Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həvəskarların balıq tutduğu qəbiristanlıq - Video
Həvəskarların balıq tutduğu qəbiristanlıq - Video

Kürdəxanı və Pirşağı qəsəbəsi arasında bir qəbirstanlıq var. Qamışların arasında, gölün kənarında. Baxımsızdır. Yay-payız aylarında həvəskarlar gəlib burada balıq tuturlar. Payzın sonlarında yağışlardan sonra göl daşır və yaxınlıqdakı qəbirlər su altında qalır. Ötən illərdə dəfn edilən, amma üzəri tikilməyən qəbirlərə su dolduğu üçün az qala dəfn edilənlərin sümükləri su üzünə çıxır. Bir neçə dəfə gölü qurutmaq üçün "göz boyayan" tədbirlər görülüb. Əraziyə ağ torpaq tökülüb. Amma bu görülən tədbirlər qane edici deyil.

Bu gün qəbirstanlığın yanından keçəndə üfunət iyi adamı vurur. Gölün suyu qəbirlərə dolur, ərazidə əməlli -başlı antisanitar vəziyyət yaranır. Bu vəziyyət həm qəbirstanlığın yaxınlığında yaşayan insanların sağlamlığı üçün təhlükəlidir. Həm də bu qəbirstanlıqda dəfn edilənlərin ruhuna qarşı hörmətsizlikdir.

Vətəndaş yay ayında gəlib, quru ərazidə yaxınını dəfn edib gedir. Hardan bilə bilər ki, bir balaca yağışlar yağan kimi qəbir suyun içində qalacaq?

Bu qəbirstanlıq haqqında dəfələrlə yazmışıq. Amma görünən odur ki, bu problem Kürdəxanı da müvafiq orqanların maraqları çərçivəsində deyil. Məsələnin başqa bir problemli tərəfi isə, sağ olanlarla bağlıdır. Hansı ki, gəlib burada balıq tutur, ailəsinə aparır və yaxud sataraq, çörək pulu əldə edir. Öncə qeyd edək ki, bu göl çirkab suları hesabına formalaşıb. Yəni ətrafda olan yaşayış evlərinin kanalizasiya sular bu gölə axıdılır.

İkinci problem də gölün qəbirtsanlığa dolmasıyla meyidlərin qalıqları bu suya qarışır. Yəni həmin göldən tutulan balıqlar kanalizasiya suları və meyit qalığı hesabına yetişir. Bu balığın alan vətəndaş həmin balığın harada yetişdirilməsi, nə ilə qidalanması haqqında məlumatsız olur. Bu isə, insanların sağlamlığı üçün böyük təhlükədir.

Balıq tutanlar, gördükləri işi əyləncə xatirinə etdiklərini deyirlər. İddiaya görə, balıq tutmaq əsəbləri sakitləşdirirmiş. Bu proses zamanı tutulan balıqlardan gələn gəlir isə, onların əyləncəsi zamanı qəbul etdikləri içkilərin, çərəzin pulu imiş. Bəziləri isə, buradan tutduqları balıqlar sataraq evlərinə çörək apardıqlarını deyirlər. Onlar hətta özləri də bu balıqdan yediklərini qeyd edir və heç bir zərər vermədiyini deyirlər.

Qısası, Kürdəxanıda həm ölülər, həm də dirilər üçün təhlükə saçan bir göl var. Bu gün biz yazır, real vəziyyəti diqqətə çatdırırıq. Qarşıdan payız fəsli gəlir, meyidlərin göl suyunda üzəcəyi fəsl..

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »