Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hz. Hüseynin əxlaqına sahib olmaqladır “Hüseyn tərəfdarı” olmaq"
"Hz. Hüseynin əxlaqına sahib olmaqladır “Hüseyn tərəfdarı” olmaq"

Bəzən bəzi insanların “Mən Hüseynin aşiqiyəm” deməsinin şahidi oluruq. Hər bu şüarı deyən isə, bu əməlin sahibi hesab olunmur. Hz. Hüseyn aşiqi necə olmalıdır?

Bizimyol.info xəbər portalının suallarını İlahiyyat üzrə fəlsəfə elmlər doktoru, professional ailə müşaviri, həyat koçu, PhD. Əfzələddin Rəhimli cavablandırıb.

İlahiyyat üzrə Fəlsəfə doktoru, Professional Ailə müşaviri, həyat koçu Əfzələddin Rəhimli İlahiyyat üzrə Fəlsəfə doktoru, Professional Ailə müşaviri, həyat koçu Əfzələddin Rəhimli

- Hz. Hüseyn (ə) aşiqi hansı xüsusiyyətləri ilə tanınır?

- Bəzən insan “mən Hüseyn aşiqiyəm, mən onun yolunda ölərəm, nə desə edərəm”-deyə özünü aldada bilir. Şimrin əxlaqına sahib olub, Hüseynin tərəfdarı olmaq mümkün deyil. Sadə bir misal vurum, Şimr elə bir zamanlar Hz. Əlinin qoşununda idi, onun əmrlərini yerinə yetirirdi. Hətta Hz. Əlinin qoşununda düşmənə qarşı yaralı olmasına baxmayaraq o qədər döyüşdü ki, az qaldı şəhid olsun. Amma məsələ bu deyil! Məsələ əmr qulu olmaq deyil. İtaət deyil. Məsələ, İmamı düzgün tanımaqdır. Mənəvi dəyərlərinin Hz. Əliyə nə qədər yaxın olmasıdır. Şimr təkəbbürlü və lovğa insan idi. Belə ki, onun bir xasiyyəti də acıdil olması idi. Necə ki, Kərbəlada Hz. Hüseynə qarşı işlətdiyi təhqiramiz ifadələr və istehza ilə dolu tikanlı sözlər də buna sübutdur. Onun digər pis xasiyyəti isə paxıl olması idi. Şimr qarınqulu və dünyapərəst idi. Bax bu xüsusiyyətlər onun azğınlığa düçar olmasına səbəb oldu. Tarixdə yazılır ki, Ömər bin Səd Hz. Hüseyni öldürmək istəmirdi. Buna görə də, ortaq məxrəcə gəldiyi təklifləri İbn Ziyada yolladı ki, Hüseyndən beyət istənilməsin və müqabilində o da Kufəyə getməsin. İbn Ziyad razılaşmaq fikrindəydi. Amma Şimr Ömər bin Sədə bunun müqabilində xəlifə tərəfindən varlı bir şəhərin valiliyinin veriləcəyini bilirdi. Buna görə də, paxıllıq etdi və and içdi ki, ona vali olmasına mane olsun. İbn Ziyada lağ edərək, ələ saldı və “o heç nə bacarmır, mən Hüseyndən beyət alaram”-dedi. Ona Hüseynin ciddi bir təhlükə olduğuna inandırdı və özünün Kərbəlaya qoşuna rəhbərlik üçün getməsinə qane etdi. Nəticədə islam tarixinin ən rüsvayedici cinayətinə əl atdı...

Hürr isə əksinə, İmam Hüseynlə heç bir bağlılığı yox idi. Onunla birgə olmamışdı. Hətta Hürr İmam Hüseynin susuz şəhid olmasına şərait yaradan əsas səbəbkarlardan biridir. Qarşısını kəsdi, nə geri qayıtmağa və nə də Kufəyə getməsinə icazə vermədi. Nə də imkan vermədi ki, İmam Hüseyn suya yaxın və əlverişli yerdə çadır qurub sipər alsın. Bir halda ki, Hürrün qoşunu İmam Hüseynin qarşısını kəsdikləri zaman Hz. Hüseyn suya yaxın idi və İmam öz əli ilə susundan az qala öləcək olan düşmən qoşununa su payladı. Lakin Hürr düşüncə sahibi idi, Hz. Hüseyni düzgün tanıdı. O, Kərbəlada baş verək hadisələri, İmam Hüseynin əxlaqını, davranışlarını diqqətlə izləyirdi. Anladı ki, düşmən qoşunu yanlış yoldadır, Hz. Hüseyn isə mənəvi-insani dəyərlərin zirvəsindədir. Buna görə də, səhvini aradan qaldırmaq üçün Aşura günü tövbə edib ona qoşuldu.

- Kimə Hz. Hüseyn tərəfdarı demək olar?

- “Mən Hüseyn aşiqiyəm”-deməklə deyil, Hz. Hüseynin əxlaqına sahib olmaqladır “Hüseyn tərəfdarı” olmaq. Bunu təsdiq edən çox maraqlı bir hadisəyə işarə edim: Bir şəxs İmam Hüseynə (ə) dedi: Ey Peyğəmbər (s) övladı, mən sənin şiələrindən və tərəfdərlarından biriyəm.

Həzrət Hüseyn (ə) buyurdu: «Allahdan qorx! Elə bir şeyi iddia etmə ki, Allah sənə: “Yalan danışdın və doğru olmayanı idda etdin.” -deyə, buyursun. Bil və agah ol, bizim tərəfdarlarımız o insanlardır ki, qəlbləri hər cür cığallıq, kin və hiylədən pak olsun. Sən belə de: “Mən sizə ehtiram bəsləyənlərdənəm.”

Çünki Hz. Hüseyn bilirdi ki, bu şəxs xoşagəlməz rəftar və davranış, əxlaq və xüsusiyyətlərə malikdir. İmamın yolu isə kin-küdurət, nifrət və hiylə yolu deyildir.

Ümumiyyətlə, Əhli-Beyt İmamları kin və düşmənçiliyə qarşıdır. Hətta öz qatilinə qarşı belə mərddir, alicənabdır. Genişürəklidir, qəlbləri pakdır. Necə ki, Hz. Əli buyurur: “Düşməninlə mehriban və qayğıkeş davran. Zorakılıqla, yoxsa məhəbbətlə qələbə çalmaqdan birini seçmək lazım gələrsə, ən şirini budur.” Hz. Əli hətta ölüm ayağında belə öz qatili İbn Mülcəmin vəziyyətini düşünürdü, oğlu İmam Həsənə buyururdu ki, onu ac, susuz saxlamayın, əziyyət verməyin. “Onu bağışlayın”-deyə buyurmuşdu. Amma Əbdülmüttəlib tayfasının bəzi hiyləgər şəxslərinin fürsətdən istifadə edib qisas adı ilə İbn Mülcəmin tayfasındakı günahsız insanların qanını axıtmasının qarşısını almaq üçün, “əgər dayanmayacaqsınızsa, onda mənim qatilimin bir nəfər olduğunu bilin və ona cəmi bir zərbə vurun”-deyə göstəriş vermişdi.

İmam Həsən (ə) onu zəhərləyən həyat yoldaşı Cödədən qisas alınmaması və təqib edilməməsini tapşırdı.

Yaxud bir hadisəyə işarə edim: Mədinədə İmam Əliyə kin bəsləyən Şamlı bir kişi İmam Həsəni gördü. Qəzəbli halda ona yaxınlaşıb, nifrət dolu və ədəbsiz kəlmələrlə onu təhqir etməyə başladı. İmam onun qərib olduğunu hiss etdi və sakit halda mehribanlıqla soruşdu: “Niyə əsəbisən? Bilirəm qəribsən, yorğunsan. Qalmağa yerin varmı bu şəhərdə? Yemək yemisənmi? Azuqən və pulun varmı? Gəl mənim evimə qonağım ol, istirahət edərsən.”

Şamlı kişi onun mehribanlığı və qayğıkeşliyi qarşısında təəccübləndi və rəftarına peşman oldu. Onun evinə qonaq gedərək, hörmətlə qarşılandı. Neclə ki, Hz. Hüseyn buyurur: “Əgər kimsə mənə sağ qulağımın yanında təhqiramiz söz deyə və sol qulağımın kənarına keçib peşman olduğunu söyləsə, mən onu bağışlayaram.” Qeyd edim ki, onların bağışlaması minnətsiz, incitmədən və dəyər verərək olur. Necə ki, Hürrü elə bağışladı ki, o, özünü Həbib ibn Məzahirlə eyni məqamda hiss etdi.

Bax, bu xüsusiyyətlərə malik olan insanlar həqiqətən də İmam Hüseyni dərk etmiş şəxslər sayılır...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »