Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bələdiyyələrlə bağlı islahatlar: Nədən başlamalı?!
Bələdiyyələrlə bağlı islahatlar: Nədən başlamalı?!

Azərbaycanda bələdiyyələrin yaranmasına 1999-cu ildə qərar verildi və ilk seçki də elə həmin il keçirildi. Seçkilərdən sonra 2 min 7 yüzdən çox bələdiyyə yaradılsa da zamanla onların səlahiyyətləri kimi sayı xeyli azaldı. Sonra nə hikmətsə, bələdiyyələrin ölkədə olan-qalan hörməti də yoxa çıxdı. Bir müddət əvvəl Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, regional strukturlarda, o cümlədən bələdiyyələrdə islahatların aparılması planlaşdırılır.

Azərbaycanda bələdiyyələrin vəziyyəti necədir? Niyə qardaş ölkə Türkiyədə olduğu kimi bələdiyyələrə xüsusi hörmət yoxdur?

“Azərbaycan bələdiyyəsi müəyyən inkişaf yolu keçib. Bu müddət ərzində qanunvericilik bazası, normativ hüquqi sənədlər artıq müəyyən mənada hazırdır. Ancaq bütün bunlara rəğmən Azərbaycan bələdiyyəsi çox ciddi problemlərlə üz- üzə qalıb. Zamanla verilən səlahiyyətlər müəyyən bir müddət keçdikdən sonra geri alınıb. Bu səlahiyyətlər əsasən maliyyə ilə bağlı olan səlahiyyətlərdir. Bura avtomobil üzrə əmlak vergisi, reklamla bağlı rüsumlar və digərləri daxildir”.

Bu barədə Bizimyol.info xəbər portalına “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliynin sədri Vüqar Tofiqli danışıb. Onun sözlərinə görə, bələdiyyələrdən alınan səlahiyyətlər bələdiyyələrin büdcəsinə kifayət qədər ziyan vurub. Elə bu səbəbdən də Azərbaycan bələdiyyəsi bu gün çətin vəziyyətdən qurtara bilmir. Bələdiyyələri bu vəziyətdən çıxarmaq üçün ciddi şəkildə islahatlara ehtiyac var. V.Tofiqli qeyd edir ki, bu sahədə köklü dəyişikliklər aparılmalıdır. Belə ki, ilk növbədə bələdiyyələrin səlahiyyət məsələlərinə yenidən baxılmalıdır.

Vüqar Tofiqli Vüqar Tofiqli

“Ümumiyyətlə bələdiyyə qanunvericiliyi yenidən təftiş edilməlidir. Burada boşluqlar, uyğunsuzluqlar, normativ sənədlərdə boşluqlar var. Məsələn, qeyd edilir ki, Dövlət Reklam İdarəsi bələdiyyə mülkiyyətində olan reklamdan vergiləri toplayıb, onun 10 faizini bələdiyyəyə köçürməlidir. Amma bu gün o prosses həyata keçirilmir. Həmin prosseslərdə ləngimələr var. Bu məsələdə Reklam Xidmətinin gətirdiyi əsas bəhanə odur ki, həmin ərazi bələdiyyə mülkiyyətinə verilməyib. Birinci bu məsələ həll olunmalıdır. İkincisi isə istənilən halda 10 faiz məsələsi çox aşağıdır. Onu 30-40 faizə qədər artırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, bələdiyyəyə verilən rüsumların hər biri sonda seçicisi olduğu ərazilərin problemlərinin həllinə yönəlir”,- deyə ekspert vurğulayıb.

QHT -sədri qeyd edib ki, ilk növbədə qanunvericilikdəki boşluqlar, çatışmayan cəhətlər aradan qaldırılmalıdır. “Məsələn, əmlak vergisi ilə bağlı məsələlərdə müəyyən problemlər var. Çünki sənədsiz, hüquqi statusu olmayan mənzillərdən toplanılmır vergi. Qanunvericilikdə bu konkret olaraq göstərilir. Bu kifayət qədər böyük məbləğ edir. Düşünün ki, 3 milyona yaxın sənədsiz mənzil var. Bu sənədsiz mənzilin hər biri büdcəyə 30 manat vergi ödəmiş olsa, bu 90 milyon manat pul edir. Bu vəsait isə Azərbaycan bələdiyyəsinin bu gün olan büdcəsindən 2 dəfə çoxdur. Bu səbəbdən də qanunvericilik bazasında bu məsələlər öz həllini tapmalıdır”.

Ekspert əlavə edib ki, qanun qəbul ediləndə orada icra hakimiyyəti ilə bələdiyyələrin qarşılıqlı münasibətlərini tənzimləyən müddəalar da yer almalıdır. Orada bələdiyyə icra strukturlarının səlahiyyət bölgüsünü özündə ehtiva edən qanun və ya müddəa olmalıdır. QHT sədri bildirib ki, bir müddət əvvəl bununla bağlı qanun müzakirəyə çıxarılıb, amma nədənsə sonradan ləngidildi.

“İslahatlarda birinci mərhələ qanunvericilikdə olan boşluqların aradan qaldırılmasına yönəldilməlidir. Əgər biz islahat aparmaq istəyiriksə, Azərbaycan bələdiyyəsini Türkiyə, Avropa standartları istiqamətində inkişaf etdirəcəyiksə, o zaman qanunvericilikdəki boşluqlar öz həllini tapmalıdır”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »