Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Evlərin sənədi olmadığına görə bələdiyyə vəsait toplaya bilmir"
"Evlərin sənədi olmadığına görə bələdiyyə vəsait toplaya bilmir"

Bakı və Abşeronda yüzminlərlə sənədsiz ev var. Və onların nə zaman sənədləşdiriləcəyi də sual altındadır. Bu ərazilərdə sənədsiz evlərin kütləvi şəkildə tikilməsinə 90-cı illərdə rast gəlinsə də, bu gün də, hərhansı bir formada “icazə” ilə sənədsiz evlər tikilir. Hamı da yaxşı bilir ki, kimdənsə “icazə” almadan daşı-daş üstə belə qoymaq mümkün deyil.

Evlər tikilir, komunikasiya xəttləri çəkilir, yaşayış başlayır. Ancaq vətəndaş bu evini nə sata bilir, nə banka girov qoya bilir, nə də hansısa bir problem ortaya çıxanda müraciət edə biləcəyi bir qurum tapa bilir. Tikinti zamanı “icazə” verənlər sonrakı proseslərdə yoxa çıxırlar. Bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemləri və məişət tullantıların daşınması ən xırda problemlərdir. Maraqlısı budur ki, bu ərazilərdə problemlər yaranan kimi hamı həmin problemin bələdiyyələr tərəfindən həll edilməsini gözləyir.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Bizimyol.info saytına açıqlamasında bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin hesabına bələdiyyəyə vəsait daxil olmadığına görə, bələdiyyə hərhansı bir addım atmaqda çətinlik çəkir: “Binə qəsəbəsində bu gün 155 min əhali yaşayır. Və bu evlərin sənədi olmadığına görə, bələdiyyə vəsaiti toplaya bilmir. Bələdiyyə vətəndaşın ona etdiyi müraciətinin qarşısında aciz qalır”.

Vüqar Tofiqli Vüqar Tofiqli

Tofiqli vurğulayıb ki, bu proseslərdə bələdiyyələrə təkan verməli olan digər qurumlar kənara çəkilir, öz gördüyü işin məsuliyyətini bələdiyyənin üzərinə atır. Dövlət əmlakının bələdiyyələrə verilməsi məsələsi və s. digər proseslər başa çatdırılmalıdır ki, bələdiyyə maliyyə toplaya bilsin, başa çatdırılmadığı üçün bələdiyyə maliyyə toplamaqda çətinlik çəkir.

“Bu gün Bakı və Bakıətrafı ərazilərdə kifayət qədər problemlər var. Bu həmin ərazilərdə olan evlərin, mənzillərin və torpaqların sənədləşdirilməsinin başa çatmamasından irəli gəlir. Baxmayaraq ki, cənab prezidentin 2009-cu ildən bəri bununla bağlı fərmanı var. Amma Əmlak Məsələləri üzrə Dövlət Xidməti bu prosesi tam başa çatdırmayıb. Baxmayaraq cənab prezidentin 2009-cu ildən bəri onlarla sərəncamları var, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi bu məsələni başa çatdırmayıb, çatdırmaq niyyəti də yoxdur. Cənab prezident bu sahədə yaşıl işıq yandırsa da, komitə sanki nəyisə gözləyir. Müəyyən komissiya yaradılıb, icra hakimiyyətləri nəzdində yerli komissiyalar formalaşdırılıb, siyahıya alma aparılıb. Sadəcə işə start verilməlidir ki, bilinsi torpaq kimindir. Torpaqlar bölünməlidir və bələdiyyə bilməlidir ki, əmlakı hansıdır. Ünvan müəyyənləşdirilməlidir” - deyə qeyd edən V.Tofiqli həmçinin bildirib ki, fərdi evlərin sənədsiz olması vətəndaşa müxtəlif problemlər yaradır. Vətəndaş öz evini alqı-satqıya çıxara bilmir, sığorta etdirə bilmir, vərəsəsinə ötürə bilmir və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün kredit götürə bilmir. Bu da əhali arasında narazılıq yaradır.

“Bu problemlər həll olunmalıdır. Burada hər bir məsul qurum, bələdiyyənin işinin qurulması üçün ciddi addım atmalıdır” - deyə sədr əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »