Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiber fırıldaqçıların qan donduran "qul ticarəti": Yüz minlərlə insan qlobal şəbəkənin "qurban"ı olub
Kiber fırıldaqçıların qan donduran "qul ticarəti": Yüz minlərlə insan qlobal şəbəkənin "qurban"ı olub

Onlayn fırıldaqçılıq şəbəkələrinin istifadə etdiyi üsullar Birləşmiş Millətlər Təşkilatı tərəfindən ifşa edilib.

Bizimyol.info xəbər verir ki, paylaşılan hesabatda insanların duyğuları ilə oynayaraq necə tələyə düşdüyü təsvir edilir.

BMT-nin hazırladığı hesabata görə, pandemiyanın təsiri ilə insanların evlərinə bağlanması onlayn fırıldaqçıların gəlirini artırıb. Şəbəkələr əsasən qısa yoldan pul qazanmaq istəyən aşağı təhsilli və gəlir səviyyəsi az olan insanları öz torlarına salıb. Onları iş, rahat həyat vədi ilə və ya buna bənzər səbəblərlə aldadan fırıldaqçılar böyük xəyallar quran insanları hissləri üzərindən sərvət toplayıblar. Ölkələri dəyişdirmək istəyən insanlar getdikləri yerdə qaçırılır və onlayn cinayətkar dəstələr tərəfindən işləməyə məcbur edilirlər.

Araşdırmalara görə, onlayn fırıldaqçılıq şəbəkələri bir il ərzində milyardlarla dollar gəlir əldə edib. Üstəlik, BMT bildirir ki, insanların bu fırıldaqçılıq şəbəkələrinə düşməsi barədə çox vaxt heç bir məlumat verilmir. Hesabata görə, inkişaf səviyyəsi aşağı olan ölkələr əsasən onlayn fırıldaqların qurbanı olublar.

Əslində, onlayn fırıldaqçıların üsulunu hamımız bilirik. Çox vaxt emosiyalardan istifadə etməyə çalışan fırıldaqçılar sevgili axtaran birini aldadaraq öz ölkələrinə dəvət edirlər. Bunda problem görməyən fərd də düşünmədən, ani qərarla səyahətə gedir. Getdiyi ölkədə qaçırılan şəxs əslində fırıldaqçıların toruna düşdüyünün fərqinə belə varmır. Hesabatda oğurlanmış şəxslərin cinayət təşkilatlarının məqsədlərinə uyğun işləməyə məcbur edildiyi və qeyri-insani rəftar edildiyi bildirilir.

Hesabatda belə bir hadisə qeyd edilir: 25 yaşlı malayziyalı gənc internetdə tanış olduğu sevgilisini görmək üçün Banqkoka gedib. Fırıldaqçıların tələsinə düşən şəxs Banqkokda qaçırılaraq Myanmaya aparılıb. Burada kibercinayətkar təşkilatlarda işləyən şəxs bildirib ki, ailəsi ilə son görüşündə özünü xəstə kimi göstərdiyi üçün döyülüb. Növbəti mərhələdə həqiqətən də xəstələnən zərərçəkən həkimlərin bütün müdaxilələrinə baxmayaraq dünyasını dəyişib.

BMT-nin hesabatında bu kimi onlarla, yüzlərlə, hətta minlərlə insident var. Rəsmilərin sözlərinə görə, Myanmada ən azı 120 000 və Kambocada 100 000 insan bu qlobal şəbəkənin qurbanına çevrilib. Üstəlik, risk təkcə Cənub-Şərqi Asiyada deyil. Bildirilir ki, şəbəkə tərəfindən Afrika və Latın Amerikası kimi dünyanın digər ucundan oğurlanmış şəxslər də var.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »