Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Üzünüzə şillə vurmayın və sizə yaraşmayan sözləri dilinizə gətirməyin!"
"Üzünüzə şillə vurmayın və sizə yaraşmayan sözləri dilinizə gətirməyin!"

Məhərrəm ayında, Aşura günlərində və digər “ağır” hesab edilən günlərdən təkcə qadınların deyil, kişilərin də ağlamasına şahid oluruq. Ağlamaq, insanların gərginliyini sakitləşdirir və hüzur verir... Bəs dinimizin ağlamağa baxışı necədir? Dinimizə görə kişi ağlayarmı?

Bizimyol.info xəbər portalının suallarını İlahiyyat üzrə fəlsəfə elmlər doktoru, professional ailə müşaviri, həyat koçu, PhD. Əfzələddin Rəhimli cavablandırıb.

İlahiyyat üzrə Fəlsəfə doktoru, Professional Ailə müşaviri, həyat koçu Əfzələddin Rəhimli İlahiyyat üzrə Fəlsəfə doktoru, Professional Ailə müşaviri, həyat koçu Əfzələddin Rəhimli

- İlk növbədə bunu qeyd edək ki, dinimizin əsas mənbəsi olan Qurani-Kərimdə ağlamaq və göz yaşı tökməyə müxtəlif aspektlərdən yanaşılır. Burada əsas olan niyyətdir. Əgər insan dünya malı üçün və maddi mənfəətlərini əldən verdiyi üçün ağlayırsa, bu dinimizdə birmənalı olaraq pislənmişdir. Həzrət Peyğəmbər (s) hədisdə buyurur: “Allah-taala dünya (malı) üçün ağlayan şəxsə behişti haram etmişdir.” Lakin Allah qorxusundan, günaha peşmançılıqdan, şəhidlərə, mənəvi bağlılığımız olan şəxslərə və hətta canlı-cansız hər birşeyə ağlamaq, məzlumlara empatiya quraraq onların dərdinə şərik olaraq göz yaşı tökmək dinimizdə təqdir edilmişdir. Çünki bunlar islahedici və pak duyğularla tökülən göz yaşlarıdır.

Baxın, buradakı incə məqam dünyada sahib olduqlarınızı əldən verdiyiniz zaman nə üçün ağladığınızdır? Yəni mən qələmimi itirdiyimdə sırf zərərə düşdüyüm və ondan məhrum olduğum üçün ağlasam bu bəyənilməmiş, amma həmin qələmi itirdiyimə görə bu gün şagirdlərə dərs keçə bilməyəcəyimə kədərlənib ağlasam bəyənilmiş sayılır. Məsələn cihad üçün təqdim etməyə at-dəvəsi olmayan şəxslərin göz yaşı tökərək ağlaması Müqəddəs kitabımızda Tövbə surəsi 92-ci ayədə təqdir edilir.

Bəzən ağlamağın kişiliyə sığmadığı fikri ortaya qoyulur, amma unutmayaq ki, hər göz yaşının “ağlamaq” olmadığını bilirik. Əslində ağlamağımıza səbəb olan əsas amil “duyğuların intensivliyi”dir. Bəzən o qədər xoşbəxtik ki, “xoşbəxtlik göz yaşları” axıdırıq. Bəzən qüssə və kədərimiz o qədər dərinləşir ki, “qəm göz yaşları” yanaqlarımızdan axır. Qorxduğumuz zaman “qorxu göz yaşları” tökürük. Dözülməz ağrılara məruz qaldığımızda, ümidsizliyimizin dozası artdıqda gözlərimizdən “ağrı-acı göz yaşları” çıxır. Bəzən peşmanlıq hissi o qədər üst-üstə düşür ki, “peşmanlıq göz yaşları” özünü büruzə verir.

“Kişi ağlamaz” fikri, birbaşa İslam dininin mənəvi ambiyansı ilə ziddir, onun ali dəyərlər toplusunun əleyhinədir. Qurani-Kərimdə Maidə surəsi, ayə 83, İsra surəsi, ayə 109, Məryəm surəsi, ayə 58-ci ayələrdə Allah-taalanın “ilahi kişilərin” göz yaşlarının müştağı olduğunu buyurur və hətta ağzı üstə uzanıb zar-zar ağlamaqlarına belə böyük dəyər verir. Əslində dinimizə görə ağlamaq “mənəvi kişilərin” xüsusiyyətidir.

Yaxud Qurani-Kərimdə Yusif surəsi 84-cü ayədə Yusifi itirdiyinə görə Həzrət Yaqubun (ə) göz yaşları tənqid edilmir.

Bir hadisəyə işarə edim: Səhihi-Buxari, c. 1, səh. 158-də yazılır: “Əbdürrəhman bin Ovf deyir ki, Hz. Peyğəmbərin (s) oğlu İbrahim vəfat etdi, dəfn edərkən onu qucağına alıb ağladı. Narahatlıqla ona baxaraq dedim: Ey Allahın elçisi, siz oğlunuz öldüyü üçün ağlayırsınız?!

Yanaqların axan göz yaşları içində mənə baxdı. Baxışlarındakı hüzün və qayğı insanın qəlbini sızladırdı. Təəccüb dolu nəzərlə buyurdu:

“Bu rəhmət göz yaşlarıdır. Gözlərimiz ağlayır, vücudumuz qəm-qüssə içindədir...” Ardınca göz yaşlarını saxlaya bilmədi, ağlayaraq buyurdu: “Ay İbrahim, sənin ayrılığın bizi matəmə saldı...”

Həmçinin, islam tarixinə nəzər saldıqda Hz. Həmzə və sair şəhidlərə keçirilən əzadarlıq mərasimlərinin təşkil edilməsi, Həzrət Zəhranın (s) göz yaşı tökməsi də bu söylədiklərimizin doğruluğuna başqa bir sübutdur.

- İslam dininə görə İmam Hüseynə (ə) ağlamaq doğrudurmu?

- İmam Hüseynə ilk ağlayan şəxs Həzrət Məhəmməd (s) olmuşdur. Məzhəbindən asılı olmayaraq bütün birinci dərəcəli onlarla mənbələrdə bu vardır. Məsələn, Müsnədi-Əhməd ibn Hənbəl, c. 3, səh. 242 və 265; Tarixül-islam, Zəhəbi, səh 102 və Əl-İrşad, Şeyx Mufid, c. 2, səh. 130-da və bunun kimi müxtəıif mənbələrdə Allahın Elçisinin (s) Hz. Hüseynin (ə) şəhid olacağını öncədən xəbər verərək, ağlaması dəfələrlə qeyd olunmuşdur.

İmam Hüseynə (ə) ağlamaq, Vətən şəhidlərini də bu əzadarlıqlarda yad etmək ilk növbədə sevgi və məhəbbətin göstəricisidir. Aydındır ki, eşq və məhəbbət özünə məxsus qanunlara malikdir. Əl-Məhəbbə fil-kitab vəs-sünnə, səh. 169-170 kitabında yazılır ki, əsl dost və aşiq dostluğun zəruri qanunlarını yerinə yetirən şəxsə deyilir. Belə qanunlardan biri də, ehtiram bəslədiyin şəxsin xoş günündə sevinmək, hüznlü və kədərli olduğu vaxtlarda isə onun qəminə şərik olaraq, kədərlənməkdir. Elə buna görə də, hədislərdə Əhli-beytin (ə) şad günlərində sevinməyə, qəmli günlərində isə qüssələnməyə təkid edilmişdir. Biharül-ənvar, c. 44, səh. 287 kitabında Həzrət Əlinin (ə) belə buyurduğunu oxuyuruq: “Bizim dostlarımız fərəhli günlərimizdə sevinir, hüznlü günlərimizdə isə qəmli olurlar.

Həmçinin, Kərbəla müsibəti olduqca əzəmətli İlahi bir şüar və xatirə sayılaraq, dinimizin izzəti və müsəlmanların iftixarı kimi tanınır. İnsanları Allahı yad etməyə, Ona doğru dönməyə çağırır. Belə İlahi xatirələri unutmamaq, onları həmişə diri saxlamaq Qurani-Kərimdə Həcc surəsi 82-ci ayədə vacib edilmişdir: «Hər kəs İlahi şüarlarını dirçəltsə şübhəsiz ki, bu qəlblərin (onun qəlbinin) təqvasından xəbər verir.»

Unutmayaq ki, mərhəmət və izzət sahibi Uca Tanrı, Onun yolunda sidq ürəklə candan keçməyə hazır olan şəxsləri «özünün sadiq dostları» adlandıraraq onların xatirəsini əbədi yaşatmaqla insanlara nümunə göstərir. Necə ki, Həzrət İsmayıl (ə) Allah yolunda qurban kimi kəsilməyə razı olaraq Allahın sevimlisinə çevrildi. Artıq min illərdir ki, «qurbanlıq bayramı» bütün dünya müsəlmanları tərəfindən qeyd edilməkdədir. İmam Hüseyn (ə) isə təkcə özünü deyil, bütün yaxınlarını da Allah yolunda qurban verərək, İlahi şüara çevrildi. Şəhidlərimizi bu mənəvi və pak timsalda yad etmək, əzadarlıq etmək, onların xatirəsini daim ən ali məqamlarla birgə əbədiləşdirmək məqsədi daşıyır.

Bizim əməl və rəftarlarımızın çoxu sırf o haqda məlumatlı olmağımızla deyil, daxili duyğu və hislərimizlə əlaqədardır. Kərbəla əzadarlığı da bu ümumi qanundan müstəsna deyil. Dinlədiyimiz düzgün ağılar bizə bu hadisənin insani-ilahi dəyərlərini aşılayır və biz göz yaşları axıdırıq. Şəhidlərimizi Kərbəla şəhidləri ilə əlaqələndirmək də bu xüsusdadır. Onların məqamını insani-ilahi dəyərlərlə təfsir etməkdir. Göz yaşı tökdüyümüz hadisə və yaxud insanlara qarşı psixoloji cəhətdən həm simpatia (yaxud sevgi) yaranır, həm də empatia qurmuş oluruq. Bu bizim anlayış səviyyəmizi yüksəldir və oxşar haadisələrdə eyni həmrəylik və anlayışı göstərə bilirik. Belə ki, Aşura günü qana ehtiyacı olan insanlar üçün qanvermə aksiyalarında iştirak etmək dinimizə görə çox böyük savab daşıyır.

Burada mühüm bir məqama da diqqət çəkmək istərdim ki, ağlamaq və göz yaşı tökmək Allaha qarşı etiraz səciyyəsini daşımasın. Həmçinin, anormal hərəkətlər, üz cırmalar, baş yarmalar, özünə xəsarətlər yetirməyi də da dinimiz caiz bilmir. Tarixi-Təbəri, c. 7, səh. 324-də yazılır ki, Aşura gecəsi təmkinlə sabah şəhid olacağını bacısı Zeynəbə və ailəsinə xəbər verən İmam Hüseyn (ə) onlara belə əmr etdi: «Bacı, səbirli və mətanətli ol! Bil ki, dünyanın bütün insanları bir gün ölümə məhkumdur. Göylərin sakinləri (mələklər) də, əbədi yaşamayacaqdır. Bütün yaranmışlar fanidir. Yalnız aləmi öz qüdrətilə xəlq etmiş, insanları yenidən dirildəcək yeganə Allah əbədidir. Atam, anam və qardaşım Həsən (ə) məndən yaxşı olduqları halda o biri dünyaya köçdülər. Mən, onlar və bütün müsəlmanlar, Allahın elçisinə (s) tabe olmalıyıq. O özü də əbədiyyət aləminə qovuşdu. Bacım Ümmü-Gülsüm, Fatimə, Rübab! Mən öləndən sonra yaxanızı cırmayın! Üzünüzə şillə vurmayın və sizə yaraşmayan sözləri dilinizə gətirməyin!”

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »