Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İdxal mafiyası" geri qayıdıb: xaricdən asılılıq azalmadıqca, inflyasiya artmağa davam edəcək
"İdxal mafiyası" geri qayıdıb: xaricdən asılılıq azalmadıqca, inflyasiya artmağa davam edəcək

"Beyin axını" haqda, miqrant axını haqda çox danışırıq. Ölkədən gedənlərin çoxu əmək qabiliyyətli gənc insanlar olur. Yəni kadr ehtiyatımız, əmək resurslarımız da xaricə axın edir. Ancaq bir axın da var. Bu da maliyyə axınıdır. Valyuta axını. Mən hələ xaricdən mülk, ev, obyekt alanlardan danışmıram. Xaricdə oxumağa gedən tələbələr də burada - öz ölkəsində universitetlərə ödəyəcəyini xarici ali məktəblərə ödəyir. O ölkələrdə yaşamağa xərclənənləri də demirəm. Bunlar elə də böyük rəqəm deyil.

Ən böyük valyuta axını Azərbaycanın idxaldan asılılığı ilə bağlıdır. Milli Məclisin deputatı, iqtisadçı professor Vüqar Bayramov bu haqda bir paylaşım edib. Rəsmi məlumatlara əsaslanaraq real mənzərəni yaradıb. Faktlar ürəkaçan deyil. Məlum olur ki, bu ilin birinci yarısında ölkənin idxalı kəskin artıb. Həmin dövrdə ölkənin ticarət dövriyyəsi 14 milyard 755 milyon dollar olub. Bunun da 35,7 faizi və ya 8 milyard 198 milyon dolları idxalın payına düşür. Yəni ötən ilin 6 ayındakından 1,8 milyard dollar çoxdur. Böyük rəqəmlərdir. Həm də böyük bəladır.

İqtisadçı ekspert, ölkədə inflasiyanın da əsasən burdan qaynaqlandığını deyir. Onun sözlərinə görə, 12,2 faizlik inflyasiyanın cəmi 3 faizi daxili tələbdən doğur. Burdan nə nəticə çıxır? Deməli, bizim ölkəmizdə yerli istehsalı ayağa qaldırmaq mümkün olmayıb. Ölkədə qeyri-neft sektorunun inkişaf etdiyi deyilir. Davamlı sərmayələr də qoyulub. Ancaq yenə də getdikcə daha çox mal və məhsulu xaricdən pulla alırıqsa, deməli, ya normal iş görülməyib, ya da görülən işlər nəticə verməyib.

Son müşavirədə prezident İlham Əliyev özü də inflyasiyanın yüksək olmasından narahatlığını bildirdi. Dedi ki, inflyasiyanı birrəqəmli göstərici səviyyəsinə salmaq lazımdır. O da ölkədə qiymət artımının fərqindədir. Ancaq hələlik nə Mərkəzi Bank, nə də hökumət bu problemin həlli üçün təsirli bir iş görməyib.

Əvvəldə dediyimiz kimi, qiymət artımının əsas səbəbi kimi idxaldan asılılıq göstərilir. Həm də artan asılılıq. Deyəsən, "idxal mafiyası" geri qayıdıb. Ya da, sən demə, heç də uzağa getməyibmiş. İndi əsas sual budur: ölkə bu cür ağır idxal boyunduruğu altında nə qədər uzağa gedə biləcək?! Bu qədər valyuta xaricə axmaqda davam edəcəksə, axırımız necə olacaq?!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »