Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkədə gənclərin xəyal xəritəsində sərhədlər bağlıdır, yenə də okeanın o tayına ümid bağlayırlar...
Ölkədə gənclərin xəyal xəritəsində sərhədlər bağlıdır, yenə də okeanın o tayına ümid bağlayırlar...

Ölkə barədə nə qədər nikbin danışsaq da, nələrlə fəxr etsək də, sadə həqiqəti danmaq olmur. Gənclərin nəzərəçarpan hissəsi gələcəyini bu məmləkətdə görmür. Onlar ölkədə özünüifadə imkanlarının məhdud olduğunu düşünürlər. Çünki iş yoxdur. Hökumətin, hansısa mənada dövlətin qayğısını hiss etmirlər. Yetkinlik yaşına çatana qədər bütün yükü valideynləri çəkir. Bundan sonra işıqlı bir şey görmədiklərindən, xaricə boylanırlar.

Bizimyol.info xəbər verir ki, gənclərlə bağlı səslənən “xəyal xəritəsi” anlayışı sadə həqiqətlərə işıq salır. Dünyada bunun konkret statistikası aparılır. Müəyyənləşdirməyə çalışırlar ki, gənclərin neçə faizi gələcəyini vətəndə görür. Türkiyə ilə bağlı maraqlı statistika var. Ölkə gənclərinin 78 faizi xaricdə oxumağı arzulayır. Onların 64 faizi, ümumiyyətlə, Türkiyəyə qayıtmağı düşünmür.

Azərbaycanda vəziyyət necədir?

Təəssüf ki, konkret rəqəmlər ortaya qoymaq çətindir. Çünki sosial institutlar belə şeylərlə maraqlanmır. Amma ali təhsillə bağlı statistika müəyyən ipucu verir. Ölkədə 20 yaşına çatmış gənclərin heç 30 faizi ali təhsil almaq hüququ qazana bilməyib. Ümumiyyətlə, ölkədə ali təhsil alan gənclərin sayı ölkə əhalisinin 16 faizini təşkil edir. Bu göstəriciyə görə postsovet məkanında sonuncuyuq.

Başqa bir statistika da köməyimizə çatır. Onminlərlə gənc “Green card” qazanmaq üçün müraciət edib. Bildiyiniz kimi, hər il ABŞ-da viza lotereyası keçirilir. Bir dəfə müraciət etmək kifayətdir ki, hər il lotereya iştirakçısı olasan. 1995-ci ildən bəri yarım milyondan çox miqrant bu yolla ABŞ-da yaşamaq hüququ əldə edib. O cümlədən, minlərlə azərbaycanlı “Green card” sayəsində okeanın o tayına köçüb.

Nə görürük? Ölkənin təkcə fiziki olaraq quru sərhədləri bağlı deyil. Elə mənəvi sərhədlərlə bağlı da bunu demək olar. Gənclər bir yol taparaq bataqlıqdan canını qurtarmaq haqqında düşünür. Korrupsiya, sistemsizlik gələcəyə ümid qoymur. Ölkədə gələcəklə bağlı yalnız xəyal qırıqlığı var. Xəyal xəritəsində çıxış yolları yox dərəcəsindədir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »