Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gənclər ali təhsilini, karyerasını davam etmək istədikləri üçün hərbi xidmətdən yayınmağa çalışırlar"
"Gənclər ali təhsilini, karyerasını davam etmək istədikləri üçün hərbi xidmətdən yayınmağa çalışırlar"

2023-cü ildə Azərbaycanda hərbi xidmət keçməkdən boyun qaçırma hallarına görə 37 nəfər axtarışa verilib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Rəsmi məlumata görə, ötən il hərbi xidmət keçməkdən boyun qaçıran 37 nəfərdən 25-nin yeri müəyyən edilərək tapılıb. 12 nəfər 2023-cü ilin sonuna kimi axtarışda olub. 2022-ci illə müqayisədə hərbi xidmət keçməkdən boyun qaçırma halları artıb (119,4 faiz təşkil edib).

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada səbəblər fərqli ola bilər. Hərbi ekspertin fikrincə, bu da daha çox sosial problemlərdən irəli gəlir. Yəni məqsəd sırf hərbi xidmətdən yayınmaq deyil.

Şair Ramaldanov Şair Ramaldanov

Şair Ramaldanov bildirib ki, bu gün Azərbaycanda alternativ xidmət və digər təkliflərlə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi ilə əlaqəli müəyyən bir proses gedir, bəzi müzakirələr aparılır.

“Şəxs 18 yaşa çatanda hərbi xidmətə gedir. 18 yaş nə deməkdir? Yəni orta məktəbi qurtarıb, ali məktəbə daxil ola bilməyibsə, artıq orduya çağrılmalıdır və orduya xidmət etməlidir. Və orduda il yarım xidmət edəndən sonra təbii ki, həmin gəncin yenidən ali məktəbə daxil olmaq şansı çox az olur. Gənclər öz gələcəyini ali məktəbi bitirməklə bağlayır. Ali savadlı mütəxəssis olmağı arzulayırlar. Valideynlər də təbii ki, bunda yardımçı olmaq istəyirlər. Belə olduğu halda, gənclər gələcəyini müəyyən bir şəkildə təmin etmək üçün xarici ölkələrə üz tuturlar və yaxud hansısa başqa bir addımlar atırlar. Ya da çalışırlar yenidən ali məktəbə daxil olmaq üçün şans qazansınlar. Bəziləri işləyirlər və yaxud müəyyən bir şəkildə işlərini qurublar, ya da ki, yeni işə giriblər. İşlər indi müqavilə əsasında olur. Hərbi xidmətə getdikləri zaman çox vaxtı onlar həm işindən olurlar, həm öz biznesindən olurlar. Yəni belə hallar baş verir.

Bu gün müasir dövrün yanaşmaları, müasir tələbləri var. Biz də müəyyən bir şəkildə dəyişikliklər etməliyik. Bu səbəbdən də alternativ xidmət haqqında müzakirələr aparılır.

18 yaşdan orduya çağırış, özünü doğrultmur. Bu, sovet vaxtından qalan bir yanaşma idi. Ancaq Türkiyədə 21 yaşında hərbi xidmətə çağırırlar. Yəni 21 yaşa kimi artıq 17-18 yaş aralığında orta məktəbi qurtaran gənc bir neçə dəfə ali məktəbə daxil olmaq şansı əldə edir. Ya da hansısa başqa bir peşənin sahibi olduqdan sonra orduya gedib, orduda xidmətini bitirib o sahədə davam edə bilir.

Digər tərəfdən iş adamları da müəyyən bir məbləği ödəməklə və qısa müddətli nəzərdə tutulmuş kursları keçməklə, öz gələcək həyatını müəyyən bir şəkildə proqramlaşdıra və planlaşdıra bilir”-deyən ekspert bildirib ki, hərbi xidmətdən yayınma hallarının çoxu məhz bu hallarla bağlıdır.

Şair Ramaldanov, gənclərin sırf hərbi xidmətdən yayınmaq üçün bu atdığına inanmır. Ekspert hesab edir ki, bu addımın altında xidmətdən yayınma yoxdur. Sadəcə gələcək həyatda qarşıya qoyulan məqsədlərə və hədəflərə nail olmaq üçün bu addımı atmağa məcbur qalır.

“Çox düzgün qərardır ki, Sosial Müdafiə Nazirliyinə verilib. Yararlı-yararsız olması artıq agentlik tərəfindən müəyyən ediləcək. Bizim gənclərimiz yararlı olsalar da, sənədləri yararsız etməklə bu addımı atmağa məcbur olurdular”-deyə hərbi ekspert əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »