Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda lokal antiterror tədbirləri başladı
Qarabağda lokal antiterror tədbirləri başladı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları mina partlayışı nəticəsində həlak olub.

Çox ağır itkilərdir. Bu terror aktlarını Rusiya "sülhməramlı" kontingentinin məsuliyyət ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə mənsub diversiya qrupları törədib. Bu, şübhəsizdir.

Azərbaycan strukturlarının çalışdığı ərazilərdəki yollara minalar basdırıblar. Eynilə Kəlbəcərdə Azərbaycan Dövlət Televiziyasının və AzərTAC-ın əməkdaşlarını, onlarla birlikdə olan şəxsləri mina tələsinə saldıqları kimi.

Azərbaycan rəsmi qurumlarının məlumatına görə, Rusiyanın məsuliyyət daşıdığı Azərbaycan ərazilərində 10 min civarında qanunsuz silahlı şəxs var.

Rəsmən deyilməsə də, məlumdur ki, bu, Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarının paralel olaraq açılmasına, Azərbaycanın erməniəsilli əhalinin reinteqrasiyası və onların yaşadığı ərazinin öz suverenliyi altına keçirməsi yönündə atdığı addımlara və əldə etdiyi nəticələrə cavab aksiyası idi. Ermənistan revanşistləri, onların dəstəyi ilə Qarabağdakı qondarma rejim və xarici havadarları iki ölkə arasında sülh perspektivinə zərbə vurmağa çalışır. Bu terror aktları da həmin məqsədlə törədilib. Eyni zamanda öz torpağından didərgin düşmüş azərbayanlıların geri dönüb məskunlaşmasına da mane olmaq istəyirlər.

Həmin düşmən qüvvələri idarə edən əllər istəyir ki, Azərbaycan hərbi xarakterli əməliyyat keçirməyə məcbur olsun. Terrorçu-separatçı qruplara qarşı güc tətbiq etsin. Bundan da düşmən qüvvələr Azərbaycanı guya "soyqırım", "etnik təmizləmə" törətməkdə ittiham edərək sanksiyalar qoyulmasına nail olsunlar. Azərbaycanın təmkinlə, diqqətlə, dinc üsullarla addım-addım öz məqsədinə yaxınlaşdığını görən terrorçular kəndiri boyunlarında hiss etdikcə, belə təxribatlara əl atmaq yolunu seçiblər. Ancaq bu hadisələr Azərbaycana heç kimə və heç nəyə baxmadan legitim güc tətbiqi üçün tutarlı əsas verir. Həmin qanunsuz silahlı dəstələrə qarşı lokal xarakterli antiterror tədbirləri keçirmək Azərbaycan dövlətinin legitim hüququ, qanuni haqqıdır. Dünyada heç bir dövlət öz ərazisində nəzarətsiz zona olmasını istəməz. Dövlətə və əhaliyə qarşı təhdid yaradan bu cür qanunsuz dəstələrə qarşı güc tətbiqi qaçılmazdır. Bu qanunsuz silahlı dəstələrin oradan çıxarılması, təbii ki, Ermənistanın və Rusiyanın öhdəlikləri idi. Ancaq adlarını çəkdiyim tərəflər bu öhdəliklərini yerinə yetirmədilər. Həmin məsələ BMT TŞ-nın məlum dörd qətnaməsində də nəzərdə tutulub; qanunsuz silahlı dəstələr tərksilah edilərək oradan çıxarılmalıdır. Bu, təkcə Azərbaycanın Konstitusiyasının, qanunlarının tələbi deyil, BMT qətnamələrinin də müddəasıdır.

Azərbaycan Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq birgə məlumatda da bildiriblər ki, bu, terrorçuluq əməlləridir. Faktlarla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi qaldırılıb. Bu hadisələri törədənlər mütləq və mütləq məsuliyyətə cəlb olunacaq. Başqa yolu yoxdur. Azərbaycan öz ərazisinə tam nəzarəti gec-tez təmin edəcək. Həmin 10 minlik qanunsuz silahlı dəstənin üzvləri ya təslim, ya da məhv ediləcək. Buna kimsə mane ola bilməz. Çünki orada həmin silahlı ünsürlər qaldıqca, Azərbaycan dövlətinə və əhalisinə, sülhə və sabitliyə ciddi təhdid yaradacaq. İşğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, bərpa, tikinti, quruculuq, məskunlaşma işlərini aparmaq üçün təhlükəsizliyi təmin etmək əsas şərtdir. Azərbaycan dövləti bunu  edəcək. Hazırkı antiterror tədbirləri də zərurətdir və legitim hədəflərə yönəlib. Əhaliyə və mülki obyektlərə zərər verilmir. Azərbaycan dövləti öz ərazisindəki erməniəsilli əhalinin reinteqrasiyası və qanuni hüquqların təminatı üçün başlatdığı siyasəti sivil üsullarla və xoş məramla davam etdirməkdə qərarlıdır. Heç bir terrorçu zehniyyət Azərbaycanı bu yoldan döndərmək gücündə deyil.

Dünya birliyi - dövlətlər, beynəlxalq təşkilatlar bu terrora öz münasibətini bildirməlidir. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları həmişə belə bir fikri haqlı olara ifadə edir: terrorçunun milliyyəti yoxdur. İndi də o haqlı mövqeyi ifadə etmək lazımdır; terrorçuları erməniəsilli olduqlarına görə müdafiə edəcəklərsə, ya susacaqlarsa, beynəlxalq terrorizmə aktiv və ya susqun dəstək vermiş olacaqlar.

Bir də Azərbaycanın öz içində guya pasifist görünüb xaricdən qrant əmənlərə də sözümüz var: Azərbaycanı müharibəyə hazırlaşmaqda, guya erməniəsilli əhaliyə qarşı güc tətbiqinə can atmaqda günahlandırırdınız. Baxın, Azərbaycana qarşı terror müharibəsi aparılır. Azərbaycanın çörək göndərdiyi yerdən qanunsuz silahlı qruplar bizə terrorla nankorcasına, namərdcəsinə qarşılıq verirlər. Bu son terror hadisələrindən sonra Azərbaycanı günahlandıranlar olacaqsa, kimliyindən asılı olmayaraq, o terrorçulara bərabər tutulacaq. Ən azı bizim gözümüzdə. Öz dövlətinə böhtan atanlar, öz millətini haqsız yerə aşağılayaraq düşmən tərəfin və havadarlarının əl-ayağını yuyanlar terrorçuluğa siyasi və mənəvi dəstək vermiş olurlar. Bilərəkdən və bilməyərəkdən. Belə insanlar, o mənfur karikaturanı çəkənlər Qarabağdakı son terror-diversiya hadisələrində şəhid olan vətəndaşlarımızın ruhları qarşısında məsuliyyət daşıyırlar. Varsa, vicdanları qarşısında da...

Allah şəhidlərimizə rəhmət eləsin!

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »