Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qəyyur Yunusun əsərlərində rənglər alovlanır, alışıb-yanır, öz ömrünü yaşayır" - Foto, Video
"Qəyyur Yunusun əsərlərində rənglər alovlanır, alışıb-yanır, öz ömrünü yaşayır" - Foto, Video

Ötən ay Qəyyur Yunusun 75 illik yubileyinə həsr olunmuş “Sağ əlin sənəti” adlı fərdi sərgisi keçirilib. Bakı Müasir İncəsənət Muzeyində keçirilən sərginin kuratoru Rsul Həsən olub. Sərgidə Qəyyur Yunusun əsərləri haqqında məlumatlar, Sənətşünaslıq doktoru olan Mais Nəzərlinin və başqa sənətşünaslar, rəssamların fikirlərinin yer aldığı “Həqiqət yollarında” kitabı da sərgidə nümayiş olunub. Rəssamın əsərləri hər bir sənətşünas tərəfindən müxtəlif formalarda dəyərləndirilir.

“Qəyyur Yunusun yaradıcılığı özünəməxsus və təkrarolunmazdır. O, Azərbaycan rəngkarlığı tarixində yeni səhifə açmışdır. Qədim adətlərə əsaslanaraq, Qəyyur öz misilsiz və əfsanəvi aləmini yaradır. Onun əsərlərində rənglər alovlanır, alışıb-yanır, öz ömrünü yaşayır. Uzun müddət yaddaşınızda qalan və sizin dünyanızın bir hissəsinə çevrilən əvəzsiz və heyrətamiz əhval-ruhiyyə yaradır. Qəyyur Yunus, özünəməxsus canlı reallığı yaradan böyük ustad və dahi rəssamdır. Məhz bununla dünya incəsənət tarixi üçün dəyərlidir. Bu da onun Azərbaycan rəssamı kimi bütün cəmiyyətə töhfəsidir”. - Sənətşünaslıq üzrə fəlsəfə doktoru Axundova Nigar (kitabdan qeyd)

Gənc Sənətşünas Mənsurə Məmmədəliyeva isə deyir ki, sərginin kuratoru Rəsul Həsənin işində yeni baxış və ya fərqli konsepsiya hiss etməyib. Ənənəvi üslubda qurulmuş ekspozisiyada rəssamın daha öncə və son illər ərsəyə gətirdiyi 72 ədəd rəngkarlıq və qrafik işləri nümayiş olunurdu.

Sənətşünas rəssamın əsərləri ilə də bağlı fikirlərini bölüşüb.

Qəyyur Yunusun 75 illik yubileyinə həsr olunmuş “Sağ əlin sənəti” adlı fərdi sərgisi / Foto: Nərgiz Abbasova, Bizimyol.info Qəyyur Yunusun 75 illik yubileyinə həsr olunmuş “Sağ əlin sənəti” adlı fərdi sərgisi / Foto: Nərgiz Abbasova, Bizimyol.info

“Qəyyur Yunus yaradıcılığının əsas spesifikası ənənəvi şərq dekotarivliyi ilə Qərbin realistik tendensiyalarının sintezidir. Şərti təsvir dili ilə avropasayağı yanaşmanın vəhdətindən yaranan tablolarda dini konteks qabarıqdır”. Mənsurə Məmmədəliyeva deyir ki, rəssam metaforlara müraciət edərək süjetlərinə simvolik məna, fəlsəfi baxış qazandırır. Əlavə edib ki, rəssam izləyicini islam dini ritualları, sufi obrazları ilə qarşılaşdırır. Xüsusilə, nəzərə çarpan motiv kimi xristianlığın vizual təcəssümü olan “balıq”, yəni Xilaskar İsa Məsihin obrazı diqqət çəkir.

Qəyyur Yunusun 75 illik yubileyinə həsr olunmuş “Sağ əlin sənəti” adlı fərdi sərgisi / Foto: Nərgiz Abbasova, Bizimyol.info Qəyyur Yunusun 75 illik yubileyinə həsr olunmuş “Sağ əlin sənəti” adlı fərdi sərgisi / Foto: Nərgiz Abbasova, Bizimyol.info

“Rəssamın qəhrəmanları daxili məzmundan yoxsun, individuallığı ilə seçilməyən ümumiləşmiş  obrazlar kimi qarşımıza çıxır. Dini süjetlərini məişət səviyyəsinə endirən rəssam obrazlarını müqəddəsləşdirməyin lehinə gedərək onları dünyəviləşdirir, sanki bizdən biri edir”.

Sənətşünas qeyd edib ki, rəssam əsərlərində klassik Şərq ənənələrindən bəhrələnərək təsvir məkanına kalliqrafik medalyonlar daxil etmişdir. Kolorit həllində tutumluluq obrazlarla izləyici arasında intim bağ yaradır: “Ümumilikdə, əsərləri canlı izləmək xoş olsa da, sərgi yaddaşımda həkk olunacaq xüsusi bir əlamətdarlığı ilə yer etmədi”.

Nərgiz Abbasova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »