Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmanətçi bankın "sağlığını" istər... Banka pul etibar edirsən, "tarix" olanda pulunu illərlə gözləyirsən
Əmanətçi bankın "sağlığını" istər... Banka pul etibar edirsən, "tarix" olanda pulunu illərlə gözləyirsən

“Muğan Bank”ın fəaliyyətini dayandırması əmanətçilərin bank sektoruna etibarına daha bir zərbə vurdu. Onsuz da maliyyə təşkilatlarında depozit qoymaq cəmiyyətdə riskli addım hesab olunurdu. Bankların bir-birinin ardınca bağlanması bank sektoruna etimad göstərilməsinin əleyhinə arqumentlər hazırlayır.

Bizimyol.info xəbər verir ki, 2014-cü ildə ölkədə 44 bank fəaliyyət göstərirdi. “Muğan Bank” o vaxtdan bəri sıradan çıxan 21-ci maliyyə qurumu oldu. Beləcə, son 9 ildə bankların az qala yarısının bağlandığını demək olar.

Bankların bağlanması minlərlə əmanətçini pis vəziyyətdə qoyur. Onların milyonları batır. Qanunvericiliyə görə, fiziki şəxslərin qorunan əmanəti üzrə kompensasiya məbləği 100 min manatdır. Yəni banka daha çox məbləğ etibar etmək faciə ilə nəticələnə bilər. Qorunan əmanətlərin illik faiz dərəcəsi manatla qoyulan vəsaitlər üçün 12-dir. Xarici valyuta ilə banka etibar olunan məbləğ isə illik cəmi 2,5 faiz gəlir gətirir. Üstəlik, puldan illik 10 faiz hökumətin xeyrinə tutulur. Yəni böyük mənada banka depozit qoymaq sərf etmir.

Oktyabrın 1-nə olan məlumata görə, “Muğan Bank”ın depozit portfelinin həcmi 322 milyon manatdan çox olub. Bank üzrə sığortalanmış əmanətlərin 217 milyon manatı keçmədiyi məlumdur. Depozitlərin 29,4 milyon manatı hüquqi şəxslərə aid olub. Fiziki şəxslərə məxsus 76 milyon manatdan çox vəsait havada qalıb. Yəni bu pullar sığortalanmayıb. Həmin milyonların batacağı da şübhəsizdir. Əmanətçilərin belə riskli davranmasında, sığortalanmayan depozitlərə qol qoymasında bankların az təqsiri yoxdur. Müştəriyə qanunvericiliyin tələblərini mütləq izah etmək lazımdır. Əmanətçi bilməlidir ki, məbləğ 100 min manatı, faiz 12-ni keçəndən sonra pulların itirilməsi ehtimalı var.

Son 9 ildə bankların yarısı tarixə qovuşub. Bu, sektorun necə acınacaqlı vəziyyətdə olduğunu göstərir. Bundan sonra insanlar banklara pullarını necə etibar etsin?! Heç sığortalanmış əmanətlərin sahibləri də evdə rahat otura bilməz. Pulları geri almaq xeyli zaman aparacaq. Özü də bu müddətdə heç bir gəlir əldə edilməyəcək. Təsəvvür edin, müəyyən qədər qabağa düşmək banka vəsait etibar etmisiniz, indi də pulunuzu geri qalmaq üçün illərlə gözləməlisiniz. Özü də məbləğin hissələrə bölünərək verilməsi təcrübəsi var.

Azərbaycanda bank-müştəri münasibətləri heç doğru qurulmayıb. Kredit borcu üçün müştərinin yaxınlarına belə, zəng vurulur. Yəni borclu şəxsə ictimai qınaq mühiti yaradılır. Depozit məsələsində isə müştərinin hüquqları yada düşmür. İllərlə əmanətin nə vaxt geri qayıtmasını gözləmək məcburiyyəti yaranır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »