Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adında "r" hərfi olan aylarda balıq yemək olar? - "Hisə verilmiş, konservləşdirilmiş balıqlardan qorunun"
Adında "r" hərfi olan aylarda balıq yemək olar? - "Hisə verilmiş, konservləşdirilmiş balıqlardan qorunun"

Bu gün demək olar ki, əksər mağazalarda, bazarlarda diri balıq satılır. “Göl balığı”, “çay balığı”, “dəniz balığı” kimi ifadələr də satıcıların dilindən düşmür. Əvvəllər deyilirdi ki, adında “r” hərfi olmayan aylarda balıq yemək olmaz. Əgər yeyilərsə, qida zəhərlənməsinə səbəb ola bilər.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ilin bütün fəsillərində balıq yemək olar. Balıq düzgün şəraitdə saxlanılarsa, təhlükəli deyil.

Eyyub Hüseynov Eyyub Hüseynov

Ekspertin sözlərinə görə, balıq nə qədər qidalı bir məhsul olsa da o qədər də riskli məhsuldur. Yəni tez çirklənən tez zəhərlənmə yarada bilən məhsuldur. Xüsusən hisə verilmiş, konservləşdirilmiş balıqlar və təzə balıqlar köhnəlibsə, bu qida çox qısa zamanda ciddi zəhərlənmələrə səbəb ola bilər.

“Uzun illər Bakı küçələrində balıqların satılmasını görmüşük. Zənbillərdə, uşaq arabalarında satılmasını görmüşük. Amma zaman keçdikcə vəziyyət düzəlir. Balıqların açıq buzlu soyuducularda saxlanıldığını görürük, bu da yaxşı dəyişiklikdir. Bununla belə, bəzi bazarlarda vannalara su doldurub içərisinə diri balıqlar salındığını görürük. Lakin bütün hallarda xüsusən də Azərbaycan şəraitində balıqlar məsələn “Keşlə” bazarında satılan kimi satılmamalıdır. Ən uyğunu, “Yaşıl bazardakı” kimi satılmalıdır. Yəni mütləq buzlu soyuducularda satılmalıdır”-deyən ekspert bildirib ki, balıq alan zaman insanlar onun təzəliyinə fikir verməlidir.

“Məsələn; balığın gözü batıqdırsa, deməli, köhnə balıqdır. Pulları tökülübsə, burada da şübhə yarana bilər”-deyən ekspert bildirib ki, balığın ətrinə baxmaq lazımdır. Qulağın altında açıq qırmızı rəng varmı, müşahidə etmək önəmlidir. Balığı xüsusi şəraitdə saxlanılan yerlərdən almaq lazımdır”-deyə ekspert əlavə edib.

Eyyub Hüseynov bildirib ki, bir çox ölkələrdən Azərbaycana balıq gətirilir. İrandan, Türkiyədən, Belarusdan və digər ölkələrdən Azərbaycana balıqlar gətirilir.

Ekspertin sözlərinə görə, balıqlar 2 cür olur. Süni göllərdə yetişdirilən balıqlar, digəri dəniz və okeanlardan tutulan balıqlar.

““Azad İstehlakçılar” Birliyi həmişə deyir ki, “baytarın əli nəyə çatmırsa, onu yeyin”. Yəni dəniz balıqlarına üstünlük verin. Süni göllərdə yetişdirilən balıqlara antibiotiklər və yeni dərmanlar, süni yemlər verilir. Onlar cəlbedici olsalar da, müqayisə etsək, o biri balıqlar daha üstündür. Bunlara əhəmiyyət vermək lazımdır. İstehlakçının hüququ var ki, satıcıdan onun yaşamaq mənbəyini soruşsun”-deyə Eyyub Hüseynov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »