Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Ərdoğanın qələbəsini bayram edir
İran Ərdoğanın qələbəsini bayram edir

İranda iqtisadi böhran, böyük etiraz aksiyaları fonunda Türkiyədəki prezident seçkilərinə böyük maraq təəccüb doğurur. Azərbaycanın qonşuluğundakı ölkədə mayın 14-dən 15-nə keçən gecə əhalinin nəzərəçarpan hissəsi səslərin sayılmasını böyük maraqla izləyib.

Sosial medianın İran seqmentində heç vaxt olmadığı qədər geniş müzakirələr açılıb. Daha çox 2009-cu il Tehran seçkiləri ilə paralellər aparılıb. Bizimyol.info xəbər verir ki, beynəlxalq münasibətlər üzrə şərhçi Ehsan Mohavedian Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın son çıxışlarının birmənalı qarşılanmalı olmadığını bildirib. O, İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın vaxtilə təxminən bu ruhda sözlər dediyini xatırladıb. Mohavedian İranın Türkiyədəki seçkilərə biganə qala bilməyəcəyini vurğulayıb: “İran narahatdır”.

Onda Əhmədinejad elə ilk turdaca qalib elan olunmuşdu. Digər namizəd Mir Hüseyn Musəvinin tərəfdarları nəticənin obyektivliyinə şübhə ilə yanaşmışdı. Dərhal etiraz aksiyaları başlamışdı. Etirazlar bir aydan çox davam etmişdi. Minlərlə şəxs həbs olunmuşdu. Hətta ölənlər var idi.

Son günlər İranın silahlı qüvvələri daha çox kürdlərin yaşadığı Türkiyənin şərqindəki sərhəd zonasında hərbi hazırlıq vəziyyətinə gətirilmişdi. Hesab olunurdu ki, Kamal Kılıçdaroğlunun qələbəsindən sonra ara qarışa bilər. İndi isə İran hökumətinin nəticədən razılığı hiss olunur. Ölkənin Xarici İşlər Nazirliyi Ərdoğanı təbrik edib, dövlət başçısının ilk turdakı uğurunu “demokratiyanın qələbəsi” adlandırıb. İran hakimiyyəti Türkiyə seçkilərini diqqətlə izləyib. Hökumətə yaxın media seçki gününün gecəsi tez-tez nəticələr barədə məlumat verirdi.

İranlı jurnalist Mehdi Rəhbər Ərdoğanın son 20 ilin ən çətin sınağından üzüağ çıxdığını yazıb. Onun fikrincə, Kılıçdaroğlu ikinci turda vəziyyəti dəyişə bilməyəcək.

Başqa bir jurnalist Məhəmməd Motlağ Türkiyədəki seçkilərdə ən böyük qələbəni İranın qazandığını qeyd edib. Jurnalist düşünür ki, Ərdoğanın yenidən seçilməsi NATO-nun tənəzzülünə səbəb olacaq: “Nəzərə almaq lazımdır ki, Türkiyənin Yunanıstanla müharibə ehtimalı az deyil. Kılıçdaroğlu qalib gəlsə, Qafqazda (Azərbaycan-Ermənistan) gərginlik artacaq, əvəzində Suriyada və İraqda azalacaq. Rusiya isə İranla yaxınlaşmağa çalışacaq”.

İranlı akademik Fatimə Şəms sosial mediada sərt fikirlər yazıb. O, həm Ərdoğanın, həm də İranın məğlubiyyətini arzuladığını gizlətməyib: “Korrupsiyanı və Ərdoğanın radikallığını unutmaq olmaz. Kılıçdaroğlunun qələbəsi bölgədə çox tendensiyaları dəyişərdi”.

Sosial medianın İran seqmentində Ərdoğanın uğuruna sevinən çoxdur. Əksəriyyət demokratiyanın qələbə çaldığını düşünür. İranlı jurnalist Əmir Hüseyn Mossala yazıb ki, Türkiyədə seçkilərin nəticələri əvvəldən məlum olmur, xalq iradəsini ortaya qoya bilir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »