Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu cür halların baş verməsində bələdiyyələrin məsuliyyətsizliyi də rol oynayır"
"Bu cür halların baş verməsində bələdiyyələrin məsuliyyətsizliyi də rol oynayır"

Bələdiyyələr yaranan zaman ciddi qurum kimi nəzərədə tutulsa da, fəaliyyətdə olduğu 20 il ərzində gözdən düşdü. Bələdiyyə sədrlərinin yanlışları, tamahkarlıqları və digər üst qurumların laqeydliyi bu gün bələdiyyələri “yalançı çoban” durumuna salıb.

İnsanlar torpaq və ya ev alan zaman əvvəlcə onun sənədi ilə maraqlanırlar. “Bələdiyyə sənədi” adı çəkiləndə isə istər-istəməz narahatlığa səbəb olur. Çünki vətəndaş bilir ki, bələdiyyə sənədi ilə torpaq alsa, onu Əmlak Komitəsində sənədləşdirmək, özəlləşdirmək çətin olacaq. Və bələdiyyə sənədi ilə torpaq alan vətəndaşı ikinci bir sual da düşündürür: "görəsən, torpaq məndən öncə kiməsə satılmayıb ki? Torpağın başqa sahibi yoxdur ki?"

İqtisadçı Abbas Məmmədov Bizimyol.info saytına açıqlamasında bildirib ki, bəzən elə olur ki, vətəndaş bələdiyyə sənədi ilə torpaq sahəsi alır və orada ev tikir. Lakin sonradan məlum olur ki, torpağın əsl sahibi başqasıdır. Bir sıra hallarda bələdiyyələrin verdiyi sənədlər etibarsız çıxır. Nəticədə tərəflər arasında mübahisələr yaranır və iş məhkəmə çəkişmələrinə qədər gedib çıxır.

“Bu cür halların baş verməsində bələdiyyələrin məsuliyyətsizliyi və səlahiyyətlərindən sui-istifadə etməsi ilə yanaşı, bələdiyyə sənədi ilə torpaq alan şəxslərin hüquqi prosedurlardan anlayışsız olması da rol oynayır” - deyən ekspert bildirir ki, 2007-ci ilin dekabr ayında müvafiq qanuna edilən dəyişiklikdən sonra bələdiyyələr torpağı yalnız açıq hərraclar və müsabiqələr yolu ilə sata bilərlər. Bu zaman satılan torpağın bələdiyyənin mülkiyyətində olduğunu göstərən sənədin, yəni çıxarışın təqdim edilməsi zəruridir. Əks halda, bələdiyyənin verdiyi sənəd etibarsız hesab edilməlidir.

Ekspertin sözlərinə görə, bələdiyyə torpaqları ilə bağlı meydana çıxan əksər problemlər bu torpaqların bir neçə nəfərə satılaraq, yalnız birinə çıxarışın verilməsindən qaynaqlanr. Yəni əsas məsələ bələdiyyədən torpaq alarkən çıxarışın alınmasıdır. Bu sənəd olduqda, əmlakı alan şəxsin onu öz adına keçirməsi mahiyyət etibarı ilə çətin proses deyil: “Hansısa hüquqi və ya fiziki şəxsdən torpaq alarkən mütləq qaydada əmlakın sənədləri ilə tanış olmaq və çıxarışının olub-olmadığını yoxlamaq lazımdır. Daha sonra torpaq sahəsi alqı-satqı yolu ilə addan-ada keçməlidir. Bir sıra hallarda elə olur ki, torpaqlar etibarnamə ilə alınır və bunun hansısa hüquqi əsası yoxdur. Çünki etibarnamə verən şəxs onu istənilən vaxt ləğv edə bilər”.

A.Məmmədovun sözlərinə görə, bələdiyyə tərəfindən vətəndaşlara ayrılan torpaqlara dair dövlət reyestrindən çıxarışın alınması üçün isə yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə bələdiyyənin qərarı və alqı-satqı (aktla tərtib edilmiş) müqaviləsi gərəklidir. 2007-ci ilin dekabr ayından sonra isə hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi tələb olunur.

Vətəndaş qeyd olunan sənədlər və şəxsiyyət vəsiqələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq rayon üzrə ərazi idarəsinə yaxınlaşaraq bələdiyyə torpağına dair çıxarışını əldə edə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »