Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mebel sexində baş vermiş partlayışa görə mağaza rəhbərliyinə və mərhumların ailə üzvlərinə yardım edilə bilər?
Mebel sexində baş vermiş partlayışa görə mağaza rəhbərliyinə və mərhumların ailə üzvlərinə yardım edilə bilər?

Ötən gün Dərnəgüldə yerləşən mebel sexində baş vermiş partlayışla 7 nəfərin dünyasını dəyişdiyi bildirilib. Dünyasını dəyişən həmin vətəndaşlarımızın ailə üzvlərinə kompensasiya ödənilməsi və obyektə dəymiş ziyanın bərpa olunmasında sığortanın önəmi və əhəmiyyəti nə qədərdir? Dünyasını dəyişmiş şəxslərə kompensasiya ödənilməsi üçün onların sığortalı işçilər olması şərtdirmi, yoxsa dövlət sığorta olmadan da mağaza rəhbərliyinə və mərhumların ailə üzvlərinə yardım edə bilər?

Mövzu ilə əlaqədar sığorta eksperti İlkin İbrahimov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

"Bu məsələ ilə bağlı bildirmək istəyirəm ki, öncəliklə həmin obyektin sənədləri qaydasında olmalıdır. Əgər sənədləri qaydasındadırsa, sığorta təminatı mütləq olmalıdır. Çünki orada obyektlə bağlı daşınmaz əmlakın icbari sığortası olacaq. Hansı ki, bu sığorta daşınmaz əmlaka dəyən ziyanı qarşılayır. Bununla yanaşı, əgər qarşı tərəfə - yəni üçüncü şəxslərə ziyan dəyirsə, hansı ki, orada bir neçə nəfərin dünyasını dəyişdiyi bildirilir, burda da daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növü üzrə sığorta şəhadətnaməsi olmalıdır.

Qeyd etmək istəyirəm ki, hər iki şəhadətnamə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) bu sığorta növlərinin tətbiqinə cavabdehdir. FHN yanğın təhlükəsizliyi qaydaları aktı müəyyən edir, həmin aktdan sonra sığorta şirkətləri də məcburi şəkildə sığortalanmalı, yəni icbari sığorta olunmalıdır. Digər tərəfdən, üçüncü bir sığorta növü də var ki, ona daşınar əmlakın könüllü sığortası deyilir. Adından da oxuduğumuz kimi bu, könüllü sığortadır. Yəni sahibkarın özü istəsə, edə bilər, istəməsə də etməz. Bu məsələ ilə bağlı da daşınar əmlakın (həmin obyektin içində sıradan çıxan məhsullara aiddir - İ.İ) sığortası növü də olmalıdır. Əgər orada bu üç sığorta növü olsa, hadisəni kompensasiya etmək mümkündür. Ancaq onu da xüsusi qeyd edim ki, bildirdiyimiz üç sığorta növündən heç olmasa, ikisi məcburi qaydada olmalıdır ki, dövlət bu məsələdə köməklik göstərə bilsin. Həmçinin, orada dördüncü sığorta - həyat sığortası da olmalıdır ki, işçi orada daimi olaraq çalışırsa, o zaman Dövlət Əmək Müfəttişliyi bədbəxt hadisələrlə bağlı əgər vətəndaş sağdırsa özünə, həyatını itiribsə, yaxınlarına kompensasiya ödənilməsi istiqamətində iş apara bilsin" - deyə, sığorta eksperti qeyd edib.

Məlumat üçün qeyd edək ki, dünən paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verib. Hadisə nəticəsində yeddi nəfər həyatını itirib. Hadisənin təfərrüatları isə araşdırılır.

P.S. Baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişən həmvətənlərimizin ailə üzvlərinə, sevənlərinə dərin hüznlə baş sağlığı veririk. Ruhları şad olsun!

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »