Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentə müraciət - "Ədəbi dilimizin zənginləşməsi prosesini tənzimləyən quruma ehtiyac var"
Prezidentə müraciət - "Ədəbi dilimizin zənginləşməsi prosesini tənzimləyən quruma ehtiyac var"

Ziyalılar Prezidentə müraciət etdi: "Ədəbi dilimizin zənginləşməsi prosesini tənzimləyən quruma ehtiyac var"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

             Möhtərəm Prezident!

Azərbaycan Respublikasında dövlət dilinin qorunması və inkişaf etdirilməsi bütün vətəndaşların şərəfli borcudur. Azərbaycan dili yüzillər boyunca cilalanmaqla daim yenilənmiş, qazandığı yeni sözlər hesabına zənginləşmiş və bu minvalla indiki gözəlliyinə çatmışdır. Bu dilin formalaşmasında İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi şairlərimizin, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Mir Cəlal Paşayev kimi yazıçı və dramaturqlarımızın,  eləcə də bir sıra elm və mədəniyyət xadimlərimizin böyük əməyi olmuşdur.

Ulu öndərimiz Heydər Əliyev ölkəmizdə Azərbaycan dilinin işləkliyinin daim qayğısına qalmış, dövlət orqanlarında doğma dilimizdən istifadəni ciddi şəkildə tələb etmişdir. Məhz onun 2002-ci ildə imzaladığı fərmanla “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilmişdir.

Bu gün də dövlət dilimizin xüsusi qayğıya ehtiyacı var. Qloballaşmanın, elmi-texniki tərəqqinin sürətli gedişatı dilə yeni sözlərin gəlməsini tələb etdiyi bir dövrdə dilimizə labüd olaraq yeni terminlər daxil olur. Bu terminlərin, demək olar ki,  hamısı əcnəbi dillərdən alınmadır və əksəriyyətinin Azərbaycan dilində qarşılığı yoxdur. Kortəbii termin axını dili zənginləşdirmək əvəzinə, onun təbiətinə zidd meyillərin ortaya çıxmasına səbəb olur. Görünən budur ki, son vaxtlar həyatımızın müxtəlif sahələrində söz yaradıcılığı günün tələbləri ilə ayaqlaşa bilmir. Ona görə də dilə termin axınını şərtləndirən prosesi tənzimləyə biləcək məsul bir qurumun yaradılmasına ehtiyac vardır. Məsələn, qardaş Türkiyə Cümhuriyyətində otuza yaxın ştatlı əməkdaşı olan bir təsisat mövcuddur. Onlar dilin yenilənməsi prosesini nəzarətdə saxlayır, yeni terminlərin türk dilində qarşılığını yaradır.

Möhtərəm Prezident!

Biz hesab edirik ki, ölkəmizdə də müvafiq qurumun yaradılmasına böyük ehtiyac vardır. Bu qurum dilimizə daxil olan əcnəbi mənşəli terminləri araşdırıb zərurət  yaranarsa, ana dilimizin daxili imkanları hesabına yeni sözlərlə əvəz edə bilər. Səhiyyə, təhsil, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsində əcnəbi dillərdən alınma terminlər xüsusilə çoxluq təşkil edir. Müvafiq sahələrdə çalışan ixtisaslı kadrların iştirakı ilə belə bir qurum yaradılarsa, Azərbaycan dilinin lüğət tərkibinin mahiyyətcə dolğunlaşması, inkişafı, zənginliklərinin qorunub saxlanması və müasirləşməyə uğurla uyğunlaşa bilməsi üçün çox gözəl imkanlar açıla bilər.

             Möhtərəm Prezident!

İnanırıq ki, təklifimiz dövlət əhəmiyyətli bir məsələ kimi diqqətinizi cəlb edəcək və sırf sözügedən işlərlə məşğul olacaq ştatlı mütəxəssislərdən ibarət müvafiq dil qurumunun yaradılması məsələsi tezliklə həllini tapacaqdır.

Hörmətlə

  1. Zümrüd Dadaşzadə, professor
  2. Aida Qasımova, professor
  3. Fəxrəddin Veysəlli, professor
  4. Qulu Məhərrəmli, professor
  5. Ədalət Tahirzadə, professor
  6. Elmira Məmmədova-Kekeç, professor
  7. Ramazan Qafarlı, professor
  8. Tərlan Quliyev, professor
  9. Seyfəddin Rzasoy, professor
  10. Qurban Bayramov, professor
  11. Səadət Şıxıyeva, dosent
  12. İradə Musayeva, dosent
  13. Əkrəm Bağırov, dosent
  14. Pərvanə Məmmədli, dosent
  15. Dürdanə Rəhimzadə, dosent
  16. Könül Nəhmətova, dosent
  17. Aybəniz Rəhimova, dosent
  18. Afaq Yusifli, dosent
  19. Güldəniz Qocayeva, dosent
  20. İsmayıl Məmmədov, dosent
  21. Yeganə Kərimzadə, yazıçı
  22. Nəriman Əbdülrəhmanlı, yazıçı
  23. Fuad Islamzadə, dosent
  24. Vasif Sadıqlı, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri
Son xəbərlər
Bütün xəbərlər »