Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Talassemiyalı uşaqların Türkiyədə müalicəsi adı ilə 1 milyonluq mənimsəmə: daha bir nəfər həbs olundu
Talassemiyalı uşaqların Türkiyədə müalicəsi adı ilə 1 milyonluq mənimsəmə: daha bir nəfər həbs olundu

Talassemiyalı uşaqları Türkiyədə müalicə etdirmək adıyla onların ailələrini aldadıb, ümumilikdə 980 min manat pulu ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour" şirkətlərinin rəhbəri Nuridə Seyidova və daha iki nəfərin - Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi keçirilir. Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunan bu 3 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bizimyol.info xəbər verir ki, 36 nəfəri aldadıb, onların 1 milyon manata yaxın pulunu ələ keçirməkdə ittiham olunan 3 nəfər təqsirləndirilən şəxsdən yalnız Nuridə Seyidova həbsdə idi. Digərləri haqqında isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Daha bir nəfər - Aynur Bayramova mayın 1-də məhkəmə zalında həbs edilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş Şahbacı İsayeva vəsatət qaldıraraq, Aynur Bayramovanın həbs olunmasını istəyib. Onun sözlərinə görə, xəstə nəvəsini Türkiyədə əməliyyat etdirmək adıyla onlardan 34 min manat pul alınıb: "Kürəkənim pulu videoçəkilişlə Aynur Bayramovaya verib. O pul nəvəmi təcili Antalyada əməliyyat etdirmək adıyla alınıb. Bizdən 20 min dollar istədi. Biz də manatla 34 min verdik".

Zərərçəkmiş əlavə edib ki, hələ də verdikləri pulun borcunu ödəyirlər. Digər zərərçəkmişlərin bir çoxu vəsatətin təmin olunmasını istəyib. Onlardan bəziləri təqsirləndirilən Aysel Məmmədovanın da həbs olunmasını tələb edib.

Təqsirləndirilən şəxslərin vəkilləri isə vəsatətin əsassız olduğunu bildirərək, onun təmin olunmamasını istəyiblər.

"Prosessual əsaslar dəyişməyib - Aynur Bayramova məhkəmədən yayınmayıb, zərərçəkmişlərə, şahidlərə təsir göstərməyib. Məhkəmənin çağırışlarına vaxtlı-vaxtında gəlib. Vəsatət əsassız olduğuna görə xahiş edirəm, təmin olunmasın", - deyə Aynur Bayramovanın vəkili bildirib. Onun özü də vəsatətə etiraz edib. Hakimlərin diqqətinə çatdırıb ki, himayəsində xəstə azyaşlı övladı var.

Lakin hakimlər müqavirədən sonra vəsatətin təmin olunduğunu açıqlayıb. Qərara əsasən, Aynur Bayramova barəsindəki ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib, o, məhkəmə zalında həbs edilib.

Aynur Bayramova qərara etiraz edib, azyaşlı uşağının onkoloji xəstə olduğunu bildirib: "Evdə xərçəng xəstəsi olan övladım var. Siz nə edirsiniz?"

Məhkəmə zalında olan yaxınları Aynur Bayramovanın özünün də onkoloji xəstə olduğunu bildiriblər. Həbs edilən Aynur Bayramovanın vəziyyəti pisləşdiyinə görə məhkəmə prosesi təxirə salınıb.

Məhkəmə prosesi mayın 8-də davam edəcək.

Təqsirləndirilən şəxslərdən Aynur Bayramova və Aysel Məmmədova özünü təqsirli bilmir, bu dələduzluq işinə onların aidiyyəti oımadığını deyirlər. Onlar Nuridə Seyidovanı ittiham edirlər. Nuridə Seyidova isə özünü qismən təqsirli bilir.

Talassemiyalı xəstələrin valideynlərinin polisə şikayətləri əsasında 2023-cü ilin fevralında bu cinayət işi başlanıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »