Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkərli diabet xəstələrinin sayı sürətlə artır: Aşağı səviyyəli səhiyyə, stres, ümidsizlik, keyfiyyətsiz qida...
Şəkərli diabet xəstələrinin sayı sürətlə artır: Aşağı səviyyəli səhiyyə, stres, ümidsizlik, keyfiyyətsiz qida...

Ölkədə şəkərli diabet xəstələrinin sayı təhlükəli həddə çatıb. 2023-cü ildə daha 30,5 min nəfərdə bu xəstəlik qeydə alınıb. Ümumi say 385 min nəfəri keçib. Təsəvvür edin, ölkədə hər 26 nəfərdən biri şəkərli diabet xəstəliyindən əziyyət çəkir.

Bizimyol.info xəbər verir ki, şəkərli diabet qanda şəkərin artımı ilə müşayiət olunan xəstəlikdir. Bir çox hallarda xəstənin hansı bəlaya düçar olmasından xəbəri olmur. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada 187 milyondan çox insan hələ də diabet olmasından xəbərsizdir.

Mütəxəssislər bütün məsuliyyəti pasiyentlərin üzərinə atmağın əleyhinədir. Yəni xəstəliyə yoluxmanı təkcə xəstənin yanlış həyat tərzi seçməsinə bağlamaqla razılaşmırlar. Əlbəttə, insanlar qanda şəkərin miqdarını idarə etməyə alışmalıdır. Amma sosial, iqtisadi, psixoloji problemlərin şəkərli diabet xəstəliyinə ciddi təkan verməsini də danmaq olmaz.

Əhalinin 4 faizə qədərinin bu xəstəlikdən əziyyət çəkməsi çox məyusedici mənzərə yaradır. Ölkədə sosial-iqtisadi vəziyyətin yaxşı olmaması həm də bu şəkildə özünü göstərir. Həyat şərtlərinin qənbaətbəxş olmaması, xeyli ağırlaşması xəstələrin sayına da təsirini ortaya qoyur.

Sosial mediada müzakirələr zamanı düzgün qidalanmamağı qabardanlar olub. Yağlı yeməklərin, çörəyin, şirin içkilərin zərərindən bəhs edərək xalqı qınayanlar tapılıb. Amma ümumi fikir belədir ki, ağır sosial şərtlər xəstəliyin sürətlə artmasına xidmət edir.

Valeh Abdullayev yazır ki, bu qədər stres yaşayan toplumda şəkərli diabetin çox yayılması təbiidir: “Gündüz, gecə stres. Rəzil olub millət. Nə edim, necə edim fikirləşməkdən şəkər də olar, xərçəng də...”

İsmayıl Mahmud səhiyyənin səviyyəsinin aşağı olmasını, qidaların keyfiyyətsizliyini xüsusi qabardır. Cəvahir Əliyeva minimum əməkhaqqının 345 manat olduğu ölkədə sağlam nəsil böyütməyin mümkünsüzlüyünü bildirir. Bəşir Allahyar hesab edir ki, ümumi ümidsizlik xəstəliyə təkan verir.

Ümumiyyətlə, rəylərin əksəri vurğunu sosial-iqtisadi vəziyyətin ağırlaşmasının, psixoloji gərginliyin üzərində qoyur. Üstəlik, şəkərli diabet xəstələrinə lazımi diqqət göstərilmir. Pasiyentlər insulin qələmləri əldə etmək üçün çox əziyyət çəkir. Bu xəstəliklə mübarizə aparanlar yazır ki, apreldə həmin qələmlərdən ala bilməyiblər, hər dəfə “yoxdur” cavabını eşidiblər. Halbuki dövlət proqramı hər xəstəyə belə imkan nəzərdə tutur.

Ölkədə bütün həyat təhlükəsi yaradan xəstəliklərlə bağlı statistik göstəricilərdə artım var. Rəqəmlər özü həyəcan təbili çalır. Prosesə ən yüksək səviyyədə müdaxilə olunmalıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »