Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Adın çıxınca, canın çıxsın"... Gəncənin məşhur “itvuran”ı yenidən diqqət mərkəzində...
"Adın çıxınca, canın çıxsın"... Gəncənin məşhur “itvuran”ı yenidən diqqət mərkəzində...

Gəncə sakini Firudin Sadıqovu şəhərdə daha çox “itvuran” kimi tanıyırlar. O, sahibsiz itlərin öldürülməsi ilə məşğuldur. Azı 20 ildir onların qəniminə çevrildiyini özü də mətbuata açıqlamalarında deyib. Əvvəllər Gəncə şəhər Təmizlik İdarəsinin əməkdaşı kimi təqdim olunan, yerli icra strukturlarının tapşırığını yerinə yetirdiyini bildirən “itvuran” indi heyvanları öldürdüyünü boynuna almır. Sosial platformalarda yayılan videolarda Firudin Sadıqov güllələnən itlərdən xəbəri olmadığını dilə gətirir.

Bizimyol.info xəbər verir ki, bugünlərdə sosial şəbəkələrdə Gəncədə Firudin Sadıqovun sahibsiz itləri öldürməsi barədə yeni videogörüntülər yayılıb. Epizodların birində Anadolu türkcəsində danışan şəxs Firudun Sadıqovu avtomobilində ov tüfəngi ilə göstərir. “İtvuran” öldürülən heyvanların onun “əl işi” olmadığını deyir. Başqa bir görüntüdə isə itlərin qənimi suallardan yayınmağa çalışır.

Heyvanların Qorunması Cəmiyyətinin inzibatçısı Fərid Mansurov bildirib ki, artıq peşəkar vəkillərlə danışıblar, itləri öldürən şəxs haqqında hüquq-mühafizə orqanlarına şikayət edəcəklər. O, hesab edir ki, Firudin Sadıqovun hərəkəti “özfəaliyyət” deyil, "tapşırıq" yerinə yetirir.

“Gəncədə 4 dekabrda yenə itlərin kütləvi güllələnməsi baş verib. Biz ciddi araşdırma aparırıq, peşəkar vəkillərə müraciət etmişik. Bu dəfə əlimizdə sübutlar var. Lazım olan bütün addımları atacağıq. Təxminən bir ay əvvəl Azərbaycanda qlobal qısırlaşdırma aksiyası keçirilirdi. Avropadan çoxsaylı komanda gəlmişdi bu məqsədlə. Gəncədə də çoxsaylı itlər qısırlaşdırıldı, vaksinasiya olundu. O tədbirdə icra başçısı da iştirak etmişdi. Onda düşündük ki, Gəncədə artıq itlərin güllələnməsi dövrü bitdi. Əfsuslar olsun ki, yenə də belə hallar davam edir. Bu, həm yerli qanunvericiliyi, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaları heçə saymaq deməkdir”.

İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində heyvanlarla rəhmsiz rəftara (onların şikəst və ya tələf edilməsi) görə 500 manat cərimə cəzası nəzərdə tutulub. Qanunda əvvəllər yalnız 25 manat cərimədən söhbət gedirdi. Sonradan məbləğ 20 dəfə artırılıb.

Mediada hətta 10 il əvvəl yer almış materiallarda Firudin Sadıqovdan danışılır. O, itləri öldürməsindən fəxrlə söz açır. “İtvuran” deyir ki, ova gecələr, əsasən, saat 3-dən sonra çıxır. İtləri öldürəndən sonra cəsədləri Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə təhvil verir. Firudin Sadıqov jurnalistlərə gündə 12-13 it məhv etdiyini demişdi. “İtvuran” o vaxt bildirmişdi ki, şəhərdə sahibsiz itlərin sayını xeyli azaldıb. Ona hətta qonşu rayonlardan da müraciət edirlər.

Bir müddət öncə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən itlərin öldürülməsi məsələsinə münasibət bildirilərkən deyilmişdi ki, itlərin sayının azaldılması təcrübəsi başqa ölkələrdə də var. İddia edirdilər ki, belə sahibsiz itlər quduzluq xəstəliyini yayır, məhz buna qarşı mübarizə aparırlar.

Heyvanların müdafiəsilə məşğul olan qurumlar isə baş verənlərə etiraz edir. “Sahibsiz Heyvanlara Qayğı” ictimai birliyi bir müddət əvvəl bildirmişdi ki, itlərin hər hansı xəstəlik yayması barədə konkret sübutlar yoxdur. Onları ağına-bozuna baxmadan öldürürlər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »