Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran hökumətindən məşhur azərbaycanlı futbolçunun biznesinə hücum
İran hökumətindən məşhur azərbaycanlı futbolçunun biznesinə hücum

İran hökuməti etirazçıların qarşısında geriyə addım atmağa başlayıb. Uzun illər fəaliyyət göstərən əxlaq polisi ləğv edilib. Buna baxmayaraq, rəsmi Tehranın mahiyyətini qoruduğunu demək olar. Etiraz aksiyalarının öndə gedən simalarına qarşı güzəştsiz davranılır. Həbs olunanların böyük əksəri hələ də azadlığa buraxılmayıb. İran hökuməti məşhur futbolçu Əli Daeinin də əl-qolunu bağlamağa çalışır.

Bizimyol.info xəbər verir ki, azərbaycanlı top ustasının obyektləri bağlanıb. İran hökuməti onun zərgərlik mağazasına və restoranına işini davam etdirməyə imkan verməyib. Obyektlərin qapılarına möhür vurulub.

Əli Daei ilk günlərdən etirazçılara dəstəyini ifadə edib. O, ölkədə söz azadlığının boğulmasının yolverilməz olduğunu dilə gətirib. Buna görə Daeinin pasportu əlindən alınıb. Futbolçunun özü və ailəsi böyük təhdidlə üzləşib. Onu hətta Qətərdəki Dünya Çempionatına da buraxmayıblar. Halbuki İran futbolunun ən böyük siması mundialın fəxri qonaqları siyahısında yer alır.

Bütün baş verənlərə baxmayaraq, Əli Daei geri çəkilmir. O, etirazların davam etdirilməsinin tərəfdarıdır. Məşhur azərbaycanlı etirazçıların bir-birinin ardınca tələblərini həyata keçirə biləcəyinə inanır.

İrandan olan siyasi fəal Məsih Əlinecad Əli Daeninin başına gələnlər barədə sosial mediada yazıb. Onun yazdıqlarına minlərlə reaksiya bildirən olub. Rəy bölümündə Əli Daeiyə böyük dəstək ifadə edilib.

İranda Məhsa Əmininin öldürülməsi etiraz aksiyalarının başlamasına səbəb olmuşdu. 23 yaşlı gənc geyim qaydalarını pozmaqda ittiham olunaraq həbs edilmişdi. Yaxınlarının dediyinə görə, Məhsa polis bölməsində başına endirilən çoxsaylı zərbələr üzündən həyatını itirib. Rəsmi açıqlamada qızın ürəktutmadan həyatını itirdiyi bildirilirdi. Amma gəncin ailə üzvləri onun heç vaxt ürək problemləri yaşamadığını qeyd edirlər.

İranda etiraz aksiyalarının 400-dən çox iştirakçısı öldürülüb. Həbs olunanların sayının 15 min nəfəri keçdiyi bildirilir. Hökumət son günlər geriyə addım atmaq qərarına gəlib. Amma etirazların tezliklə səngiyəcəyini demək olmaz.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »