıçı Cak Palanikin "Gündəlik" romanındakı personaj deyir: "İşığı söndürün. Mən işığa baxa bilmirəm".

Aydın da ola bildiyi qədər, bəlkə ola bildyindən də çox aydın, işıqlı bir simaydı; varlığından həyat umanlar çox idi, rahatsız olanlar da vardı.

Bax, siz, tutaq ki, qora bişirən ayda, günorta çağı – günün qalxan vaxtında gözünüzü çəkmədən Günəşə neçə saniyə baxa bilərsiniz?!

Bəli, doğrudur: uzün müddərət baxmaq olmur. Aydının da elə bir işığı var idi; hər kəsə yetəcək qədər gur, ancaq hər kəsin də başını qaldırıb axıra qədər baxa bilmədiyi, baxanların da axıra qədər görə bilmədiyi bir nəhəng nur topu idi. İçində təlatümlər vardı, partlayışlar vardı; içi özünü, çölü özgələri yandıran bir canlı obrazdı. Tam anlamıyla yaşaya bilmədiyi həyatı, cəmi “yeddi il” sürdüyü ömrü də hamar deyildi ki. Nə şəxsi xoşbəxtlik anlamında, nə ictimai xoşbəxtlik anlamında. Toplumun havası ilə nəfəs alan adam milli faciələr fonunda fərdi bəxtəvırliyini necə tapacaqdı ki?!

Bəli, xalq istədi ki, sevdiyi bu adam da həmişə gözünün qabağında olsun. Tribunada və ya dar ağacında – fərqi yoxdur. Ona görə də xalqa bu qədər Aydın olan Həqiqəti ilıq bir aprel günündə o dar ağacından endirib, o tribunadan düzəltiyimiz tabutun içinə qoyduq, Şəkiyə aparıb doğulduğu Kiş kəndində qara torpağa tapşırıb gəldik. Qara torpağın da üzü ağ olsun, əmanətimizi çoxdan gözlədiyi doğması kimi sevinə-sevinə qarşıladı, bağına basdı, 33 ildir ki, sevə-sevə qoynunda saxlayır. Bax, elə o vaxt-bu vaxtdır, Aydın özünün Axirət ömrünü öz doğma kəndindən keçən dağ çayının nərəsini dinləməklə keçirir.

...Aydın Məmmədov başqa bir aydınımızla - professor Dilarə Əliyeva birlikdə Qaxda siyasi terrorun qurbanı olmuşdu. Keçmiş Şər imperiyasının məlum və məlun mərkəzi onunla "dil tapa bilmədi". Aydının Azərbaycan cəmiyyətini və hakimiyyətini ortaq nöqtələrdə bir araya gətirməyə çalışması Moskvanı narahat edirdi. Eyni zamanda Aydın Məmmədov öz ziyalı dostları, həmfikirləri ilə birlikdə Gürcüstanla Azərbaycan arasında - bu iki qədim və qonşu xalq arasında körpülər salırdı. Yandırılan mənəvi körpüləri yenidən inşa edirdi. Bu da o zaman can üstündə olan İttifaq mərkəzini qıcıqlandırırdı. Sonunda Aydına faciəli bir son yaşatdılar. Aydın Məmmədov da 20 Yanvar, Qarabağ şəhidləri kimi istiqlal və millət davasının şəhidi oldu.

Aydın Məmmədov Azərbaycanın müstəqilliyi və xalqın azadlığı uğrunda milli savaşın birinci sırasında idi. Hətta ən birincilərdən biri idi. Di gəl ki, Google-da "Aydın Məmmədov" yazanda qarşıma birinci polis generalı çıxdı.

Allah hər iki Aydının ruhlarını şad eləsin!

Görünür ki, axtarış maşınına çox şey hələ olduğu qədər Aydın görünmür. Olsun. Onsuz da Aydın Məmmədov zamanın harasından baxsaq, aydın görünür. Həmişə də görünəcək! Ona görə ki, həyatda boyu uca olduğu kimi, Tarixdəki yeri də ucadadır...

P.S. Bu cızmaqaram layiqi deyil, amma ilk iş yerimdə ilk müdirim, mənəvi müəllimlərimdən biri, böyük Şəxsiyyət, nüfuzlu ziyalı, dərin intelkekt sahibi Aydın Məmmədovun anadan olmasının 80 illiyinə hədiyyədir. Əminəm ki, Aydın müəllimin ruhu bu kiçik hədiyyəni böyük sevinclə qəbul edəcək. Ruhunuz hər zaman şad olsun, Azman Adam! Yeriniz həmişə görünür...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »