Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanın Rusiya sərhəd qoşunları ilə müqaviləni ləğv edəcəyini düşünmürəm"
"Ermənistanın Rusiya sərhəd qoşunları ilə müqaviləni ləğv edəcəyini düşünmürəm"

Son günlər Ermənistanın Rusiya hərbçilərini Ermənistandan çıxaracağı ilə bağlı məlumatlar səsləndirilir. Ermənistan sərhədlərinin Ermənistan silahlı qüvvələri tərəfindən mühafizə ediləcəyi ilə bağlı iddialar var. Amma real vəziyyətdə bu mümkündürmü?

“Rusiya ilə Ermənistan arasında 90-cı illərin əvvəllərində əldə olunmuş müqaviləyə əsasən və sonradan müqaviləyə əsasən Ermənistanın sərhəd zolağı-sərhəd xətti Rusiyanın federal təhlükəsizlik xidmətinin sərhəd qoşunları tərəfindən mühafizə olunur. Bu proses, əslində təkcə ikitərəfli razılaşma əsasında deyil, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində Ermənistanla əldə olunan razılıqdır. Ümumiyyətlə, Ermənistanla Rusiya arasında bu razılaşma, bu müqavilə bir neçə il bundan əvvəl təkrar yenilənib”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan hərbi ekspert, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib ki, razılaşmaya əsasən təxminən 2040-ci ilə qədər Ermənistanın sərhəd zolağı Rusiya hərbi birləşmələri tərəfindən, sərhəd qoşunları tərəfindən mühafizə olunmalıdır.

Ramil Məmmədli Ramil Məmmədli

Hərbi ekspert hesab edir ki, bu məsələ hərbi siyasi xarekter daşıyır. Çünki SSRİ dağılandan sonra Ermənistanın əsas təhlükə hesab etdiyi istiqamət Türkiyə xətti olduğuna görə, əsasən mühafizə xətti yəni sərhəd qoşunları Ermənistan Türkiyə və həmçinin Ermənistan İran sərhəddində mühafizə xidmətini həyata keçirdir.

“Bu gün də həmin proses davam edir. Ermənistan mövcud vəziyyətdə, hələ Azərbaycanla münaqişə yekunlaşmamış Rusiya sərhəd qoşunları ilə müqaviləsini ləğv edəcəyini düşünmürəm. Çünki əgər bu ləğv olunarsa, faktiki olaraq, bu vəziyət Rusiya tərəfindən Ermənistanın Türkiyə ilə, dolasıyla NATO ilə yaxınlaşması kimi xarakterizə oluna bilər. Onsuz da Ermənistan son vaxtlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlığını demək olar ki, de-fakto azaldıb. Yalnız hüquqi baxımdan bunların arasında əməkdaşlıq qalıb. Hətta KTMT üzv ölkələrinin müdafiə nazirlərinin görüşündə belə Ermənistanın müdafiə naziri iştirak etməmişdi. Bu da Rusiya tərəfindən ciddi narazılıqla qarşılanmışdı”- deyə Ramil Məmmədli qeyd eidb. Onun sözlərinə görə, mövcud vəziyyətdə Ermənistanın belə bir addım atması gözlənilmir. Lakin Ermənistanın ictimai və siyasi mühitində təmsil olunan şəxslər, hətta bəzi dövlət strukturlarında olan şəxslər buna bənzər fikirlər səsləndirmişdi. Xüsusilə 2018-ci ildən sonra Ermənistanda Qərbin mövqeyi güclənəndən sonra müxtəlif vaxtlarda Ermənistanın sərhəd zolağının Rusiyanın deyil, özlərinin mühafizə etməsinin vacibliyinə dair fikirlər səsləndirilmişdi.

“Məsələyə məntiqlə yanaşmaq lazımdır. Ermənistan hazırda Azərbaycanla müharibə vəziyyətindədir. Yəni məsələyə doğru yanaşsaq, Azərbaycan və Ermənistan arasında olan müharibə vəziyyəti hələ aradan qalxmayıb. Azərbaycanla Rusiya arasında münasibətlərin dərinləşdiyi, münasibətlərin daha yaxşılaşdığı, strateji müttəfiqlik səviyyəsinə gəldiyi bir dövrdə Ermənistanın Rusiya ilə əməkdaşlıqdan imtina etməsi rəsmi İrəvan tərəfindən təbii ki, həyata keçirilə bilməz. Ermənilərin özləri, Nikol Paşinyan və onun komandası da yaxşı bilir ki, Rusiyanın sərhəd qoşunları Ermənistandan çıxarılarsa, növbəti addım artıq Rusiyanın 102-ci hərbi bazasını Ermənistandan çıxarılması məsələsini gündəmə gətirə bilər. Bu isə təbii ki, rəsmi Moskva tərəfindən olduqca sərt qarşılanacaq və hətta deyərdim ki, daxili gərginliyin yaranması formasında da meydana çıxa bilər”-deyə ekspert əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »