Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məmur övladlarına görə müstəntiq məhkəmədə cavab verəcək
Məmur övladlarına görə müstəntiq məhkəmədə cavab verəcək

Nardaran qəsəbəsindəki məşhur “Sea Breeze” dənizkənarı istirahət mərkəzində məmur övladları arasındakı kütləvi dava ilə bağlı məhkəmə araşdırmaları davam edir. Sözügedən dava iyunun 11-də baş verib. Hazırda bu qalmaqalla bağlı ayrı-ayrılıqda iki cinayət işi üzrə məhkəmə prosesləri gedir.

Bizimyol.info xəbər verir ki, bu məhkəmə proseslərindən birində təqsirləndirilən şəxs qismində 4 nəfər hakim qarşısına çıxarılıb: Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və yetkinlik yaşına çatmadığına görə ad-soyadını açıqlamadığımız M.Ə. Adları çəkilən təqsirləndirilən şəxslərdən üçü həbsdədir. Yalnız Sumqayıt məktəblərindən birinin şagirdi olan M.Ə. haqqında istintaq və məhkəmə dövrü üçün alternativ növdə qətimkan tədbiri seçilib.

İki nəfər - Elnur Məmmədov və Cavad Muradov isə bu işdə zərərçəkmiş qismində tanınıb.

Adları çəkilən təqsirləndirilən və zərərçəkmişlər arasında bir sıra məmurların övladları var. Məsələn, təqsirləndirilən Elmir İsmayılov Müdafiə Sənayesi Nazirliyinin Aparatının rəhbəri olmuş Üzeyir İsmayılovun oğludur. İsmayılovlar mərhum Müdafiə sənayesi naziri Yavər Camalovun qohumlarıdır. Eyni zamanda, Elmir İsmayılovun əmisi uzun illər Baş prokurorun birinci müavini vəzifəsində çalışmış Rüstəm Usubovun kürəkənidir.

Zərərçəkmişlərdən Cavad Muradov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə rəisi Vahid Muradovun oğludur. Digər zərərçəkmiş Elnur Məmmədov isə Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini, daha sonra Minatəmizləmə Agentliyində Aparat rəhbəri olmuş Leysan Məmmədovun oğludur. Onun hazırda irimiqyaslı tikinti işlərilə məşğul olduğu bildirilir.

Budəfəki məhkəmə iclasında təqsirləndirilən məktəbli M.Ə. ifadə verib. O, bildirib ki, qohumu Mikayıl, hazırda müttəhimlər kürsüsündə olan Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Elmirin qardaşı Elgün İsmayılovla birlikdə Mərdəkan qəsəbəsində olublar. Gecə saatlarında Elgün İsmayılova qardaşı Elmir zəng eləyib, “Sea Breeze”ə gəlməsini, onu xəstəxanaya aparmasını istəyib. Və onlar birlikdə “Sea Breeze”ə gəliblər.

M.Ə. deyir ki, davanın necə baş verdiyini görməyib. Sadəcə, Peyman Vəlizadənin başından qan axdığını görüb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən məktəblinin istintaqdakı ifadəsi tamam fərqlidir. “Sea Breeze”dəki dava ilə bağlı həmin ifadədə başqa şeylər yazılıb. M.Ə. istintaqa ifadəsini təsdiqləməyib. O, bildirib ki, müstəntiq ona təzyiq göstərib. Yetkinlik yaşına çatmadığına görə valideyninin iştirakıyla dindirilməli olsa da, dindirmədə atası iştirak etməyib. Onun sözlərinə görə iki gecə, üç gün təcridxanada qalıb, müstəntiq ona evə gedəcəyini deyərək, aldadıb və ifadəyə qol çəkdirib. Belə olan halda, prokuror vəsatət qaldırıb ki, istintaqı aparmış Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Əlibala Hacıyev məhkəməyə çağrılıb dindirilsin. Təqsirləndirilən şəxslərin vəkilləri buna etiraz ediblər. Onlar bildiriblər ki, onsuz da müstəntiq gəlib qanun pozuntusuna yol verdiyini təsdiqləməyəcək. Bu üzdən onu çağırmağın mənası yoxdur. Lakin hakim Mirheydər Zeynalov prokurorun vəsatətini təmin edib.

Müstəntiq dekabrın 12-də bu iş üzrə məhkəmədə dindiriləcək.

Məhkəmədə həmçinin telefon anten məlumatlarıyla bağlı məsələ də müzakirə olunub. Vəkil həmin məlumatlara əsaslanaraq deyir ki, Məhəmməd Həsənzadə “Sea Breeze”də dava olanda orada yox, Mərdəkanda olub. Prokuror isə deyir ki, həmin telefon nömrəsi Məhəmməd Həsənzadənin öz adına olmadığına görə ona məxsus olub-olmaması da şübhəlidir. Ona görə əlavə araşdırmaya ehtiyac var.

Vəkillər isə bu arqumentlə razılaşmır: “Nə qədər insan var ki, onların nömrələri öz adlarına deyil. Məsələn, məktəblilərin telefonları var, amma nömrələri valideynin adınadır. Gəlib-gedən zənglərdən də görünür ki, bu adam həmin nömrəni işlədib”.

Eyni hadisə ilə bağı digər məhkəmə prosesində Cavad Muradov və Şamxal Məmmədov təqsirləndirilən şəxs qismində hakim qarşısındadır. Əvvəlki işdə təqsirləndirilən olan Elmir İsmayılov, Peyman Vəlizadə və Məhəmməd Həsənzadə isə zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlər arasında Elmir İsmayılovun qardaşı Elgün İsmayılov da var.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »