Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu sənədlər həqiqidirsə, deməli, Tehrandakı səfirliyimizə qarşı terror əvvəldən planlaşdırılıb"
"Bu sənədlər həqiqidirsə, deməli, Tehrandakı səfirliyimizə qarşı terror əvvəldən planlaşdırılıb"

“İranın mövcud hökümətinə qarşı müxalif mövqedə olan və İranda hakimiyyət dəyişikliyini əsas hədəflərindən biri kimi qiymətləndirən “Mücahid” Xalq Təşkilatına bağlı olan haker qrupu tərəfindən İran hökümətinin məxfi sənədləri kimi təqdim olunan bir sıra gizli sənədlər yayımlanıb. Bu sənədlərdə İran molla rejiminin bir sıra istiqamətlərdə davranışlarıyla bağlı məxfi məlumatlar öz əksini tapır.

Xüsusilə də İran Azərbaycan münasibətləri, Azərbaycanın böyüyən, güclənən mövqeyinin qarşısının alınması, Azərbaycanda xalq-hakimiyyət birliyinə zərbələrin vurulması, Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşdirilməsi, eyni zamanda Azərbaycanın bölgədə artan nüfuzunun məhz “sionist ideologiyasına” xidmət etməsinin nəticəsi olaraq, bu mövqelərə sahiblənməsinin geniş təbliğat alətinə çevrilməsi istiqamətində sənədlərdə məxfi məlumatlar öz əksini tapıb”.

Bu barədə Bizimyol.info xəbər portalına tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev danışıb. Politoloq hesab edir ki, bu prosesə bir neçə istiqamətdən yanaşmaq lazımdır. Çünki bu məlumatların həqiqətən də İran molla rejiminə müxalif olan qüvvələr tərəfindən ələ keçirilərək, yayımlanması məsələsi hələ tam dəqiq deyil. Bu məlumatlar İran xüsusi xidmət orqanlarının ETELAT-ın və yaxud SEPAH-ın məqsədli şəkildə dövriyyəyə buraxdığı feyk məlumatlar, feyk sənədlər də ola bilər Bu səbəbdən də mümkün qədər ehtiyatlı, mümkün qədər diqqətli olmaq lazımdır.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

Anar Əliyev hesab edir ki, bunu İran Azərbaycan arasında münasibətlərin gərginləşməsinə xidmət eliyən bir davranış kimi də qiymətləndirmək olar. Eyni zamanda belə məlumatları səsləndirməklə Azərbaycandan İranın molla rejiminə qarşı, İran hakimiyyətinə qarşı ciddi əks təbliğatın həyata keçirilməsinə və bununla da İran hakimiyyətinə Azərbaycan hakimiyyətinə təzyiqlər etmək üçün İran hakimiyyətinin əlinə vasitə, səbəb verməyə bir siyasət kimi də qiymətləndirmək olar.

“Bununla yanaşı Azərbaycan və Rusiya arasında münasibətlərin gərginləşməsinə nail olmaqla bölgədə Azərbayacanın güclənən mövqelərinə zərbələr endirmək və bununla da özlərinin maraqlarını həyata keçirmək istəkləri də əks oluna bilər. Amma təbii ki, açıqlanan sənədlərdə bir sıra məsələlər reallıqları, faktları əks etdirdiyi üçün bunu həm də mövcud hakimiyyətə müxalif olan qüvvələrin rəsmi Tehrana aid sənədləri ictimailəşdirməsi kimi də qiymətləndirmək olar. Həmin sənədlərdə açıq şəkildə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumlarının həyata keçirilməsi və terrorçunun kimliyi, eyni zamanda terror hadisəsinin əvvəlcədən bilinməsi ilə, terror hadisəsi törədilərkən Tehran polisinin, İran polisinin hadisələrə müdaxilə etməməsi, müşahidəçi davranış nümayiş elətdirməsi də öz əksini tapır. Əgər bu sənədlər həqiqidirsə, bütün bu məlumatlar göstərir ki, Azərbaycanın Tehrandakı səfirinə qarşı terror hücumu əvvəlcədən planlaşdırılmış, məqsədli şəkildə həyata keçirilmiş, silahlı terror hücumu idi. Hədəf isə, Azərbaycanın gözünü qorxutmaq Azərbaycana təzyiqlər etməklə bölgədə həyata keçirilən proseslərə müdaxilə imkanlarını məhdudlaşdırmaq idi”-deyə Anar Əliyev qeyd edib. O, hesab edir ki, bu informasiyaların yayılması dəqiqləşərsə və xakerlərin Tehranın rəsmi sənədlərinin ələ keçirməsi kimi qiymətləndirilərsə, bu rəsmi Tehran üçün, İran molla rejimi üçün ciddi skandalların əsasını qoymuş olacaq. Çünki bu sənədlər rəsmi təsdiq olunarsa molla rejiminin, rəsmi Tehranın dövlətçilik prinsipləri ilə deyil, məhz terrorçu quruplaşmaların, terrorçu təşkilatların prinsipləri ilə yanaşdığını, qonşu dövlətlərlə münasibətləri beynəlxalq hüququn prinsipləri əsasında deyil, cinayətkar hesablaşmalar üzərindən həyata keçirdiyini bir daha sübut edəcək və bir daha molla rejiminin terrorçu mahiyyətini açıb ortaya qoyacaq. Bununla da, İranın bölgədə münasibətlərin normallaşmasına deyil, əksinə normal münasibətlərdə olan dövlətlər arasında münasibətlərin gərginləşməsinə xidmət edən bir cinayətkar quruplaşma, bir cinayətkar idarəetmə mahiyyəti daşıdığını bir daha açıb, ortaya qoyacaq. Bütün bunlar təbii ki, İranın qonşu dövlətlərlə eləcə də Azərbaycanla münasibətlərinə də ciddi əlavə zərbələr vurmuş olacaq.

“Bu proseslərdə isə günahkar təbii ki, qonşu dövlətlərlə yalnız təhdid, təzyiq, terror dili ilə danışmağı özünə rəva bilən, özünü haqlı sayan İranın molla rejimi və onun rəhbərliyi daşıyacaq. Eyni zamanda bu sənədlər rəsmi təsdiqini taparsa, İranın İsrail əleyhinə sionist təbliğatının nə qədər əsassız mənasız və qeyri-ciddi olduğunu bir daha sübut etmiş olacaq. Bu təbliğatın arxasında məqsədli, məkrli planların dayandığını bir daha ortaya çıxarmış olacaq. Eyni zamanda Azərbaycanın ortaya qoyduğu qətiyyətli mövqedə nə qədər haqlı olduğunu, heç bir dövlətə, eyni zamanda İrana da boyun əymədən və İrana qarşı proseslərdə iştirak etmədən müstəqil siyasət yeritməyin, nə qədər düzgün olduğunu və dövlətimizin maraqları baxımından hədəflərə nail olmaq istiqamətində uğurlu gediş kimi qiymətləndirdiyini bir daha müşahidə edə biləcəyik”-deyə politoloq bildirib.

Xatırladaq ki, bir neçə gün öncə, hakerlər qrupu İran hökumətinin məxfi sənədləri olduğunu iddia etdiyi sənədlərin bir hissəsini yayımlayıb, onlardan bəziləri bu ilin əvvəlində Azərbaycanın Tehrandakı səfirliyinə hücumun yeni təfərrüatlarını açıqlayıb. Mühacirətdə olan müxalif Mücahidin Xalq Təşkilatına (MKO) bağlı olan hakerlər bəzi sənədləri Telegram mesajlaşma proqramında yerləşdiriblər. MKO Tehran tərəfindən terror qruplaşması hesab olunur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »