Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tərsinə "işləyən" bazar sistemi: Rusiyaya tonlarla satılan və "kiçilən" yumurta bu dəfə niyə bahalaşdı?
Tərsinə "işləyən" bazar sistemi: Rusiyaya tonlarla satılan və "kiçilən" yumurta bu dəfə niyə bahalaşdı?
Bir neçə gün öncə Azərbaycan Rusiyaya 36 ton (bunun 612 min ədəd yumurta olduğu bildirilir) yumurta ixrac edib. Onsuz da ölkədə fantastik qiymətlərlə satılan yumurtanın bir də bayramöncəsi xarici ölkəyə ixrac olunması yumurta qiymətlərinin yenidən artmasına səbəb olub. Başqa ölkələrin təcrübəsində ixrac olunan ərzaq məhsullarının qiyməti daxili bazarda enir və məntiqli olan da budur. Ancaq Azərbaycanda bu qanun tərsinə işləyir: ölkədən ixrac olunan məhsul daxili bazarda daha da bahalaşır.

  • Azərbaycanda vətəndaşların yumurtaya olan tələbatı nə qədərdir?
  • Bu məhsulu xarici ölkə bazarına çıxarmağımız məntiqlə bizdə onun bol olduğundan xəbər verir. Bəs yumurtadan boluqsa, onda nəyə görə bir yumurtanın qiyməti 30 qəpiyə dirənir, hətta bəzən onu keçir?
  • Qiyməti artdıqca həcmi kiçilən yumurta nəyə görə azarbaycanlılar üçün "əlçatmaz" mərtəbəyə yüksəlir?

Təəssüf doğuran məqam həm də odur ki, təkcə yumurta yox, elə bir çox başqa kənd təsərrüfatı məhsulları da ölkə bazarında "od qiyməti"nə satılır, ancaq xaricə, xüsusilə də Rusiya bazarına tonlarla göndərilir. Məsələn, buna pomidoru misal çəkə bilərik. Ötən ilin yaz aylarında pomidorun qiyməti bananı üstələmişdi. Bir kq pomidorun pulu ilə 3 kq banan almaq olurdu. Satıcılar deyirdilər ki, pomidorlar xarici bazara çıxarıldığından, qiymət bahalaşıb. Daha sonra göndərilən həmin məhsullar hansısa səbəbdən sərhəddən geri qaytarıldı və pomidorun qiyməti aşağı düşdü. Nəyə görə daxili bazar üçün yetərli olmayan kənd təsərrüfatı məhsulları ölkədən ton-ton çıxarılır? Xüsusilə də bayramöncəsinə təsadüf edən bu fəaliyyət bazarlarda qiymətlərin qəfil qalxmasına gətirib çıxarır. Yumurtanın qiymətinin qəfil qalxması barədə isə indi satıcıların qəti bir fikri yoxdur. Onlar bildirir ki, firma onlara qiyməti indi bir neçə qəpik daha baha satır. Yumurtanın qiymətinin birdən-birə belə artması isə digər ərzaq məhsullarının bahalaşmasına ciddi təkan verə bilər.

Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası yumurta qiymətinin qalxması haqda bildirib ki, hazırda pərakəndə satış zamanı yumurtanın qiymətinin artmasına ciddi səbəb yoxdur. Çünki yumurtanın müəssisədən çıxış qiymətində artım edilməyib: "Bizim gündəlik istehsalımız beş milyon civarındadır və gündəlik istehlak tələbatımız üç milyon altı yüz min civarındadır. Yerdə qalan bir milyon dörd yüz min gündəlik yumurtanı yaxın şərq ölkələrinə, o cümlədən, Rusiya Federasiyasına ixrac edirik" - Assosiasiyanın sədri Mürvət Həsənli bildirib.

Ölkədə ixracına başlanılan istənilən ərzaq məhsulunun qiyməti "nədənsə" nəzarətsiz şəkildə qəfil artır və hər dəfə belə halla rastlaşdıqda, bu problemə nəzarət etməli olan qurumlar məhsulun qiymətinin artmasına ciddi səbəb olmadığını dilə gətirirlər. Yaranmış vəziyyətin bayramöncəsi digər ərzaq məhsullarına təsir edəcəyi istisna edilmir.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »