Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ana olan hər 60 qadından 1-i yetkinlik yaşına çatmayıb: "Vəziyyət faciə həddindədir"
Azərbaycanda ana olan hər 60 qadından 1-i yetkinlik yaşına çatmayıb: "Vəziyyət faciə həddindədir"

Keçən il ölkədə 122 mindən çox uşaq doğulub. Statistika erkən nikahlarla, yetkinlik yaşına çatmayan qızların hamiləliyi ilə bağlı qorxunc mənzərəni ortaya qoyub. Ana olan hər 60 qadından 1-nin yetkinlik yaşına çatmadığı məlum olur. Bundan da böyük faciə var. Yaşı 15-17 arası olanlardan 120-si ikinci uşağı dünyaya gətirib. Bu da son deyil. Yetkinlik yaşına çatmayan 11 ananın üçüncü övladı doğulub.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda qanunvericilik yalnız 18 yaşı tamam olanda nikaha girməyə icazə verir. Yetkinlik yaşına çatmayanların ana olması da tövsiyə edilmir. Amma buna məhəl qoymayanlar çoxdur. Rəsmi nikah olmadan doğulan uşaqların sayı artıb. 18 min 814 körpənin valideynləri münasibətləri rəsmiləşdirməyib. Uşaqların 16 faizinə yaxını nikahsız dünyaya gəlib. Rəqəmlərə hətta inanmaq da olmur.

Bir neçə il əvvələ qədər qızlar üçün nikah yaşı 17, oğlanlar üçün 18 idi. Cəmiyyətdə müxtəlif fikirlər səslənirdi. Bunu ayrıseçkilik hesab edənlər az deyildi. Deyirdilər ki, insan 18 yaşına qədər uşaq hesab olunursa, 17 yaşında ana olmaq doğru deyil. Bundan sonra qanunvericilikdə dəyişiklik edildi.

Həkimlər də erkən yaşda ana olmağı tövsiyə etmirlər. Bunu orqanizm üçün təhlükəli sayırlar. Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, erkən nikahlarda kişilərin ortaya qoyduğu mövqe də böyük rol oynayır. Onun fikrincə, güclü cinsin nümayəndələri yaşı az olan qadınlara böyük maraq göstərirlər. Nəticədə yetkinlik yaşına çatmayan qızlar evlilik obyekti olur.

Kəmalə Ağazadə Kəmalə Ağazadə

Kəmalə Ağazadə, mentalitetin zərərli tərəflərini sabaha daşımamağı məsləhət görür. Ailə çox vacib institutdur. Valideyn olmaq böyük məsuliyyət tələb edir. 15-17 yaşlı qızlar belə məsuliyyəti necə üzərinə götürə bilər?!

Əminliklə deyə bilərik ki, erkən nikahlarla, yetkinlik yaşına çatmadan ana olmaqla bağlı vəziyyət faciə həddinə çatıb. İnsanların maarifləndirilməsinə, prosesə ciddi nəzarətə ehtiyac duyulur. Təsəvvür edin, 17 yaşına qədər üç uşaq dünyaya gətirən yeniyetmələr var. Xüsusilə, kəndlərdə illərdir nikahsız erkən yaşda ana olmaq dəbdədir. Dövlət Statistika Komitəsinin hesabatı da bunu deyir.

Yeniyetmə qızlar daha çox təhsil, özünü inkişaf etdirmək barədə düşünməlidir. Özünü cəmiyyətdə ifadə edə bilən qadınlar olmadan yaxşı gələcək gözləmək mümkün olmayacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »