Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmədə dindirilən keçmiş rektor: "Evimdən mürəbbə, şəkərbura, paxlava gətirirdim ki, universitetin pulu getməsin..."
Məhkəmədə dindirilən keçmiş rektor: "Evimdən mürəbbə, şəkərbura, paxlava gətirirdim ki, universitetin pulu getməsin..."

2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin (BSU) rektoru olmuş Nurlana Əliyeva aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, 226 min manatlıq mənimsəmə və dələduzluq işi üzrə ifadə verib.

Bizimyol.info xəbər verir ki, Nurlana Əliyevanın adı BSU-da ikinci təhsil alan tələbələrin təhsilhaqqı kimi ödədiyi pulların mənimsəmənilməsi, eləcə də orada işə düzəlmək istəyənlərə qarşı dələduzluqla bağlı cinayət işində hallanırdı. O, məhkəməyə çağırılsa da, könüllü şəkildə gəlməmişdi. Bu üzdən məcburi gətirilməsi barədə qərar çıxarılmışdı.

Məhkəmədə universitetin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, külli miqdarda mənimsəmə, dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə ittiham olunan dosent Dürdanə Əliyevanın işinə baxılır. Dürdanə Əliyeva isə sabiq rektoru və baş mühasibi ittiham edir: "Mən bu işləri tək görə bilməzdim. Amma onlar məsuliyyətdən kənarda saxlanılıblar. Mən özümü ancaq cinayəti bilib, xəbər verməməyə görə təqsirli bilirəm.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsində də onların məsuliyyətə cəlb edilməsi üçün vəsatətlər vermişəm”.

Onun vəkili Nurlana Əliyevanın məhkəmədə dindirilməsi haqda vəsatət qaldırmış, məhkəmə də təmin etmişdi.

Aprelin 3-də Nurlana Əliyeva məhkəmədə dindirilərkən Dürdanə Əliyeva ilə əlbir olması haqda ittihamları rədd edib:

Pandemiya dövründə vəziyyət pis idi, tələbələr universitetə gəlib-gedə bilmirdi. Dürdanə Əliyeva belə bir vəziyyətdə mənim inamımdan sui-istifadə elədi. Birinci dəfə iki nəfər tələbə ödənişin mənimsənilməsilə əlaqədar mənə şikayət elədi.

Araşdırdıq, məlum oldu ki, Dürdanə Əliyeva mənimsəyib. Onu yanıma çağırdım. Dedim ki, ayıbdır, müəllimə yaraşmaz belə hərəkətlər. Söz verdi ki, evimi satmaq hesabına da olsa, ödəyəcək. Ona 10 gün vaxt verdim. Söz versə də, eləmədi. Ona görə Təhsil Nazirliyinə şikayət elədim. O, mənim 5 illik fəaliyyətimə kölgə salmağa çalışdı. Mən o qədər abır-həyamı itirməmişəm ki, 70 yaşımda dövlətin puluna əl atım. Mən evimdən universitetə mürəbbə, şəkərbura, paxlava gətirirdim ki, universitetin pulu getməsin..."

O, rektor olduğu dövrdə universiteti inkişaf etdirməsindən də danışıb:

“Prezident 2016-cı ildə rektor təyin olunanda məni yanına çağırıb dedi ki, orada ideoloji vəziyyət ağırdır. Universitetin maliyyə sistemində o qədər pozuntu vardı ki, yoxlama zamanı Hesablama Palatası da baş aça bilməmişdi. Mən gələndən sonra orada inkişaf başladı. Dünyada məşhur şəxslər universitetdə mühazirələrlə çıxış etdilər. Beş ildə universitet tamamilə dəyişdi. Mənim dövrümdə universitetdə Yeni Azərbaycan Partiyasının üzvləri artdı...”

Sabiq rektorun sözlərinə görə, Dürdanə Əliyeva ondan kimlərinsə işə düzəldilməsi barədə xahiş edib. Lakin onun xahişlərini rədd edib: "Mən bu məsələlərlə bağlı istintaqa 40 səhifəlik material vermişəm”.

Dindirilən tələbələr ifadələrində bildiriblər ki, universitetdə terminallar işləmədiyinə görə təhsilhaqqını nağd şəkildə Dürdanə Əliyevaya verməli olublar. Həmin vəsaitlər də mənimsənilib. Sabiq rektordan universitetdəki terminalların niyə işləmədiyi də soruşulub. O bildirib ki, universitetdə ödəmə terminallarının işləmədiyini bilmirdi: "Hamısı Dürdanənin işləridir..."

Dürdanə Əliyeva isə ünvanına səslənən ittihamları qəbul etmir.

"Mənə məcburi işdən çıxmaq haqda ərizə yazdırdınız. Təhvil-təslim aktı hazırladınız. Qanun pozuntuları vardısa, onda niyə demirdiniz?", - Dürdanə Əliyeva keçmiş rektora deyib.

Universitetdə 226 min manatlıq yeyinti ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Nurlana Əliyeva 2009-2021-ci illərdə YAP-ın Qadınlar Şurasının da sədri olub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »