Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Evlənmədən öncə psixoloqdan rəy almaq, sonra yaşana biləcək zorakılığa önləyici tədbir ola bilər"
"Evlənmədən öncə psixoloqdan rəy almaq, sonra yaşana biləcək zorakılığa önləyici tədbir ola bilər"

Oktyabr ayını Azərbaycanda qadına qarşı zorakılıq ayı kimi qeyd edə bilərik. Oktyabrın 13-də 2003-cü il təvəllüdlü İlahə Kərimova qardaşı tərəfindən qətlə yetirilib. Oktyabrın 26-da 36 yaşlı Pərvanə Tanrıverdiyevanı əri bıçaqlayaraq öldürüb, ayın 23-də 42 yaşlı Sevil Heybətova oğlu tərəfindən bıçaqlanıb, ayın 21-də 23 yaşlı Tükəzban Mirzəyeva əri tərəfindən bıçaqlanıb. Oktyabr ayında müğənni Yaqut Həşimova da əri tərəfindən öldürüldü. Noyabr ayı da bəzi qadınlar üçün yaxşı başlamadı, bəziləri üçün isə heç başlamadı...

Noyabrın 1-də Xaçmaz rayonunda 62 yaşlı Mfizə Şirinbalayeva, noyabrın 2-də 37 yaşlı Zülfiyə Xomayeva, eyni gün Gəncədə müğənni Səbinə Abbasova qardaşı tərəfindən öldürüldü. İtkin düşən qadınlarımız da az deyil. İtkin düşən qadınların isə, adətən meyidi tapılır…

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda məişət zorakılığından 7455 nəfər qadın əziyyət çəkib. Zərərçəkmiş qadınlardan 2945-i xəsarət alıb, 309-u (onlardan 24-ü yetkinlik yaşına çatmayan) isə öldürülüb.

Qadına qarşı zorakılığın qarşısını almaq mümkündürmü?

Zorakılığın əsas səbəbləri nədir? Harda səhv edirik?

Bu və digər suallara Bizimyol.info xəbər portalına müsahibəsində Ramin Hacıyev bildirib ki, qadınlar hər hansı bir münasibət qurmadan öncə, narkotik vasitə istifadəçisi, spirtli içki aludəçisi olub-olmaması, digər pis vərdişlərinin olub-olmaması ilə bağlı arayış tələb etsələr sonradan zorakılıq, qətl və digər hadisələrdən özlərini sığortalamış olarlar. Bu, bir qədər dəhşətli, sərt və ya kobud səslənə bilər, biz buna öyrənməmişik. Bu, qadınlarımızın haqqıdır. Bu da kiməsə uyğun gəlməsə, alternativ olaraq, bizim kifayət qədər klinikalarımız, mərkəzlərimiz var. Cütlüklər psixoloqlara müraciət edərək, yoxlamadan keçə və rəy ala bilərlər. Özümüzü hər hansı xoşagəlməz hadisədən sığortalamaq bizim borcumuzdur. Əgər özümüzü düşünürüksə, özümüzü seviriksə, özümüzə qarşı hörmət, diqqət və anlayış istəyiriksə, bu, bir alternativ çıxış yoludur. Sonrakı peşmançılıqdansa, bu gün addım atmaq lazımdır. Kimsə münasibətdə bu kimi addıma hazır deyilsə, heç bu münasibət qurulmasın. Sonradan zorakılıqla, qətllə üzləşməkdənsə, bu, daha yaxşı alternativdir.

Ramin Hacıyev Ramin Hacıyev

Zorakılıq, qətl və digər xoşagəlməz halların artdığını deyən Ramin Hacıyev bildirib ki, bu problemlər cütlüklərdən qaynaqlanır. Psixoloq deyir ki, cütlüklər arasında qarşılıqlı hörmət olmalıdır. Münasibətdə hər iki tərəfin söz demək haqqı olmalıdır.

“Əgər söz demək haqqı varsa, deməli oturub, nəyisə dialoq formasında müzakirə etmək mümkündür. Mən bir psixoloq olaraq, gündəlik iş həyatımda bu mövzularla kəsişirəm. İstər hüquq mühafizə orqanları olsun, istər məhkəmə olsun, istər psixoloji dəstək olsun, sonradan kənardan kiminsə işə müdaxilə etməsinə heç gərək olmur. Çünki əgər insanlar bir araya gəlib, oturub qarşılıqlı dialoq formasında hər hansı bir istər kiçik olsun, istər böyük bir problem olsun onu müzakirə edə bilirlərsə, burada heç vaxt zorakılıq, haqsızlıq, bir-birinə qarşı hansısa xoşagəlməz hallar ola bilməz. Təəssüf ki, bizdə bu kimi hallar hələ də var və davam edir”-deyən psixoloq bildirib ki, bu məsələlərin olmaması üçün biz öz qız övladlarımızı, özünü kifayət qədər müdafiə edə biləcək tərzdə böyütməliyik. Qızlarımız bilməlidir ki, Konstitusiyamızda da qeyd olunub; kişilər və qadınlar eyni hüquqa malikdir. İstər təhsil olsun, istər hansısa başqa tələbatlar, hər kəs bərabər hüquqludur.

Ramin Hacıyev vurğulayıb ki, bu kimi halların qarşısının alınması üçün təbliğat aparılmalı və maarifləndirici sosial çarxlar olmalıdır.

“Qadınlarımız özünü müdafiə edə bilmirsə, “hansı halda hara müraciət etməlidir, onlar üçün hansısa bir psixoloji qaynar xətt olmalıdır?” - bunları öyrənməlidir. 102 xidmətimiz var. Ailədə nəsə xoşa gəlməz hallar, zorakılıq və hüquqların tapdanması varsa, 102 xidmətinə müraciət etməlidir. Əgər özləri hər hansı bir halın, vəziyyətin öhdəsindən gələ bilmirlərsə, kənardan bunu hansısa bir orqan tənzimləməlidir ki, sonradan düzəldilə bilməyəcək hallar yaşanmasın”-deyə Ramin Hacıyev əlavə edib.

Psixoloqun fikrincə, bu təbliğat məktəbdən, ailədən başlanmalıdır.

“Bizim qız övladlarımız özünü hər bir halda tam müdafiə edə biləcək formada olmadığı üçün mütləq uşaq yaşından hər hansı bir idman növünə yönləndirməliyik. Necə ki, bizim oğlan övladlarımız idman növünə gedir, özünü istənilən halda müdafiə etmək, qabiliyətində bacarığında, gücündə olur, eynilə də, qız övladlarımız mütləq şəkildə hər hansı bir idman növlərinə getməlidir. Hər bir qadının özünü müdafiə etmək bacarığı olmalıdır və onun üçün mexanizimlər bilməlidir.

Psixiki və fiziki özünü qorumaq üçün bilməlidir ki, hər hansı bir halda necə davranmalıdır və özünü necə qoruya bilər. Bu da, bizim xanımlarımızın, gənc qızlarımızın, yeniyetmələrimizin şüuraltında formalaşsa, düşünürəm ki, gələcəkdə bu kimi halların sayı çox-çox az ola bilər”-deyə Ramin Hacıyev qeyd edib.

P.S. Görünən odur ki, zorakılıqla mübarizə aparmaq üçün ya psixoloqa getməli, ya qarşılıqlı danışmağı bacarmalı, bunlar da nəticə vermədiyi zaman özümüz bu zorakılığın qarşısını ala bilmək üçün fiziki cəhətdən güc olmalıyıq. Əks halda, qurban biz olacağıq… Və hər gün bu qurbanların sayı artacaq…

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Son xəbərlər
Bütün xəbərlər »